Bu tarixi şəxsiyyətin kimliyi haqqında müxtəlif mənbərədə ziddiyyətli məlumatlar verilir. Azətbaycan dilli resurslarda Mirzə Melkum xan (1833) erməni əsilli İran diplomatı, publisist və siyasətçi kimi təqdim olunur.
İngilisdilli mənbələrdə – Mirzə Melkum xan (1834–1908) Hovsep Melkumyan olaraq, həm də İran diplomatı, modernist və yazıçı olaraq göstərilir. O, sosial islahat sahəsində səyləri ilə, həmçinin farsca “Mirzə” titulunu almış ilk xristian olması ilə tanınır. Melkum xan, İran Konstitusiya İnqilabının atalarından biri hesab edilir.
Rusdilli resurslarda Mirzə Melkum Xan (1833) İsfahanın Yeni Culfa adlanan yerdə anadan olmuş, İran maarifçisi və islahatçısı, İran dramaturgiyasının banisi, publisist və diplomat, İran Konstitusiya İnqilabının fəal iştirakçısı, sosial darvinizmin tərəfdarı kimi təqdim edilir.
“İranın Məşrutə inqilabı tarixi” kitabının birinci cildində Əhməd Kəsrəvi yazır ki, Melkum xan savadlı və bilikli adam idi, Qacarların ingilislərə verdiyi imtiyazlara qarşı idi. O, Londonda fars dilində qəzet çıxardırdı və məşrutəyə iki il qalmış Avropada dünyasını dəyişdi. Buna baxmayaraq onu məşrutə hərəkatının aktiv iştirakçısı hesab edirlər.
Mirzə Melkum xan 1834-cü ildə erməni ailəsində anadan olmuşdur. On yaşında Parisə oxumaga göndərilmiş, 1843-1851-ci illərdə Samuel Muradyanın erməni məktəbində, sonra isə Ekole Politexnik texnikumunda oxumuşdur. Məhz Avropada, “Malkom” Xanın bütün fəaliyyətinin ideoloji əsasını Qərbi Avropa mədəniyyətinin qavrayışı təşkil edirdi ki, bu da xüsusilə onun “masonluğunda” özünü göstərirdi.
Politexnik Texnikumunu bitirdikdən sonra İrana qayıtmış, orada dövlət xidmətinə qəbul edilmiş və İranın İstanbuldakı səfirliyinə diplomat-tərcüməçi vəzifəsinə təyin edilmişdir. 1852-ci ildən Melkum xan Tehrandakı Dar-ül-Fununda beş il dərs deyib. 1857-ci ildə diplomatik xidmət üçün Parisə göndərilib. 1856-57-ci illərdə Parisdə İran nümayəndə heyətinin tərkibində İngiltərə-Fars müharibəsinə son qoyan Böyük Britaniya ilə sülh müqaviləsinin bağlanmasında iştirak etmişdir. 1858-ci ildə İrana qayıtdıqdan sonra o, Avropa modeli əsasında islahat layihəsi hazırladı və bu ideyanı qurduğu “Fəramuşxana” cəmiyyətində həyata keçirməyə başladı.
Bir neçə dili mükəmməl bildiyindən fars dilinin qramatikası və ərəb əlifbası əsasında olan fars əlifbasının islahatları haqqında bir sıra fikirlər irəli sürür. Çox sayda səhnələşdirilməmiş pyeslərin müəllifidir və ədib olaraq da bəzi İran mənbələrində qeyd olunur.
Melkum xan İranda Qacarlar sülaləsinin zülmünün zorakılıqla devrilməsi ideyasını tez-tez dilə gətirsə də, onun əsərlərində bu fikirlər öz əksini tapmır. 1871-ci ildə İran hökumətinin başçısı olan Mirzə Hüseyn xan Sipahsalar Melkum xanı özünə müşavir təyin etdi. O, 19-cu əsrin 70-80-ci illərində İranın müxtəlif Avropa ölkələrində diplomatik nümayəndəsi olub. 1889-cu ildə Melkum xan dövlət qulluğundan uzaqlaşdırıldı, lakin bir neçə ay sonra yenidən, Romaya elçi olaraq təyin edilir.
