Dünən səhər Bakıdan yazdılar. Dəyərli dostumuz, şərqşünas alim Əkrəm Bije-Rəhimlini itirdik.
Seyid Cəfər Pişəvəri haqqındakı qiymətli monoqrafiyasının təzə nəşrini hazırlamışdı. Bir neçə ay əvvəl gətirmişdi ki, baxım, önsöz yazım. Yazdım, ancaq təəssüf ki, həmin önsözü Əkrəm müəllim artıq yataqda ikən oxudu. Ailə üzvlərinin söyləməsincə çox məmnun idi. Heyiflər ki, bu son kitabını görmək Əkrəm müəllimə nəsib olmadı.
Ürəklərimizdə və yaddaşımızdakı yeri nə qədər varıq, bizimlədir!
Ruhu şad olsun!
Və bu da ona son yadigarım – həmin önsöz.
PİŞƏVƏRİNİN VƏ PİŞƏVƏRİLİYİN ÖMRÜNƏ ÖMÜR ARTIRMAQ NƏCİBLİYİ
Elm və alim üçün məkan da, zaman da həmişə sadə insanlara aid hüdudlarından xeyli kənara çıxır.
Kağız-qələmi, ya indiki dillə ifadə edilərsə, bilgisayarı ilə baş-başa qalan insan araşdırdığı mövzunun qanadında yaşadığı məkandan da, axarında olduğu vaxtdan da aralanıb çox uzaqlara gedə bilir və belə etmirsə, qeyri-ixtiyari belə olmursa, demək, o heç gerçək alim də deyil.
Yazdığınla, araşdırdığınla yaşamırsansa, sənin yeni qənaətlər, diqqətəlayiq yanaşmalar ortaya çıxaracağın da xam xəyaldır.
Alimlik ilk növbədə xəbər gətirməkdir, başqalarının bilmədiyini açmaq, ya digərlərinə qaranlıq olana işıq tutmaqdır.
Ehtiyac duyulanda lap əsrlər öncəyə də qanadlana bilmək və orada qərib, nabələd kimi görünməmək keyfiyyətinə malik deyilsənsə, təbii ki, sənin qələm, düşüncə uğuruna ümid bəsləmək imkanın da heçə dönür.
Lakin elə araşdırma mövzuları da var ki, müasirlər üçün əlçatmaz, vaxtın dünənindən qalmış bir ada kimi təsir bağışlasa da, əslində bu işi görənin ömrünün bir parçası olur. O mövzunun dərinlərinə baş vurmaq həmin tədqiqatçıdan ötrü yalnız araşdırıcılıq deyil, həm də öz həyatının keçmişlərinə dalmaqdır, yalnız dünəndə qalanları başqalarına daha yaxın etmək cəhdi deyil, həm də öz tərcümeyi-halının, öz nəslinin, əslinin-kökünün taleyini bir az da dəqiq, aydın görməyə canatmadır.
Həm “Bije”, həm “Rəhimli” olan Əkrəm müəllim elə bu ikili soyadı ilə həm də öz qismətini, taleyin ona nəsib etdiyi zəmanəni nişan verir. O həm Cənubludur, həm Şimallı. Əkrəm müəllimin taleyində həm o, həm bu tərəfin XX yüzil boyu keçmiş çox hadisələrin əks-sədası var. Əkrəm müəllim ömrünün çoxunu bu tayda yaşayıb. Lakin zahirən belədir. O tay əslində bütün ömrü boyu Əkrəm Rəhimlinin içərisində, duyğularında, fikirlərində yaşayıb. Və ən mühümü budur ki, həm də qələmində yaşayıb və yaşayır.
XX yüzilin son onilliklərində, lap elə XXI əsrin əvvəllərində də əslən Cənubdan olan, “siyasi pənahəndələr” nəslinə mənsub sıra-sıra insanlar həyatda idi, yaşayırdı, fəaliyyət göstərirdi və onlar varlıqları ilə etibarlı körpülər idilər. Cənubdakı Milli Hökumətimiz, Güneydəki “əfsanəvi” deyilə biləcək fədakar milli-azadlıq mübarizələrinin qəhrəmanları haqqında bilgilər almaq istəyəndə arxivlərdən, sənədlərdən daha öncə üz tuta biləcəyimiz daha mötəbər arxivlər, daha inanımlı sənədlər sayılası sıra-sıra qiymətli insanlar vardı. Həmin odların-alovların qoynundan keçib gəlmiş canlı şahidlər. Vaxt onların əksərini alıb apardı. Tək-tək yaşayanlar varsa da, onların da çoxunun daha yaddaş sözünə baxmır, səhhət böhranlarından əziyyət çəkirlər.
