Ənuşirəvan Qəni oğlu İbrahimi (12.05.1926 – 13.09.1987)

(12.05.1926 – 13.09.1987)

Azərbaycan Milli Hökumətinin (1945-1946, Təbriz) Baş Prokuroru olmuş şəhid Firudin Qəni oğlu İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi 32 il mühacirət həyatı yaşadıqdan sonra 1978-ci ildəİrana qayıtmış, Təbrizdə Azərbaycan Demokrat Firqəsinə, onun yerli təşkilatlarına rəhbərliyi öhdəsinə götürmüşdür…

Təbrizə gələn Ənuşirəvanburada ilk öncə 21 Azər yadigarı, Azərbaycan millətinin qəhrəman oğlu, Azərbaycan Milli Hökumətin Baş prokuroru və xalqının azadlığı yolunda şəhid olmuş böyük qardaşı Firudin İbrahiminin məzarını ziyarət etmək üçün “Ağalı” (bugünkü “İmamiyyə”) qəbirstanlığına baş çəkir. Qardaşının  məzarı önündə dayanaraq astaca ona bunları söyləyir: “Əziz qardaşım! Böyük ustadım! Mən çox istədim ki, son ana qədər sənin yanında olum. Amma sənin tapşırığına əməl etmək məni səndən ayırdı. Mən bütün bu illər boyu səninlə birlikdə yaşamışam və mənə öyrətdiyin hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçün də yolunu davam etdirirəm.”

Azərbaycan Demokrat Firqəsi (Tudənin əyalət komitəsi) 32 ildən sonra Ənuşirəvan İbrahiminin rəhbərliyi altında yenidən özünün açıq və qanuni fəaliyyətinə başladı. ADF-nin orqanı “Azərbaycan” qəzeti yenidən ana dilində öz nəşrini bərpa etdi. Bu dəfə Ənuşirəvan özü şəhid qardaşı Firudinin yolunu davam etdirərək qəzetdə məqalələr dərc və hər sayda gedən məqalələri redaktə edir. “Azərbaycan” qəzeti ətrafında Ənuşirəvan İbrahimi ilə yanaşı ADF-nin  mühacirətdə olan Mərkəzi Komitəsinin üzvlərindən Seyidağa Onullahi, Məhəmməd Hüseyn Xoşginabi, Taği Musəvi, Mirvahab Əfxəmi, Məhəmməd Əli Fərid, Məhəmmədəli Müciri, Fəqih, İrandoxt İbrahimi, Firidun Kazimi və başqaları birləşdilər, Azərbaycan xalqının milli-demokratik və mədəni hüquqlarının əldə edilməsi uğrunda birlikdə, çiyin-çiyinə mübarizəni davam etdirdilər.

1981-ci ilin mart ayında Tehranda Tudə partiyasının geniş plenumu təşkil olunur. Bu, İran xalqının qələbəsindən sonra Tudənin ölkə daxilində təşkil edilən son və eyni zamanda ən qısa müddətli plenumlarından biri olur. Bir gün ərzində öz işini başa vuran Tudənin 17-ci plenumunda 9 nəfər partiyanın ən ali orqanı hesab olunan idarə heyətinə seçilirlər. Ənuşirəvan İbrahimi də bu 9 nəfərin arasında idi. Tudənin tərkibində Azərbaycan Demokrat Firqəsinə müxalif olanlar, xüsusilə də Tudənin birinci katibi Kiyanuri üçün bu plenum firqə ilə haqq-hesab çəkmək, firqəçilərə təsirli bir zərbə vurmaq  üçün ən gözəl fürsət oldu.  Belə ki, Kiyanurinin təzyiqi nəticəsində İran inqilabının qəlbəsindən sonra vətənə qayıtmayan (əslində gələ bilməyən) Tudə partiyasının, eləcə də onun əyalət təşkilatı hesab olunan ADF-nin bir sıra üzvləri partiya sıralarından çıxarılmış hesab edildilər. Kiyanuri də bu plenumda rəsmi olaraq elan etdi ki, onların İrandan kənarda təşkilatları yoxdur.[1] Əslində onun bu sözləri firqənin Qulam Yəhya, Əmirəli Lahrudi və Həmid Səfəri kimi üzvlərinə aid idi. Plenum Ənuşirəvan İbrahimidən başqa heç kimi, hətta Qulam Yəhyanı və Əmirəli Lahrudini Tudənin Mərkəzi Komitəsi üzvlüyünə seçmədi.

Yaranmış şəraitdən çox məharətlə istifadə edən İslam hakimiyyəti qeyri dini və laik partiyaların, təşkilatların, xüsusilə də sol qüvvələrin və həmin sırada Tudənin taleyini müəyyən etdi. İnqilab rəhbəri də artıq öz çıxışlarında onlarla həmrəy olmayanlara, demokratiya tərəfdarlarına qarşı çıxışlar etməyə başladı, onları inqilabın düşmənləri sırasında olanlar kimi qələmə verdi.

Nəticədə, 1982-ci ilin qışında (əvvəllərində) Tudənin birinci katibi Kiyanuri və bir sıra rəhbərləri həbs edildilər. 1983-cü ilin aprelində İran Xalq Partiyasının fəaliyyəti qeyri qanuni elan edildi.