1890-cı ildən Londonda yaşamış və burada 3 ildən artıq İranda ictimai fikrin inkişafında mühüm rol oynayan və 42 nömrəsi nəşr edilmiş “Kanun” qəzetini nəşr etdirmişdir. Qəzet qaçaq yolla İrana çatdırılır və oxucularının hakimiyyət tərəfindən təqib edilməsinə baxmayaraq, yayılırdı. Qəzetin səhifələrində dərc olunan məqalələrində, eləcə də ədəbi-tənqidi və siyasi traktatlarında Melkum Xan İranda konstitusiya quruluşunun qurulmasını müdafiə edir, ölkənin iqtisadi və mədəni geriliyini aradan qaldırmağa yönəlmiş islahatların aparılmasını tələb edirdi. O, 1898-ci ildə yenidən Romaya elçi təyin edildi və ona “Nizam əd-Dövlə” titulu verildi. Melkum xan 1908-ci ildən ölənə qədər İranın İtaliyadakı elçisi olaraq fəaliyyət göstərdi.
Hesab edilir ki, Qacar sarayına ayaq açmaq üçün onun üçün islamı qəbul etməsi mərasimi keçirilir və ona mirzə titulu verilir. Bu mərasimdən bir ay sonra İsranbulda erməni kilsəsində bir erməni aristokratının qızı ilə evlənir. Qacar hökuməti bu şəxsi sınamaq üçün bir neçə dəfə tədbirlər görsə də hər dəfə öncəgörənliklə və hiyləgərliklə edam və təqiblərdən canını qurtarmış, İranın bir neçə nüfuzlu din xadimini də öz təsiri altına almışdır.
Əsrin əvvəllərində bir çox iranlılar masonluq haqqında qeyri-müəyyən bir təsəvvürə sahib idilər, buna dinin cəmiyyətdə əvəzi olan və dindən kənar bir yol olduğu haqqında düşüncələr kimi baxırdılar. Nəsrəddin şahın icazəsi ilə 1858-ci ildə Melkum xanın təşkil etdiyi “Fərəmuşxana” (masson cəmiyyəti) açıldısa da, müxtəlif şəxslərin müraciətləri bu qurumun irtica təbliq etdiyini, hakimiyyətin (səltənətin) əleyhinə təbliğat apardığını və ölkəni dağıtmaq istədiyini şaha çatdırırdılar. Nəsrəddin şah cəmiyyətin fəaliyyətini yoxlamaq üçün iki hörmətli üləmanı (din xadimini) bu məsələni araşdırmağa məsul edir. Seyid Sadik Təbətəbai və Seyid İsmayıl Behbəhani (hər ikisi o zamanın çox nüfuzlu din xadimləri idilər) bu məsələni, fəramuşxanələrin məqsəd və vəzifələrini araşdırır, dinə və dövlətə heç bir təhlükə olmadığını şaha şəxsən məruzə edirlər. 1861-ci ilin oktyabrında Nəsrəddin şah bu təşkilatın üzvlərini sərt şəkildə cəzalandıraraq onu ləğv etmək qərarına gəlir.
19-cu əsrin sonlarında masonluq bir çox ölkələrdə geniş yayılır. 70-ci illərin sonunda, Melkum xan “Bəşəriyyət” Liqasını təşkilat olaraq yaradır. Təşkilatın üzvləri haqqında məlumat qorunub saxlanılmasa da onun fəaliyyətinin bilavasitə mütləqiyyətçi monarxiyaya və şəxsən Melkum xanın düşmənçilik etdiyi Nəsrəddin şaha qarşı yönəlmiş olması məlumdur. Bu cəmiyyət təxminən 1896-cı ilə qədər fəaliyyətini davam etdirir. Həmin il şaha sui-qəsd edildi və Melkum xan yeni hakimiyyətə gələn Müzəfəriddin şah ilə yaxşı münasibətlər qurmaq ümidi ilə təşkilatın fəaliyyətini məhdudlaşdırmaq qərarına gəldi. Belə bir siyasət müəyyən nəticələr verdi və 1904-cü ildə Melkum xanın davamçısı Mirzə Abbasquli xan Qəzvini dövlətin maneələrinə rast gəlmədən yeni mason lojasını – «Bəşəriyyət» Cəmiyyətini yenidən yaratdı.