Əkrəm müəllim səksənini arxada qoyaraq doxsanına sağlam və açıq düşüncə, iti yaddaş, işlək qələm və cavanlıq şövqü, yeni yaradıcılıq niyyətləri ilə irəliləyirsə, bunu Tanrının lütfü kimi qəbul eləməliyik.
İnsan münasibətlərində də, elmdə də belə körpü adamların yeri həmişə əvəzsizdir.
Seyid Cəfər Pişəvəri adı və yolu rəmz olan şəxsiyyətlərdəndir.
Onun haqqında az yazılmayıb, hələ bundan sonra da çox yazılacaq.
Əslən Cənubdan olanlar, onun silahdaşları da yazıb, heç ömründə Təbrizi görməmiş, Seyid Cəfər Pişəvərinin vəfatından sonra dünyaya gələnlər də. Təqribən o yazıların – məqalələrin, kitabların, dissertasiyaların hamısı ilə tanışam, Pişəvərinin öz əsərlərini də oxumuşam. Amma o əsərlərin heç biri dönə-dönə nəşr edilməyib. Uzaqbaşı hansılarısa təkrarən ikinci dəfə işıq üzü görüb. Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəri haqqında əsəri isə artıq 5-ci dəfə nəşr edilir. Əlbəttə, indi nəşriyyatçılığın elə geniş imkanlar qazandığı bir dövrdür ki, keçmişlərdəki kimi qat-qat nəzarətlərdən, planasalmalardan sıxıntı duymadan eyni kitabı lap bir ildə beş dəfə də buraxa bilərsən. Amma həmin kitaba gərək ehtiyac da ola axı. Gərək o kitabı oxumaq istəyənlər də az olmaya. Əkrəm müəllimin bu xoşbəxt əsəri isə ilk nəşrindən etibarən rəğbət qazanıb, qısa bir zamanda nüsxələr tükənib, yeni nəşrə lüzum duyulub və müəllif köhnəni elə olduğu kimi təzədən buraxmaq fikrindən vaz keçib, əsərə təzədən əl gəzdirib, əlavələr, artırmalar edib, dəqiqləşdirmələr aparıb. Üçüncü nəşrdə də belə, dördüncüdə də o cür, elə indiki beşinci nəşrdə də həmin sayaq. Əminəm ki, heç bu nəşrlə tamamlanmayacaq, tərcümələr də olacaq, olsun ki, müəyyən müddətdən sonra bundan da kamil daha başqa nəşr də.
Təbii ki, bütün bunlar bir tərəfdən Seyid Cəfər Pişəvərinin cazibəli şəxsiyyəti və aparıcı siması olduğu hərəkata tükənməyən maraqdan qaynaqlanır. Lakin irəlidə də qeyd etdiyim kimi, oxşar mövzuda əsərlər bollucadır və maraq məhz bu əsərə bunca böyükdürsə, deməli, səbəbi müəllifdə, onun qələmində, onun həqiqətləri çatdırma özünəməxsusluğunda aramalıyıq.
Seyid Cəfər Pişəvəri nə qədər yaşayıb? Zahirən bu suala cavab verməkdən asan iş yoxdur. Bax kağızlara, sənədlərə, müxtəlif şəhadətnamələrə, dəqiq rəqəmi bil.
Onda qalmış da Seyid Cəfər Pişəvəri kimi məşhur adam ola. Amma keçirdiyin hər gün, hər ay, hər il məgər yaşayışdırmı? İllah da Seyid Cəfər Pişəvəri kimi nahamvar taleli, məşəqqətli, acılı həyat sürmüş bir insanın ömrü ola!
1930-cu ilin 27 dekabrında Rza şahın xəfiyyələri onu həbs edərək İranın ən qorxunc və əzabsaçan zindanlarından olan “Qəsr-i Qacar”a atdılar. Seyid Cəfər ömrünün 10 ilini bu zillətxanada keçirəsi oldu. Hesabla guya bu 10 il də yaşamaqdan sayılır. Lakin necə idi “Qəsr-i Qacar”dakı həyat? (“Həyat” kəlməsini belə bir məkana aid etdiyimə görə sözdən üzr diləyirəm). Oranın necəliyini Pişəvəri zindan xatirələrində qələmə alıb. Belə nəql edir: “Ən ağır və ən geniş tətbiq edilən işgəncə növü qaranlıq kamerada tək saxlanılmaqdan ibarət idi.
