Yunus Oğuz yazır- Ezop dili Felyeton

Ezop dili çox dərindir, altında qatlar, dərin mənalar var, ya da heyvanların,
quşların dililə fikrini çatdırırsan, atmacalar da öz yerində. Belə baxanda
bizim atalar sözləri Ezop dilindən çox qədimdir, amma yiyəmiz olmadığı
üçün Ezop qabağa düşüb. Vallah, bizdə elə sözlər var ki, Ezopu arxada
qoyub, ondan daha böyük mənalarla öndə gedər. Məsələn, biri o birinə
deyir ki, eşşək boyunu yerə soxum. Lakonik, sərrast, həm də çox mənalı.
Yəni qanmazsan, gönün qalındı, nə desəm də, heç nə başa
düşməyəcəksən, öz bildiyini eləyəcəksən. Yaxud, biri o birinə deyir: “Ə,
mən sənin tayınam? Get anqır, tayını tap.” Hə, bax belə. Adam
qarşısındakı insanı eşşək elədi, bir. İkincisi, cəmiyyəti böldü təbəqələrə,
varlı və kasıblara. Üçüncüsü, cəmiyyət bölündü danışan heyvanlara və
insanlara. Sən demə, pulun varsa, düz eşşəklikdən insanlığa qalxa bilərsən
və cəmiyyət də bunu qəbul edəcək, hətta balta atsan belə. Balta da Ezop
dilidir. Bə, nə bilmişdiniz? Balta o adama atılmadı, cəmiyyətə atıldı.
Cəmiyyət də baltanın sapını çıxardandan sonra, onu atan gördü ki, daha
bu balta olmadı, qayıtdı əvvəlki yerinə. Yaxud, daha bir atalar sözü: “İki
eşşəyin arpasını bölə bilmir”. Görün nə qədər mənalı, dərin qatlı, hikmətli
bir sözdür. Adam nə qədər savadsız ola ki, iki eşşəyin arpasını bölə
bilməyə. Niyə? Deməli, təhsilimiz düz deyil, şagirdlərə vurmanı, bölməni,
çıxmanı, üstəgəli öyrətmir. Bəs onda müəllimlər nəyi öyrədib maaş
kağızına qol çəkirlər? İki eşşəyin arpası gəlib çıxdı cəmiyyətimizin
problemlərinin üstünə. Burdan o yana məntiqi düzüb qoşmaq bir addımlıq
işdir. Nə isə… Ezop dilli atalar sözlərimiz çoxdur, nə qədər istəsən, kitablar
yazmaq olar. Birini də deyim keçək o biri məsələlərə. El arasında bir söz
var, sözü yerində deməyəndə, peşimançılıq çəkəndə deyir: “Gətir bağla
dilimə”. Bunun kökü Molla Nəsrəddindən gəlir. Bir gün Molla darvazasının
qabağında durub, gəlib-gedənə salam verir. Görür ki, bir atlı keçir. Dərhal
ona salam verir və deyir ki, gəl, qonağım ol. Atlı da etmə tənbəllik atdan
düşür. Baxır ki, atın yüyənini bağlamağa yer yoxdur. Soruşur ki, ay qardaş,
bəs atı hara bağlayım? Nəsrəddin baxır ki, atlı zarafat eləyənə oxşamır.
Dediyinə peşiman olur, amma cavabını da verməlidir ki, çıxıb getsin. Deyir:
“Gətir bağla dilimə”. Ezop dili belə olar, e!..
Ezop dili dövrümüzdə çox sahələrə sirayət edib, məsələn, siyasi Ezop dili,
iqtisadi, jurnalistika, ekologiya, sosial və sairə, və sairə, hətta təhdid Ezop
dili var.
Bu TV-lərdə, radiolarda bir də eşidirsən ki, indi də “keçid alırıq” deyir. Bah,
yox əşşi, metro alırıq. Ay kişi, sən keçid alansan, nə demək istəyirsən?
Hayqırıb demək istəyirsən ki, mənə də bir obyektdən, zaddan verin, başımı
girələyim. Yoxsa, keçid alırıq nədir? Keçi alırıq desəydin, ondan yaxşıdır.
Demək olmaz ki, keçirik başqa bir mövzuya. Olmaz, çünki Ezop dililə
ismarıcını göndərir. Hələ, o biri jurnalistə bax, deyir ki, “bu arada” bir kitab
oxudum. Adam aranı düz yüz səksən gün uzadır. Belə ara olur? Özünün
Ezop dilindən istifadə edib cəmiyyətə çatdırmaq istəyir ki, guya mütaliə
etməyi sevirəm, ziyalıyam, mənimlə yaxşı rəftar edin. Zamanında deyir ki,
kitabı nə vaxt oxuyub. Ay canım, gözüm, “bu arada” sözü paralel olaraq
proses gedir. Sən isə bunu altı ay saqqız kimi uzadırsan. Di, keç.
Yadıma Parisdə güllə atan Yusif Dikeş düşdü. İsmarıcı belə verərlər, e..,
hətta İlon Mask İstanbula gəlib onunla görüşmək istəyir.
Hələ sairlərimizə baxın. Biri şeirin adını belə qoyub: “Gedirəm”. Ə, hara
gedirsən, niyə gedirsən? Ezop dilində kimə ismarıc göndərirsən, Allaha,
yoxsa cəmiyyətə? Bu dildə danışan ən çox şairlərdir. O gün birisi, sosial
şəbəkədə guya şeir deyir: “Sənə verərəm, sənə verərəm. Əcəb
eyləyərəm”. Di gəl baş çıxart, nə demək istəyir? Özün korlanmısan
cəhənnəm, bəs bu cavanları niyə yoldan çıxardırsan? Sən bu yaşda
verəndə, bəs bunlar niyə verməsin? Bir sözlə alt qatda belə məna
formalaşır ki, hamı elə ondandır… Hələ bəzi müğənnilər elə geyinirlər ki,
heç ora Ezopun dili gərək deyil. Adama uzaqdan deyir ki, gəl… gəl…
Həcidən-zaddan da olmadıq.
Başqa birisi də Anardan nəsə qopartmaq istəyirsə, əvvəl tənqid edir, sonra
işi düzələrsə, tərifləyir.
Milli mətbuat günü münasibətilə redaksiyamıza bir nazirlik təbrik hədiyyəsi
göndərib. İçində nə olsa yaxşıdır; açar breloku, qələm, bloknot, uşaq
termosu. Nə demək istəyirdilər, sonra başa düşdüm. Heç “Bir qalanın
sirri”ndəki Eldostu həkim belə qəliz danışmamışdı. Yadınızda olar, filmdə
qutunun içində sim, nar və qanlı daş vardı. El ağsaqqalları belə nəticəyə
gəldilər ki, bəs, Simnar xan onu Qanlı Qalaya aparıb. Mən də bu
hədiyyənin sirrini açdım. Qələm-müxbir, bloknot-kağız, yəni get yazını yaz,
sən hələ uşaqsan-uşaq termosu – arada da qəhvəni, cayını iç. Qaldı
breloka, hə, bu da o deməkdir ki, yazını yaz, amma, çaşma, açarları

