Mirqasım Çeşmazər-100: Yaxud 74 il əvvəl səslənən “Danışır Təbriz!” müraciəti

74 il əvvəl aprelin 7-də Azərbaycan Milli Hökumətinin radiosu bu sözlərlə fəaliyyətə başladı. Məlumat aydın, gur, bəlağətli, şirin ləhcəli səslə dinləyicilərə çatdırıldı. Sonralar onlar bu səsi dinləmək üçün hər gün radio önündən çəkilmədilər. Ta Təbrizdəki fəaliyyətini başa vuranadək gündəlik dinləməyə vərdiş etdilər.

Təbriz radiosuna bu rəğbəti yaradan yalnız xalqın ürəyndən xəbər verən mövzular deyildi, həm də aparıcının bunları yüksək ustalıqla ictimaiyyətə çatdırma məharəti idi. Bəli, indi 100 illik yubileyini qeyd etdiyimiz Mirqasım Çeşmazər xatirələrdə məhz “Danışır Təbriz”i və direktor kimi yüksək təşkilatçılığı ilə əbədi yaddaşlarda qalmaqdadır. M.Çeşmazərə eyni zamanda Seyid Cəfər Pişəvərinin köməkçisi vəzifəsinin etibar edilməsi onun malik olduğu yüksək bacarıqdan, intellektdən, təşkilatçılıqdan irəli gəlirdi. Onun Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin 1956-1960-cı illərdə sədri kimi fəaliyyətindən, bu təşkilatın varlığının qorunması üçün səylərindən, elm fədaisi olmasından, həyatı və mübarizəsi ilə bağlı ömrünün digər səhifələrindən yazılıb və yazılacaqdır.

Mirqasım Mikayıl oğlu Çeşmazər ADF və Pişəvərinin adının təmizliyini həmişə hər şeydən üstün tutmuş, bu cəhətdən ən yüksək məqamlarla da üz-üzə gəlməkdən çəkinməmişdir. Qeyd edək ki, onun qəlbində bütövlükdə Azərbaycan məhəbbəti yaşayırdı. 1990-cı ilin 20 yanvar faciəsinin ertəsi günü paytaxtda etiraza qalxan Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra əməkdaşları kimi 70 yaşlı M.Çeşmazər də zorakılığa məruz qalanlardan biri olmuşdu.

O, 15 il AMEA-nın Şərqşünaslıq İnstitutunda “Cənubi Azərbaycan tarixi” şöbəsində elmi fəaliyyətlə məşğul olmuş, “Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranması və fəaliyyəti (Cənubi Azərbaycan 1945-1946-cı illər)” mövzusunda elmi işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

Çeşmazər ADF-nin yaranması və fəaliyyəti haqqında monoqrafiyanın, Pişəvəriyə həsr edilmiş, eləcə də Güneydəki bəhs olunan hərəkatla bağlı bir sıra elmi və publisistik məqalələrin müəllifidir.

S.C. Pişəvəriyə sadiq olan bu şəxsin ömrünün son illərində yazdığı “Xatirələr”i hər şeydən əvvəl 21 Azər hərəkatı və eləcə də Pişəvəri şəxsiyyəti ilə bağlı çox dəyərli və mötəbər bir mənbədir.

Belə qənaətdəyik ki, “Azərbaycan” qəzetinin 15 aprel 1946-cı il tarixli 173 nömrəli sayında dərc edilmiş “Danışır Təbriz!” sərlövhəli yazının təqdimatı M.Çeşmazərin xatirəsinə bir daha hörmət əlaməti olardı.

 Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi 

 

 

 

Danışır Təbriz!

Bu kəlməni hər gün axşam saat 5-də radiodan eşdilərkən insanda xüsusi bir fərəh, sevinc və iftixar hissi oyanır. Bu ilk dəfə deyil ki, Təbriz danışır. Həqiqəti danışmaq və azadlıq nəğmələrini uca səslə xalqın qulağına yetirmək yüz illərdən bəri Təbrizin və bütün Azərbaycan xalqının əsas və fitri şüarlarındadır.

Hər əsrdə ölkəmizdə hökm sürən rejimin keyfiyyətinə baxmayaraq Azərbaycan xalqı öz azadlıqsevər səsini dünya xalqlarının qulağına çatdırmışdır. Müasir dünyada yaşamaq üçün müasir və mütərəqqi millətə layiq vasitələrlə təchiz olunmaq lazımdır. Odur ki, Milli Hökumətimiz öz islahat proqramında Azərbaycan xalqı üçün radio stansiyası yaratmağı qərara aldı və çox tez bir zamanda Azərbaycanın mərkəzi Təbriz şəhərində radio stansiyası qurmağa müvəffəq oldu. Artıq indi “Danışır Təbriz” sözləri Azərbaycanın qəhrəman, qeyrətli və layiq xalqının dilindən varlığını və azadlığını dünyaya elan edir.

Danışır Təbriz! Bu səs hər gün Azərbaycan ölkəsinin mərkəzi, Səttarxanlar və Bağırxanlar beşiyi Təbrizdən ucalır, bir anda dağlardan, dərələrdən və dəryalardan keçir, dünyanın əksər nöqtələrində yaşayan xalqların qulağına çatır və onlarda Azərbaycan xalqının rəşadətinə ehtiram hissi oyadır.

Danışır Təbriz! Bu səs hər gün İranın daxilində və xaricində olan Azərbaycan düşmənlərinin qulağına top gülləsi kimi dəyir və onların vücudunu lərzəyə salır. Bu gün Azərbaycan xalqının azadlığı, vəhdəti və ittifaqı kəskin bir cavab və ağır bir çomaq kimi öz ağalıqlarını Azərbaycan xalqının əsarətində və boğulmasında görən və bu milləti boğmaq üçün hər cür namərd təşəbbüslərə əl atan adamların kəllələrinə dəyir və bu sırada göstərdikləri təşəbbüslərə görə onları peşiman edir.

“Danışır Təbriz!” sözləri  uca səslə dünya xalqlarına yetirir ki, Azərbaycanın azadlığı və varlığı bir həqiqtədir. O azadlıq və muxtariyyət Azərbaycan xalqının iradəsi və kəskin mübarizəsi nəticəsində vücuda gəlmişdir və bu azadlığın qorunmasına və nəsillər boyu saxlanmasına 5 milyon igid və qeyrətli Azərbaycan xalqı zamindir.

Yaşasın xalqımızın səadətini təmin edən Milli Hökumətimiz!

 

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 173, 15 aprel 1946-cı il

Şərhlər bağlıdır.