Birnəfərlik qaranlıq otaq istər qış fəslinin soyuq günlərində, istərsə də yay fəslində xəfələyici və üfunətli idi. Xüsusilə yayda bu otaqlar müxtəlif həşərat ilə dolu olurdu. Bundan əlavə, palaz, yorğan-döşək və hətta paltardan da istifadə olunmasına yol verilmirdi. Burada saxlanılan məhbuslara adi xörəklər də vermirdilər. Bəzi məhbusları bu qaranlıq otaqda bir gün, iki gün deyil, aylar və bəlkə illərlə də saxlayırdılar. İnsan bir canlıdır. O, ağac, daş və ya kərpic deyil. O, danışmaq, zarafat etmək, dərdləşmək, kitab oxumaq, çay içmək, papiros çəkmək istəyir. O öz yoldaşları və tanışları ilə məaşirətdən ləzzət almaq, faydalı bir şəxs kimi cəmiyyətin tərəqqisi yolunda çalışmaq istəyir. O işləyib balaları üçün həyat şəraiti fərahəm etmək istəyir. Bütün bu adətləri birdən-birə yaddan çıxarmaq heç də asan deyil. Yekrəng, məqsədsiz və yorucu həyata heç də aylar və illərlə dözmək olmaz. İnsanın bədəni polad olsa da, bu təzyiq qarşısında dağılır. O öz qüdrət və iradəsini itirir. Bir neçə dəqiqəlik azad buraxılmaq, nəfəs almaq üçün imkan əldə etmək xatirinə ən ağır günahları belə boynuna götürməyə, hətta ölümə, edama belə razılıq verir. Dost və tanışlarımın bir çoxu altı, yeddi və səkkiz aylarla bu cür çətin şəraitdə yaşayıblar. Onlardan bir neçəsi ağır ürək naxoşluğu, revmatizm və sair xəstəliklərə tutulmuşdular. Mən özüm cürbəcür xəstəliklərdən başqa gözlərimin nurunun yarıdan çoxunu da itirmişəm. Bir qayda olaraq məhbusların xörək qabları yuyulmur. Bəzən yuyulduqda vəziyyət daha da pisləşir. Belə ki, min ədəd kasanı böyük bir qab içində natəmiz su ilə yuyub hamısını kəsif, köhnə bir parça ilə silirlər. Bundan əlavə, cürbəcür adamların yatdığı köhnə yorğan-döşək bir məhbus getdikdən sonra digərinə verilir. Bunları dezinfeksiya etmirlər.
Qeyd etdiyim kimi, uzun müddət tək, qaranlıq otaqda qalmaq çox ağır və təhlükəlidir. Müttəhim, nəhayət, canından doyur, istənilən günahı boynuna alır, öz dedikləri üçün dəlil və sübut da gətirir. Yuxusuz saxlamaq və ya polisin dili ilə desək, yuxunu almaq da ayrı bir işgəncə növüdür. Dostlarımdan biri deyirdi ki, ətrafımda dörd nəfər adam qoymuşdular. Gözlərimi yummaq istədikdə onlar çənəmin altına yumruq ilə vurub məni ayıldırdılar. Başım şişmişdi, əsəblərim titrəyirdi, ürəyim döyünürdü. Xüsusilə üçüncü gecə büsbütün dəli olmuşdum. Haray çəkmək istəyirdim. Hətta hazır olmuşdum ki, bir neçə dəqiqə yatmağıma icazə verilsin, sonra aparıb məni güllələsinlər, odun içinə atsınlar”.
Seyid Cəfər Pişəvəri hələ yüzdəbirini təsvir etdiyi bu müsibətlərə sərasər 10 il tab gətirdi, əyilmədi, dönmədi, sınmadı.
Qəhrəman deyilmi?!
1940-cı ilin 22 aprelində, nəhayət ki, həbsdən azad edilir. Və dərhal sürgün edilir Kaşana. İl yarım da orada can çürüdür. Bütün bu sarsıntı və məşəqqətlərdən əvvəlki ömrünün 10-12 ilini də inqilabçılıqda, gizli siyasi fəaliyyətdə keçirmişdi.