da  itirmə. Bu zibilliyində Ezop  dili var .Şəhəri  vaxtlı-vaxtında
zibilyığanlar təmizləyirlər. Təkcə gözəgörünən zibili yığmırlar. Şəhərdə
xüsusi adamlar var ki, gözəgörünməz zibildən təmizləyirlər. Biri vəzifəyə
gəlir, o birinin zibilini örtür, bəs üstünü açma, üfunət aləmi basar. O de
Mətbuat prospektində zibilin üstü açılııb. Sən demə bu prospektdə
kanalizasiya lyuku varmış. Hacıbala müəllimin vaxtında bu lyukların üstünü
örtüblər. Yağış da yağanda prospekt gölə çevrilirdi. İndi COP-29-la bağlı
gedən təmirdə asfaltın üst təbəqəsini götürəndə, bu lyuklar göbələk kimi
üzə çıxıblar. Adamdan soruşarlar ki, bu lyukların üstünü niyə
bağlamışdınız? O qədər alt qatlı mənalar var ki, fikirləşəndə adamın əti
ürpəşir.
Qəzet almağa gedəndə görürəm ki, “Ləziz”in qarşısını hər gün 300-400 litr
su işlətməklə meydançanı yuyurlar. Elə fikirləşməyin ki, bunu texniki su ilə
edirlər. Ay, hay… Bizdə texniki suyun borularını kəsib armatura çeviriblər.
Çəmənliyi də, ağacları da, maşınları da, meydançaları da içməli su ilə
yuyurlar. Özü də oralarda su fasiləsiz gəlir. Əhaliyə isə fasilə ilə su verirlər.
Hələ bir gün şıdırğı yağış yağan vaxt işçi çəmənliyə su verirdi.
Qadından soruşuram ki, suyu niyə israf eləyirsən, indi su uğrunda
müharibə gedir. Nə cavab versə yaxşıdır, özü də Ezop dilində. Dənizin
suyu azalıb, mən də dimdiyimdə suyun artmasına kömək edirəm. Di, gəl
anla!
Ezop dilində danışan deputatxanaya verilən namizədlər məni daha çox
güldürdü. Köhnə deputatların bəzilərindən soruşurlar ki, namizədliyini
verirsən? O da müdrükcəsinə cavab verir ki, hələ fikirləşirəm. O birisi deyir
ki, ailəm deputatlığımın əleyhinə çıxdı, nə bilim nə… O qədər bəhanə
gətirdilər ki, adam istəyirdi ki, ayaq üstə durub onları alqışlasın. A kişilər,
biri durub demədi ki, xeyir-duamı ala bilmədim. Kimdən? Yəqin xalqı
nəzərdə tuturdular. Onlar onsuz da beş ildə Ezop dilində danışırdılar, elə
bundan sonra da elə olacaqlar.
Hələ sən bax, İranın yeni prezidenti Pezişkianla necə Ezop dilində
danışdılarsa, seçki ərəfəsi dediyi sözlərin, verdiyi vədlərin ətəyindən əl
çəkib, haça-paça qaldı. Alt qat dilində İsmayılı öldürməklə başa saldılar ki,
hətərən-pətərən danışma, yoxsa sən də Rəisinin gününə düşərsən. İndi, o
bilmir neyləsin… Yanar ağzına əlini soxub, di gəl, əli də yanır. Di get,
müharibəni elə. Elə bilirdin əsarətdən qurtulacaqsan.
Ümumiyyətlə, indi hamı Ezop dilində danışır. Mən də bu yazını Ezop dilində
yazdım.

Şərhlər bağlıdır.