Masonluq haqqında ilk etibarlı məlumat İrana XIX əsrin lap əvvəllərində uzun müddət Hindistanın Kəlküttə şəhərində yaşamış iranlı tacir Mir Əbdüllətif Şuştərinin “Töhfət əl Aləm” (“Sülh hədiyyəsi”) adlı xatirələr kitabında qeyd olunur. Orada, Hindistandakı həyatı, o cümlədən görüşdüyü yerli mason təşkilatı nümayəndələri haqqında yazır. Mason lojalarında cəmiyyətdə baş verənlərlə bağlı bütün sualları cavablandırdıqları üçün masonlar haqqında etibarlı məlumat əldə etməyin çətin olması Şuştərinin diqqətini cəlb edir. “Unutdum” fars dilində bu kəlmə “Faramuş kərdəm” kimi səslənir. Bu səbəbdən də o, masonları “fəramuşi”, yəni unutqan adlandırmışdır. Şuştəri sayəsində masonları İranda uzun müddət fəramuşi, lojalarını isə fəramuşxanə, yəni unudulma evi adlandırırdılar. Tezliklə ilk İran masonları meydana çıxdı ki, onlar əsasən İranın səfirləri – Fransada Əsgər xan Əfşar Orumi (1808) və İngiltərədə Mirzə Əbdülhəsən İlçi Şirazi (1810) və başqaları idi.
1850-ci illərin sonuna qədər İran masonları arasında yəqin ki, şiə ruhanilərinin nümayəndələri olmayıb. Lakin mason hərəkatı yerli üləmaların də diqqətini cəlb edirdi, bəziləri onun mahiyyətini və əməllərini anlamağa çalışdılar. Masonluq haqqında maraqlı fikiri Şeyxi təriqətinin İran lideri Seyid Kazım Bin Kazem Hüseyni Rəşti məlumat verir. Bu təriqətin özəlliyi belədir –“Onun üzvləri inanırlar ki, gizli İmam Mehdi dünyaya qayıdanda insanlar onunla birbaşa deyil, şeyxlərin Babı “qapı” adlandırdıqları müəyyən vasitəçi ilə əlaqə saxlayacaqlar. Onlar həmçinin inanırdılar ki, insanın əvvəlki maddi bədəni deyil, qeyri-maddi bədəni diriləcək. 1833-cü ilin avqustunda Şeyxlərin başçısı kimi Seyid Kazım Rəştiyə yazılı şəkildə yeddi sual verilir ki, onlardan biri birbaşa masonluqla bağlıdır: “Avropa ölkələrində mövcud olduğu deyilən fəramuşxanələr hansılardır?” Onun bu suala verdiyi cavab diqqəti cəlb edir. “Bu evlərin böyük şöhrəti var və mənim onlarda baş verən möcüzələrdən xəbərim var. Bu evlərdə olmayan bir çox şeylər orada xüsusi bir şəkildə “əks olunur”. Həmçinin “ağ sehr elmi” ilə əlaqəli olan sehrbazlıq və cadu vasitəsilə müalicənin müxtəlif üsulları var. Üçlü mələk, köməkçilər (Masonlar) düşüncə gücü ilə ikinci səma səviyyəsindən enən çətinlikləri və ulduzun (Merkurinin) hərəkət istiqaməti ilə şərtlənənləri və “ağ sehr”lə bağlı olanları aşkar və aydınlaşdırırlar.” Sonrakı fikirlər də eyni ruhda davam edir və qeyd olunur ki, “insanların tez-tez sözügedən üçlü mələyin köməyinə müraciət etməsi təhlükəlidir, ora gələnlərin heç biri bu evlərdə baş verənlərdən danışa bilmir, içəri girənlər bir-birini xüsusi işarələrlə tanıyır”.
