BİR POLAD YAŞAYIR XATİRƏLƏRDƏ

Nüşabə Şahılı

Bir insan yaşayır xatirələrdə!..

Bir aslan yaşayır xatirələrdə!..

Bir dastan yaşayır xatirələrdə…

Polad!.. Polad!.. Polad!..

Rəssam Hüseyn Mirtəqəvi Tovuz rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun portretini bu duyğularla işləyib. Rəssam faner üzərində cərrah bıçağı ilə canlandırdığı qəhrəmanının xarakterini cizgilərin dili ilə qabarıq ifadə edib – nurlu insan, böyük vətənpərvər,əsl zabit…

Hüseyn Mirtəqəvi ərsəyə gətirdiyi tabloda süjetin ana xəttini Həşimovun həyatda olduğu kimi, şəxsi maraqları yox, ülvi hissləri – Vətən sevgisi, peşə borcu, vəzifəsini şərəflə yerinə yetirmək amalı üzərində qurub. Polad Həşimovun mərdliyi, qəhrəmanlığı, sücaəti onun doğma torpaqları qoruması, müdafiə etməsi, öz əsgərlərinə dayaq durması ilə bağlıdır.

O, əsgərləri öz balası kimi sevib. Hər zaman onların yanında olub – həm səngərdə, həm kazarmada…

Konkret ifadə etsək, POLAD HƏŞİMOV insanlıq və qəhrəmanlıq rəmzidir. İnsan kimi insan, zabit kimi zabit”.

Hələ 4 il əvvəl – 2016-cı ilin aprel döyüşlərində də düşmənə ciddi zərbələr endirərək igidlik göstərib. Həmin vaxt Talış kəndi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olan Polad Həşimov döyüş vaxtı yaralanıb, amma bunu hər kəsdən gizlətməyə çalışıb.

Qeyd edək ki, Talış yüksəkliklərindəki postlardan biri onu azad edən cəsur döyüşçünün şərəfinə “Polad postu” adlanır. Sağlığında adına post olan Həşimov sadəliyi, comərdliyi, xeyirxahlığı ilə fərqlənib…

Şəhid general-mayorun cənazəsi Azərbaycan bayrağı altında vidalaşmaq üçün ata yurduna – Qəbələnin Vəndam kəndinə gətirilir – səmaya doğru dalğalanan bayrağımızın üzərindən bir şahin ənginliklərə sarı uçur.

Polad Həşimovun ruhu günəşin, işığın rəmzi olan qartal kimi ata ocağından zirvələrə yüksələrək arzularımızı gerçəkləşdirə biləcək cəsarət, qətiyyət, torpaqlarımızın azad ediləcəyinə ümid hissi aşılayır”.

Redaksiyadan: Nüşabə xanım bu yazının sonunda rəssamın kompozisiyanı fonda verdiyini gostərir. 21Azər hərakatı iştirakçısının ailəsində boya-başa çatan Hüseyn Mirtəqəvini hamımız yaxşı tanıyırıq, dəyərləndiririk. Saytımız məsləkdaşımızın bir ziyalı, mübariz insan kimi keyfiyyətləri ilə sizləri daha yaxından tanış etmək üçün onunla söhbət aparmaq niyyətindədir.

Nüşabə Şahılı

Şərhlər bağlıdır.