O həyat da nə həyatdır, hər halda Karl Marksdan yaxşı bilən olmaz. Cavan silahdaşı, məsləkdaşı Pol Lafarq Marksın yanına gəlib qızını istəyəndə etiraz etmişdi: “Axı sən inqilabçısan!”
Pol Lafarq təəccüblənmişdi ki, axı siz özünüz də bu yolun yolçusu, bu əqidənin sahibisiniz”.
Marks kədərlə cavab vermişdi: “Elə ona görə də istəmirəm! Mənim öz həyat yoldaşımı tutduğum bu yolla, bu təhər yaşayışla bədbəxt etməyim yetər. İstəmirəm qızım da eyni taleyi yaşasın”.
…Məgər Pişəvərinin həyatı həmin həbs və sürgündən sonramı yaxşı oldu?
Yenə həyəcanlı, qayğılarla, mübarizələrlə, sıxıntılarla dolu günlər. Sonda da sovet təhlükəsizlik orqanlarının törətdiyi sui-qəsd. Daddığı bütün ağrı-acıları, əzabları, möhnətləri tərəzinin bir gözünə qoyun, sənədlərindəki 55 illik ömür yaşaması haqda bilgini də tərəzinin o biri gözünə. Bu 55 ildən nə qalacaq ortada?
Ancaq gün var min aya dəyər! Gün nədir, an var ki, 55 ildən 50 dəfə uzun ömürdən də şirindir! 1945-ci ilin 12 dekabrında Təbrizdə Cənubi Azərbaycanın istiqlalını elan edəndə, Milli Hökumət qurulanda Pişəvəri xoşbəxtlərin xoşbəxti idi!
Kürsüdən əqidə yoldaşlarına, millətinə üz tutduğu anlar onunçün feyzlər qoynunda yaşanmış neçə-neçə firavan, məsud ömrə bərabər idi.
“Sizin analarınızın südü o vaxt sizə halal ola bilər ki, siz onların namusunu hifz edəsiniz.
Yaşasın Azərbaycanın rəşid, məmləkətinə, xalqına və öz doğma ata və analarına sadiq qalan əsgər və zabitləri!”
Cəsur vətən balalarına müraciətlə belə deyəndə, qarşı tərəfdən sonsuz coşqu duyanda Pişəvəri bir an içində min ömrün bəxtiyarlığını yaşayırdı!
Fəqət bu müstəqillik vur-tut 1 il çəkəcək, istiqlal əlimizdən alınacaq, ardıcıllarının yüzləri, minləri dar ağaclarından asılacaq, Pişəvərinin özünün də yaxşı bələd olduğu dəhşətli zindanlara tolazlanacaq, məşəqqətli sürgünlərə göndəriləcək.
Bütün bunları görmək, bilmək, yaşamaq da ömrün yüküdür axı, bu qəmlər də Pişəvərinin iliyinə qədər işləmişdi axı!
Nə qədər yaşayıb o?
İnsanın gerçək ömrü onun fikirlərinin, istəklərinin, yolunun, izinin, irsinin yaşadığı qədərdir.
Əkrəm Rəhimlinin bu əsəri həm də onun təsdiqidir ki, Seyid Cəfər Pişəvəri yenə yaşayır, yenə sıralarımızdadır və onun cazibəsi var olduqca da bu ömür davam edəcək.
Bu əhvalat Parisdə baş verib. 2002-ci il idi, Avropa Şurasının Fransa paytaxtında keçirilən komitə iclasında iştirak etməkçün növbəti dəfə bu şəhərlər gözəlinə qonaq idim. Axşam saatlarında şəhərin mərkəzindəki qəhvəxanalardan birində Fransadakı səfirliyimizdə çalışan dostlar və əslən Cənubi Azərbaycandan olan tanışlarımızla şam edirdik. Çoxdan Parisdə yaşayan o cənubluların arasında bir vəkil soydaşımız da vardı. Söhbət yaddaşın qüvvətliliyindən-zəifliyindən düşdü.
Həmin ilk dəfə görüşdüyüm, yaşı təxminən 60-dan bir az artıq kimi görünən vəkil soydaşımız hafizəsinin möhkəmliyinə əyani sübut olaraq ana dilində bir şeir dedi.