Yuxarıda deyilənləri dəyərləndirərkən qeyd etmək lazımdır ki, Şeyxin rəhbərinin masonluq haqqındakı fikirləri daha çox İranda Zərdüşt dövrü məzhəbləri, dərvişlər və sufilərə aid hər cür gizli cəmiyyətlərin mövcudluğu ilə bağlı çoxminillik ənənəyə malik olması ilə bağlı idi və masonluq da bu qəbildən olan başqa bir struktur kimi qəbul edilirdi. Bu baxımdan Seyid Kazım Rəşdinin yeni təlimə verdiyi qiymət bütünlüklə bu hadisənin mistik qavranılmasına əsaslanır. Ola bilsin ki, üçlü mələk anlayışı, Ata, Oğul və Müqəddəs Ruh anlamışda – Üçlüyün xristian ideyası ilə bir sıra assosiasiyalar vasitəsilə qəribə şəkildə bağlıdır. Hər halda, müxtəlif söz-söhbətlərə və fərziyyələrə əsaslanan 150-dən çox risalə və məktub yazan ilahiyyatçının təsəvvürü, Kəlküttədə masonları müşahidə edən və onlarla birbaşa təmasda olan bir tacirin şəhadətindən çox reallıqdan daha uzaq olduğu ortaya çıxır.
Zaman keçdikcə İranda masonların sayı artdı, lakin onların hamısı ingilis və fransız lojalarında təsis edilirdi. Onların arasında İran diplomatları, Avropaya təlim keçmək üçün göndərilən gənclər, hətta Fətəli şahın ölümündən sonra başlayan hakimiyyət mübarizəsi nəticəsində ölkədən mühacirət etməyə məcbur olan Qacar sülaləsindən olan şahzadələr də var idi. Bununla belə, masonların arasında ruhanilərin nümayəndələrinin meydana çıxmasına dair heç bir dəlil yoxdur. Bu, daha sonra, 1858-ci ilin əvvəllərində Melkum xan İranda Fəramuşxanə adlandırdığı ilk mason lojasını yaratdıqdan sonra baş verdi.
Melkum xan İranda öz lojasını yaratmağa başlayanda artıq kifayət qədər yüksək təbəqənin İranın geriliyindən xəbərdar olan və islahatların aparılmasını və cəmiyyətin həyatında mülki qanunların qüdrətinin bərqərar olmasını zəruri hesab edən kifayət qədər sayda nümayəndələri var idi.
Görkəmli üləmalardan Mirzə Məhəmməd Cəfər Həkiməlaxi bir vaxtlar lojanın rəis müavini olmuş və islahatçı ideyaların yayılmasında mühüm rol oynamış Fəramuşxanənin üzvü idi. Mirzə Məhəmməd on səkkiz yaşında İsfahandakı ali dini təhsil ocağını bitirmiş və “ilahi hikmət”i dərk etmişdir. 20 yaşında Tehrana köçmüş və dörd ildən sonra müctəhid olmuşdu. Fətəli şahın sarayında Mirzə Məhəmməd Müctəhid Elahi titulu aldı. O, Türkmənçay sülh müqaviləsinin bağlanması üzrə danışıqlarda İran nümayəndə heyətinə daxil edilir və bu sənədin üzərində Mirzə Məhəmməd Cəfər Həkiməlaxinin möhürü var. Nəsirəddin şah Fəramuşxanənin dağıdılması və fəallarının həbsi barədə əmr verdikdən sonra Mirzə Cəfər Həkiməlaxi İraqa qaçmaq qərarına gəlir və öz nüfuzundan istifadə edərək Kərbəla və Nəcəf üləmalarını şaha qarşı təhrik edir. Bundan sonra onun başına gələnlər az qala detektiv hekayəsidir. Onun Kirmanşah vasitəsilə İraqa getməli olduğunu bilən şah bədxahların təhriki ilə yerli valiyə əmr göndərir ki, onu tutub edam etsin. Lakin Mirzə Cəfərin dostları öz elçilərini Fərəmuşxanədən olan valinin yanına göndərir və alacağı əmr barədə ona xəbər verirlər. O, dərhal rüsvay olmuş müctəhidin yanına etibarlı bir adam göndərir və vəziyyəti xəbərdar edir. Nəticədə Mirzə Cəfər yolunu dəyişir və Qumdakı müqəddəs yerlərə sığınır. Müctəhidin Qumun müqəddəs yerlərinə sığındığını bilən Nəsirəddin şah qəzəblənir və Fəramuşxanənin bir neçə üzvünü həbs edərək zindana salır, Tehrandakı evlərinin dağıdılmasını əmr edir. Sonra onları edam etmək qərarına gəlir və yalnız anasının şəfaəti ilə edamdan imtina edir. Lakin Mirzə Cəfər Həkiməlaxi özü də qandallanmış halda Qəzvinə sürgünə göndərilir.
