“İranın başı üzərinə toplanmış qara buludların buraxdığı “yağışlar” rəsmi Tehranı idarəolunması çətin olan vəziyyətlə üz-üzə qoyur”.
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Azerbaycan-ruznamesi.org həmin qeydləri təqdim edir.
Analitik bildirib ki, sanksiyalar, nüvə danışıqlarına görə İrana edilən basqılar, bu təzyiqlərdə Rusiya və Çinin də iştirakı İran üçün axirət imtahanı kimi bir hala gəlir:
“İsrailin SEPAH polkovniki Sayad Xodaini Tehranın mərkəzində öldürməsindən sonra İran kəşfiyyatı öz daxilindən məlumatların sızması ehtimalları üzərindən araşdırma apararaq casusları tapmaq istəyir. Amma İsrail xarici kəşfiyyat xidməti tabloda elə cizgilər çəkib ki, həmin şifrələri qırmaq İran üçün çətinləşir. İranda kəşfiyyat içərisindən kiminsə ələ alınması İsrail üçün müşkül məsələ deyil. Hərçənd ki, bunu edən “çekist” İslam Respublikasının kəsəcəyi cəzaların dəhşətini də göz önünə gətirir. Həqiqətən də, İsrail İranda bu qədər genişmiqyaslı əməliyyatlar keçirirsə, burada onun SEPAH daxilindəki adamları da rol oynayır.
SEPAH gücünü və resurslarını səfərbər edərək həmin casusları tapmaq missiyası ilə yüklənib və atdığı hər addımda əks-reaksiyalarla üzləşir. İrana qarşı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri rəsmi Tehranı haker hücumları ilə də sınağa çəkir, belə hücumlardan biri iyunun 2-də baş tutub”.
Ekspertə görə, ötən gün Tehranda bir sıra əhəmiyyətli dövlət obyektləri və mərkəzlərinə edilən haker hücumu nəticəsində minlərlə müşahidə kamerası sıradan çıxarılıb:
“Ümumilikdə 5 min nəzarət kamerasının “kor edilib”. Bu isə onu göstərir ki, İranın rəqibləri həmin zaman ölkə ərazisində əməliyyatlar keçirirmiş. Bu qədər müşahidə kamerasının eyni anda “vurulması”nda məqsəd yəqin ki, kəşfiyyat şəbəkələrinin özünə alibi qazanması və ya iz itirməsi üçündür. İnformasiyaların yayılması tarixi bəzi hadisələrin heç də həmin vaxtda baş verdiyi anlamını daşımır, elə mayın 30-da baş verən bir ölüm hadisəsi də. Sayad Xodainin qətlindən sonra SEPAH-ın Qüds Qüvvələrinin 840-cı bölməsinin daha bir komandiri, polkovnik Əli İsmayılzadə mayın 30-da Kərəc şəhərində müəmmalı şəkildə ölüb. 840-cı bölmə haqqında məlumat budur ki, o, SEPAH daxilində çox gizli bir qrupdur və üzvlərinin heç birinin fotosu yoxdur. Hərçənd ki, həmin bölmə bu yaxınlarda İsrailin kəşfiyyat fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyətə açıqlanmışdı, yəni üzvlərin hamısının olmasa da, bəlli bir qisminin tərcümeyi-halı və fotoları İsraildə mövcuddur. Xodainin də, İsmayılzadənin də ölümündən dərhal sonra onların fotosunun mətbuat səhifələrində görünməsi də belə deməyə əsas verir. İranda cərəyan edən hadisələrin axarı İranı yaxın günlərdə, aylarda, illərdə daha da təhlükəli təhdidlərə doğru itələyəcək”.
Şərhlər bağlıdır.