Rafael Huseyn. Bu gün 21 Azərdir.

Bu gün 21 Azərdir. Zahirən təqvimdəki adi bir gün. Lakin lap çoxdan 21 Azər anlayışı azərbaycanlılar üçün istiqlal rəmzinə çevrilib. Azərbaycan tarixinin ibrətli, heç vaxt unudulmamalı, hər səhifəsi şərəf və ləyaqətlə dolu bir rəmz!

Tale elə gətirib ki, mən lap uşaqlıq illərimdən o böyük hərəkatın sıra-sıra təmsilçiləri ilə ünsiyyətdə olmuşam. O mübariz insanlar salamat qalmaqçün doğma yerlərdən baş götürüb qaçmışdılarsa da, ən ixtiyar çağlarınadək inanırdılar ki, geci-tezi var, mütləq bir gün səadət günəşi yenidən doğacaqdır, arzusunda olduqları Böyük Gün Gələcəkdir!

Mən insanlarımızı şərəf tariximizin bu parlaq səhifəsi münasibətilə təbrik edir, 21 Azər hərəkatı və onun öndəri Seyid Cəfər Pişəvəri ilə bağlı təqdim olunan bu yazı və süjeti isə qiymətli tarixçi alimimiz Səməd Bayramzadəyə həsr edirəm.  Səməd Bayramzadə içərisindəki sonsuz eşq və yorulmazlıqla illərdir həmin böyük tarixin hər cizgisinin bu gün və sabah da yaşaması, hər kəs tərəfindən bilinməsi üçün zəhmətlər çəkir, bu qiymətəsığmaz irsi səhifə-səhifə müasirlərimizə çatdırır.  Bəzən belə ifadə işlədirlər ki, bir institutun işini görür. Nə bütöv bir institut, nə də ayrıca götürülmüş kimsə bu işi bu səviyyədə görə bilməzdi. Belə işləyə bilməyin səbəbi fədakarlıq və eşqdir. Kimdə Səməd qədər olsa, yəqin o da edə bilər! Səməd Bayramzadənin millət naminə gördüyü bu son dərəcə gərəkli və həmişə yaşayacaq işlərin ali qiymətini minnətdar tarix əlbəttə ki, verəcəkdir!

 

O NƏ QƏDƏR YAŞAYIB?