Şiə ruhaniləri İran masonlarının sıralarında Fəramuşxanada olan digər görkəmli din xadimi Tehranın cümə imamı Seyid Əbdül-Xasimin oğlu 1820-ci ildə anadan olmuş Mirseyid Zeynal-Abidin Zahir əl-İslamdır. Atasının vəfatından sonra Nəsirəddin şahın fərmanı ilə on səkkiz yaşında o da Tehranın cümə imamı təyin edildi. Tehranın cümə imamının imamətə gəlməsi Melkum xanın ideyalarının dindarlar arasında təbliği və onların Fəramuşxanaya cəlb olunması üçün böyük əhəmiyyət kəsb edirdi.
İngiltərəyə və ingilis nizamına rəğbət bəsləyən Mirseyid Zeynalabdinin təşəbbüsü uzun müddət gizli saxlanıldı. İran lojasının üzvlərinin əksəriyyəti müsəlman olduğundan və mərasim və məclislərdə cümə imamına ehtiyac duyduğundan, o, həm də Fəramuşxanənin cümə imamı seçilir. Fəramuşxanənin hakimiyyət üçün təhlükəsizliyini şaha çatdıran iki üləmadan biri Seyid Sadiq Təbatəbaei də lojanın üzvü olub. O, İranın böyük ilahiyyatçısı, 1905-1911-ci illər Məşrutə İnqilabının banilərindən olan Seyid Məhəmməd Təbatəbainin atası idi. Fəramuşxanaya qarşı saray dairələri və ruhanilərin bir hissəsi tərəfindən şahın ona olan inamını sarsıtmaq və lojanın fəaliyyətinin İran səltənətinin əsaslarına təhlükə törətdiyini göstərmək məqsədi ilə gücləndirilmiş kampaniya aparılırdı. 1861-ci ilin oktyabrında Nasir ed-Din şah loja üzvlərini sərt şəkildə cəzalandıraraq onu ləğv etmək qərarına gəldi. Bundan sonra 20 ilə yaxın ölkədə açıq fəaliyyət göstərən mason quruluşu yox idi.
Bu siyasət müəyyən nəticələr verdi və 1904-cü ildə Melkum xanın davamçısı Mirzə Abbasquli xan Qəzvini şahın heç bir maneəsinə rast gəlmədən yeni mason lojasını – Bəşəriyyət Cəmiyyətini yaratdı. Mənəvi müəllimi xaricdə yaşayan Melkum xan olan yeni struktur mötədil liberalizm mövqeyində dayanaraq İran cəmiyyətində islahatların aparılmasını müdafiə edirdi. Lakin həmin dövrdə inqilabi hərəkat güclənməkdə idi və bunun nəticəsində 1905-1911-ci illərin Məşrutə İnqilabı baş verdi və Bəşəriyyət Cəmiyyəti islahatçı baxışları ilə həm ilk nizami mason quruluşunun və İranın siyasi şiə ruhanilərinin təşkilatlanmasını təmin etdi.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
https://crossmedia.az/az/article/32562
Şərhlər bağlıdır.