Azərbaycan Respublikasının dövlət sərhədinə daha yaxın Təbriz şəhərində yaşayan və mühacirət imkanları daha çox olan Ənuşirəvan İbrahimi İranı tərk etmədi. O, siyasi fəaliyyətin artıq mümkün olmadığı belə bir ağır şəraitdə də öz mövqeyinə sadiq qalaraqbunları söylədi: “Mən öz həmməsləklərimdən 30 il artıq ömür sürmüşəm. Mən demokrat firqəsinin məğlub olduğu və Milli Hökumətin yıxıldığı günlərdə mühacirətə getmək istəmədim, qardaşım kimi xalqımın yanında olmağı üstün tutdum. Amma şərait məni mühacirət etməyə məcbur etdi. Mən qardaşımın vəsiyyətinə vəfadar qalacağam, bu dəfə şüarım “Öldü var, döndü yoxdur!” olacaqdır”.  Belə bir şəraitdə Ənuşirəvan İbrahimi bütün imkan və vasitələrdən istifadə etməklə Azərbaycanda, xüsusilə Təbrizdə firqə kadrlarının təhlükəsizliyini təmin etmək üçün ehtiyat tədbirlərini həyata keçirdi, onların məxfi iş fəaliyyıtinə keçmələrini təşkil etdi. Ənuşirəvan özü isə Tehrana getdiyindən Mərkəzi Komitənin digər üzvləri ilə birlikdə həbs olundu.

Zindanlardakı məhbuslara verilən işkəncələr elə bir həddə çatdırılırdı ki, onlar ya tələf olmalı, ya da xarici bir dövlətin casusu olduqlarını, İran İslam Respublikasına qarşı çevriliş hazırladıqlarını etiraf etməli idilər. Ənuşirəvan da bu cür işgəncələrə məruz qalırdı. O, bacısı İqlimə ilə zindandakı son görüşündə ona vəsiyyət olaraq bunları söyləyir: “Bunlar məni edama məhkum etmişlər. Yəqin bilirəm ki, hamımızı öldürəcəklər. Əgər bacarsan, cənazəmi onlardan alıb Astaraya apar və anamın ayaqları altında dəfn elə. Əgər verməsələr və digər mübarizə yoldaşlarımla birgə öldürsələr, mənim dəfn olunduğum yeri yadında saxla. Əgər övladlarım bu istibdad rejimi devrildikdən sonra gəlsələr və məni tapmaq istəsələr, qoy, çətinlik çəkməsinlər. Əminəm ki, bu rejim devriləcəkdir. Mənim ölüm xəbərimi heç kimdən, hətta övladlarımdan belə gizləmə. Dözümlü, səbirli ol və özünü qoru. Əgər bir gün sənin üçün mənim nəvələrimi görmək üçün bir şərait yaranarsa, mənim tərəfimdən onların üzündən öpərsən. Hamıya mənim salamımı yetir. Mənə görə narahat olma. Mən gərək qardaşım Firudin və Azərbaycan Demokrat Firqəsinin şəhidləri ilə birlikdə öləydim. Mən həmin gündən indiyə kimi artıq ömür sürmüşəm”.

Ənuşirəvan Qəni oğlu İbrahimi son nəfəsinə kimi öz etiqadını və inamını ani də olsa, dəyişmədi, rəşadətli və şəhid qardaşı Firudinin ideyalarına sadiq qaldı, onlardan ilham aldı, uzun illər siyasi mübarizə yollarında bişdi, möhkəmləndi.

Ənuşirəvan İbrahimi və onun rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsi və üzvlərinin fəaliyyəti  4 ildən artıq  çəkmədi.  3000-dən çox firqə üzvü həbs olundu. Ənuşirəvan İbrahimi 13 sentyabr 1987-ci il tarixində Tehrandakı “Evin” zindanında edam edildi.

O, Tehranın şərq hissəsində  bu gün “Xavəran” adlanan keçmiş Misgərabad qəbristanlığında azad həyat uğrunda canlarını qurban vermiş minlərlə dostları və həmfikirləri arasında uyumaqdadır.

Ənuşirəvan Qəni oğlu İbrahimi də keçdiyi mənalı ömür yolundakı xidmətləri ilə əbədi olaraq Azərbaycanın şəhidləri sırasına daxil oldu. İdeyalarını, məsləkini, düşüncələrini, azadlıq uğrunda mübarizəsindəki qətiyyətini və dönməzliyini, Vətənə sədaqətini və sevgisini gələcək nəsillər üçün nümunə olaraq qoyub getdi. Son nəfəsinə qədər bütün mübarizə yoldaşları kimi Azərbaycana azadlıq istəyi ilə yaşadı.

 

Səməd Bayramzadə

Redaksiyadan: hörmətli oxucular Avropadakı izləyicilərimizdən aldığımız bir sıra məktublarda mediada nədənsə ötən əsrin 80-ci illərində İranda istibdada qarşı mübarizədə əsassız ittihamlarla güllələnən, edam olunan qəhrəmanların barəsində yazılara nadir halda rast gəlindiyindən gileylənirdilər. Biz də bu iradları haqlı sayaraq “80-ci illərin şəhidləri” rubrikasını açdıq. İlk olaraq hamımızın yaddaşında qalan jurnalist, səmimi insan Mirvahab Əfxəmidən başladıq. Xeyli təşəkkürlər aldıq.

Növbəti yazımız geniş coğrafi məkanda İranda, Azərbaycanda və Avropada kifayət qədər tanınan şəhid Ənuşirəvan Qəni oğlu İbrahimi barədə oldu. Hələ neçə-neçə azadlıq yolunun mübarizini tanıtmaq zərurəti vardır. Məqsədimiz sizlərin də köməyi ilə onların hər birini unutmadığımızı əyani göstərək. Matreallar əldə toplanan kimi barələrində kitab buraxaq, gələcək nəsillərə ərmağan edək.

 

Azərbaycan Demokrat Firqəsi

[1]Sərabi, Zəfəri. İbrahimi ailəsi. Bir nəslin əfsanəsi, s.164

Şərhlər bağlıdır.