Uşaqlar üçün yazıldığı dərhal hiss edilən sadə, amma son dərəcə qəlbəyatan bir şeir idi. O qədər xoşuma gəldi ki, hətta xahiş elədim bir də söyləsin, dəftərçəmdə yazım. Qayıtdı ki, bu şeiri 56 il əvvəl Pişəvəri zamanında məktəbdə əzbərləmişdim, dərsliyimizdə vardı, o vaxtdan bəri yadımdadır.
Elə bu şeir söhbətimizin səmtini dəyişərək ana dilinin ölkənin və millətin həyatındakı yeri və əhəmiyyəti barədə fikir bölüşməyimizçün ipucuna çevrildi.
Həmin vəkil qayıtdı ki, fars dili çox zəngin bir dildir, mənə elə ana dili kimidir, İranda yaşayan xalqların hamısı üçün də mənim kimi. Ona görə də yaxşı ki İranda təhsil bütünlüklə fars dilindədir, pərakəndəlik yaranmır, hamı farsca oxuduğundan bu dili incəliklərinə qədər bilir. Azərbaycan türkcəsini onsuz da öz aramızda danışırıq, orta məktəbi də öz dilimizdə oxusaydıq, farscanı bəlkə də belə mükəmməl bilməzdik.
Fikirlər haçalandı, mübahisə yarandı. Dedim ki, bayaqdan yaddaşınızın güclü olmasından danışırdınız, öyünürdünüz ki, 56 il əvvəl məktəbdə öyrəndiyiniz ana dilində olan şeir, onillərlə təkrarlamasanız da, beyninizdədir. Amma sizdə ana dilində təhsil, Azərbaycan türkcəsində dərsliklər yalnız bircə il olub, sonra Milli Hökumət devrilib, bu böyük işlər yarımçıq qalıb. İndi təsəvvür edin ki, siz ana dilində 1 il deyil, azı 10 il təhsil almış olaydınız, onda bu möhkəm yaddaşınızda ana dilində bir deyil, bəlkə də yüzlərlə şeir yaşayacaqdı. O şeirlər sizi indiki tərzdə deyil, tamam ayrı bir şəkildə düşünməyə kökləyəcəkdi. İmkan verməyəcəkdi ki, indi bizə ana dilinin təhsildə o qədər də gərəkli olmamasını sübut etməyə çalışasınız…
Çox illər əvvəl baş vermis bu hadisəni Əkrəm Rəhimlinin böyük Seyid Cəfər Pişəvəriyə həsr etdiyi bu köhnəlməz əsərini növbəti dəfə mütaliə edərkən ona görə yada saldım ki, o söhbətin Pişəvəriyə yalnız zahirən deyil, fəlsəfəsi ilə çox aidiyyəti var.
O müstəsna şəxsiyyəti düşünərkən biz hər dəfə sadəcə “Pişəvəri” barəsində deyil, PİŞƏVƏRİLİK haqqında danışmalı, düşünməli, yazmalı oluruq.
Doğma mətləblər haqqında çox danışanda, çox düşünəndə, şox yazanda bütün bunlar elə hərəkətə çevrilir.
Əkrəm Rəhimlinin “Seyid Cəfər Pişəvəri və Cənubi Azərbaycan” əsəri və bu kitabın sonuna əlavə etdiyi səslər – onun qələminin yazdıqlarına dayaq duran, hay verən Pişəvəri sevgili sədalar Pişəvərilik ocağının işığını, alovunu artıran, ümdə millət və istiqlal düsturlarının sabahlarda da yaşayıb bəhrələr verməsinə yönəldən qığılcımlardır.
Seyid Cəfər Pişəvərinin və yaşayan Pişəvərilik yolunun ömrünə ömür artıra bilən hər əməl sadəcə yazıçılıq, araşdırıcılıq, alimlik yox, həm də millət naminə yerinə yetirilən zəruri iş, ehtirama layiq nəciblikdir.
Bir zamanlar zindan divarları arasında sıxılan, düşündüklərini yazıya almaq üçün mürəkkəbsiz qalan Seyid Cəfər Pişəvəri arada havaya çıxarılarkən dustaqxananın həyətində bitən bənövşələri dərər, sıxıb suyunu çıxarar, qələmini o suya batırıb yazarmış.
Pişəvərinin həmin yazıları və düşüncələri vaxtdan güclü çıxıb, bu günə də çatıb, sabahlara da yetişəcək.
Çünki o rəngləri solmağa qoymayan Əkrəm Rəhimlilər həmişə olub!..
Rafael Hüseynov,
akademik
Şərhlər bağlıdır.