“QIRMIZI ÜRƏKLƏR” FONDUNUN 1 YAŞI QEYD EDİLDİ

HƏMYERLİMİZ ARSLAN İBRAHİMİ DƏ DİPLOMLA TƏLTİF OLUNDU

Çoxsaylı xeyirxah əməllər həyata keçirən, indiyədək minlərlə insana maddi və mənəvi dəstək göstərən, ölkənin bütün regionlarını əhatə edən “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bununla bağlı 16 dekabr 2021-ci il tarixində “Four Seasons” otelində tədbir keçirildi.

Tədbirdə PAŞA Holdinqin və Kapital Bank-ın rəhbər şəxsləri, millət vəkilləri, donorlar, xaricdə yaşayan həmvətənlərimiz, fondun üzvləri, əməkdaşları və könüllüləri iştirak edirdi. Tədbirdə çıxış edən “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva fondun fəaliyyət istiqamətləri, gördüyü işlər, hesabatlar və gələcək planlar barədə ətraflı məlumat verdi. Həmçinin fondun ən fəal üzvləri xüsusi sertifikatlarla təltif edildi.

İndiyədək fond tərəfindən uşaq evlərində və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, regionlarda kütləvi ağacəkmə tədbirləri, sahilyani ərazilərdə təmizlik işləri, heyvan sığınacaqlarında dəstək aksiyaları keçirilib. “Qırmızı Ürəklər” fəaliyyətə başladığı gündən 2500 nəfərdən artıq donor tərəfindən, 300-dən artıq könüllülərin iştirakı ilə 2 milyon 200 min AZN məbləğində vəsait 15 mindən artıq insana ianələr şəklində xərclənib.

44 günlük Vətən Müharibəsi zamanı və sonrakı dövrdə qazi ailələrinin uzun və qısamüddətli himayəyə alınması, şəxsin və ailə üzvlərinin təhsil xərclərinin qarşılanması, müalicəsi, birdəfəlik və çoxsaylı pul və ərzaq yardımlarının paylanması, məişət və tibbi xərclərinin qarşılanması, ev şəraitinin yaxşılaşdırılması və yeni evlərin tikilməsi işləri də həyata keçirilib. Bundan başqa birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirilib. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilir.

Keçirilən tədbirlərdə Amerikanın Şimali Kaliforniya Ştatının San-Fransisko şəhərində yaşayan və işləyən, Berqley universitetinin hüquq fakultəsinin məzunu  Arslan Firudin oğlu İbrahim də fəaliyyəti ilə yadda qalıb. Bu gün ona və digər qaliblrə mükafatlar təqdim olunub.

Qeyd edək ki, həmyerlimiz hamımızın yaxından tanıdığı, həyat yoluna yaxından bələd olduğu görkəmli inqilabçı Ənuşirəvan İbrahiminin nəvəsi,  Firudin İbrahiminin isə qardaşı nəvəsidir.

Həmyerlimizlə bərabər onun İranlı Mühacirlər Cəmiyyətinin sədri işləyən atası Firudin İbrahimiyə də təbriklərimizi çatdırırıq.

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.