Zahirən bu suala cavab verməkdən asan iş yoxdur.
Bax kağızlara, sənədlərə, müxtəlif şəhadətnamələrə, dəqiq rəqəmi bil.
Onda qalmış da Seyid Cəfər Pişəvəri kimi məşhur adam ola.
Amma keçirdiyin hər gün, hər ay, hər il məgər yaşayışdırmı?
Onda qalmış da Seyid Cəfər Pişəvəri kimi çətin taleli, məşəqqətli, acılı həyat sürmüş bir insanın ömrü ola!
1930-cu ilin 27 dekabrında Rza şahın xəfiyyələri onu həbs edərək İranın ən müdhiş zindanlarından olan “Qəsr-i Qacar”a atdılar. Seyid Cəfər ömrünün 10 ilini bu əzabxanada keçirəsi oldu.
Hesabla guya bu 10 il də yaşamaqdan sayılır.
Lakin necə idi “Qəsr-i Qacar”dakı həyat?
(“Həyat” kəlməsini belə bir məkana aid etdiyimə görə sözdən üzr diləyirəm).
Oranın necəliyini Pişəvəri zindan xatirələrində qələmə alıb. Belə nəql edir: “Ən ağır və ən geniş tətbiq edilən işgəncə növü qaranlıq kamerada tək saxlanılmaqdan ibarət idi.
Bir nəfərlik qaranlıq otaq istər qış fəslinin soyuq günlərində , istərsə də yay fəslində xəfələyici və üfunətli idi. Xüsusilə, yayda bu otaqlar müxtəlif həşərat ilə dolu olurdu. Bundan əlavə, palaz, yorğan-döşək və hətta paltardan da istifadə olunmasına yol verilmirdi. Burada saxlanılan məhbuslara adi xörəklər də vermirdilər. Bəzi məhbusları bu qaranlıq otaqda bir gün, iki gün deyil, aylar və bəlkə illərlə də saxlayırdılar.
Axı insan bir canlıdır. O, ağac, daş və ya kərpic deyil. O danışmaq, zarafat etmək, dərdləşmək, kitab oxumaq, çay içmək, papiros çəkmək istəyir. O öz yoldaşları və tanışları ilə məaşirətdən ləzzət almaq, faydalı bir şəxs kimi cəmiyyətin tərəqqisi yolunda çalışmaq istəyir. O işləyib balaları üçün həyat şəraiti fərahəm etmək istəyir. Bütün bu adətləri birdən-birə yaddan çıxarmaq heç də asan deyil. Yekrəng, məqsədsiz və yorucu həyata heç də aylar və illərlə dözmək olmaz. Insanın bədəni polad olsa da, bu təzyiq qarşısında dağılır. O öz qüdrət və iradəsini itirir. Bir neçə dəqiqəlik azad buraxılmaq, nəfəs almaq üçün imkan əldə etmək xatirinə ən ağır günahları belə boynuna götürməyə, hətta ölümə, edama belə razılıq verir. Dost və tanışlarımın bir çoxu altı, yeddi və səkkiz aylarla bu cür çətin şəraitdə yaşayıblar. Onlardan bir neçəsi ağır ürək naxoşluğu, revmatizm və sair xəstəliklərə tutulmuşdular. Mən özüm cürbəcür xəstəliklərdən başqa gözlərimin nurunun yarıdan çoxunu da itirmişəm.
Bir qayda olaraq məhbusların xörək qabları yuyulmur. Bəzən yuyulduqda vəziyyət daha da pisləşir. Belə ki, min ədəd kasanı böyük bir qab içində natəmiz su ilə yuyub hamısını kəsif, köhnə bir parça ilə silirlər.
Bundan əlavə cürbəcür adamların yatdığı köhnə yorğan-döşək bir məhbus getdikdən sonra digərinə verilir. Bunları dezinfeksiya etmirlər.
Qeyd etdiyim kimi uzun müddət tək, qaranlıq otaqda qalmaq çox ağır və təhlükəlidir. Müttəhim nəhayət canından doyur, istənilən günahı boynuna alır, öz dedikləri üçün dəlil və sübut da gətirir.
Yuxusuz saxlamaq və ya polisin dili ilə desək, yuxunu almaq da ayrı bir işgəncə növüdür. Dostlarımdan biri deyirdi ki, ətrafımda dörd nəfər adam qoymuşdular. Gözlərimi yummaq istədikdə onlar çənəmin altına yumruq ilə vurub məni ayıldırdılar. Başım şişmişdi. əsəblərim titrəyirdi, ürəyim döyünürdü. Xüsusilə, üçüncü gecə büsbütün dəli olmuşdum. Haray çəkmək istəyirdim. Hətta hazır olmuşdum ki, bir neçə dəqiqə yatmağıma icazə verilsin, sonra aparıb məni güllələsinlər, odun içinə atsınlar”.
Seyid Cəgər Pişəvəri hələ yüzdə birini təsvir etdiyi bu müsibətlərə sərasər 10 il tab gətirdi, əyilmədi, dönmədi, sınmadı.
Qəhrəman deyilmi?!
1940-cı ilin 22 aprelində nəhayət ki, həbsdən azad edilir.
Və dərhal sürgün edilir Kaşana.
İl yarım da orda can çürüdür.
Bütün bu zillətlərdən əvvəlki ömrünün 10-12 ilini də inqilabçılıqda, gizli siyasi fəaliyyətdə keçirmişdi.
O həyat da nə həyatdır hər halda Karl Marksdan yaxşı bilən olmaz.
Cavan silahdaşı, məsləkdaşı Pol Lafarq Marksın yanına gəlib qızını istəyəndə etiraz etmişdi: “Axı sən inqilabşısan!”.
Pol Lafarq təəccüblənmişdi ki, axı siz özünüz də bu yolun yolçusu, bu əqidənin sahibisiniz”.
Mars kədərlə cavab vermişdi: “Elə ona görə də istəmirəm! Mənim öz həyat yoldaşımı tutduğum bu yolla, bu təhər yaşayışla bədbəxt etməyim yetər. İstəmirəm qızım da eyni taleyi yaşasın”.
…Məgər Pişəvərinin həyatı həmin həbs və sürgündən sonramı yaxşı oldu?
Yenə həyıcanlı, qayğlarlarla, mübarizələrlə, sıxıntılarla dolu günlər.
Sonda da sovet təhlükəsizlik orqanlarının törətdiyi sui qəsd.
Daddığı bütün ağrıları-acıları, əzabları, möhnətləri tərəzinin bir gözünə qoyun, sənədlərindəki 55 illik ömür yaşaması haqda bilgini də tərəzinin o biri gözünə.
Bu 55 ildən nə qalacaq ortada?
Ancaq gün var min aya dəyər!
Gün nədir, an var ki, 55 ildən 50 dəfə uzun ömürdən də şirindir!
1945-ci ilin 12 dekabrında Təbrizdə Cənubi Azərbaycanın istiqlalını elan edəndə, Milli Hökumət qurulanda Pişəvəri xoşbəxtlərin xoşbəxti idi!
Kürsüdən əqidə yoldaşlarına, millətinə üz tutduğu anlar onunçün feyzlər qoynunda yaşanmış neçə-neçə firavan, məsud ömrə bərabər idi.
“Sizin analarınızın südü o vaxt sizə halal ola bilər ki, siz onların namusunu hifz edəsiniz.
Yaşasın Azərbaycanın rəşid, məmləkətinə, xalqına və öz doğma ata və analarına sadiq qalan əsgər və zabitləri!”
Cəsur vətən balalarına müraciətlə belə deyəndə, qarşı tərəfdən sonsuz coşqu duyanda Pişəvəri bir an içində min ömrün bəxtiyarlığını yaşayırdı!
Fəqət bu müstəqillik vur-tut 1 il çəkəcək, istiqlal əlimizdən alınacaq, ardıcıllarının yüzləri, minləri dar ağaclarından asılacaq, Pişəvərinin özünün də yaxşı bələd olduğu dəhşətli zindanlara tolazlanacaq, məşəqqətli sürgünlərə göndəriləcək.
Bütün bunları görmək, bilmək, yaşamaq da ömrün yüküdür axı, bu qəmlər də Pişəvərinin iliyinə qədər işləmişdi axı!
Nə qədər yaşayıb o?
Bu gün də sağdırsa və həmişə də diri qalacaqsa, millətin qəlbindəki istiqlal eşqi var olduqca adı anılacaqsa, demək, Seyid Cəfər Pişəvəri ölməzlər cərgəsində yerini əbədilik qazanmış bir şəxsiyyətdir.
Ruhu şad olsun!

Şərhlər bağlıdır.