GENERAL ƏBÜLFƏZLİN AMERİKAYA SƏRT SÖZLƏRİ: SAVAŞ OLACAQMI?

İranla ABŞ arasında yenidən bir-birinə qarşı söz atışması qızışıb. ABŞ Prezidenti Co Baydenin İrana qarşı güc tətbiq etmə variantını gündəmə gətirməsi fonunda bu ölkənin Silahlı Qüvvələrinin baş sözçüsü, briqada generalı Əbülfəzl Şikarçı Amerikanın dövlət başçısını sərt sözlərlə hədələyib: “Uğursuz Amerika prezidenti və saxta İsrail rejiminin aciz baş nazirinin gücə əl atmaqla bağlı ifadələri… Biz bunu onların əvvəlki psixoloji müharibəsi, aldanması və Baydenin həmişəki yuxululuğu ilə əlaqələndiririk. Bunları yada salın… Onlar İrana qarşı “güc tətbiq etmək” sözünü işlətməyə görə əvəz ödəyəcəklər”.

İran rəsmisi bu fonda Amerikanı ağıllı olmağa səsləyib: “Biz onlara xəbərdarlıq edirik ki, keçmiş hadisələri bir də nəzərdən keçirsinlər. Amerikanın Tehrandakı səfirliyinin ələ keçirilməsi, Amerika əsgərlərinin Təbəs səhrasında dəfn edilməsi, Amerika işğalçılarının Əfqanıstandan böyük qaçışı, Ayn əl-Əsəddəki Amerika bazasının dağıdılması, Fars körfəzində ən qabaqcıl Amerika casus təyyarəsinin ovlanması və bütün bunlara görə amerikalılar əvvəlkindən daha çox ağıllı olmalıdırlar”.

İranın bu hədəsinin arxasında nələr dayanır və ümumiyyətlə nə dərəcədə realdır?

Məsələni Qaynarinfo-ya şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, İran tərəfinin bu hədəsinin arxasında heç nə dayanmır:

“İran ABŞ-a nə edəcək ki? ABŞ Prezidenti İsrailə səfəri zamanı bu ölkənin televiziya kanalına müsahibəsində deyib ki, İran nüvə silahı əldə etsə, ona qarşı güc tətbiqindən çəkinməyəcəklər. İran tərəfinin ona cavabından belə çıxır ki, cənub ölkəsi nüvə silahı əldə edəcək və sonra Amerikaya cavabmı verəcək? Çox gülünc və məntiqsiz açıqlamadır. Briqada generalının həmin açıqlaması o deməkdir ki, həm İran Prezidenti, həm də bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli çinliləri nüvə silahı məsələsini müdafiə edirlər”.

Həmsöhbətimiz bildirir ki, belə fikirləri gündəmə gətirməklə İran tərəfi əslində özünün haqsız olduğunu ortaya qoyur:

“İran nüvə proqramının hərbi mahiyyət daşımadığını deyir, dinc və elmi xaraklterli proqram adlandırır. Baydenin ehtimal etdiyi hücum məsələsinə qarşı İran rəsmisinin bu şəkildə hədələyici cavabı əslində Tehranın haqsız olduğunu sübut edir. Haqsız olduğundan təmkinini də itirib”.

S.Soltanın fikrincə, Şikarçının bu təhdidi əslində ölkə daxili ictimai rəyə hesablanmış manevrdir:

“Bununla ABŞ-ın hədəsindən qorxmadıqları, çəkinmədikləri, əksinə daha sərt cavab verməyə hazır olduqlarını göstərmək istəyirlər. Ehtimal üzərində qurulan məsələyə bu şəkildə münasibət bildirmək yanlışdır”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.