Seyid Cəfər Pişəvəri 1947-ci ildə müəmmalı avtomobil qəzasında dünyasını dəyişdikdən sonra Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi sədrliyinə Sadıq Badiqan seçildi. İranda müxtəlif hərakatlarda və inqilabi proseslərdə iştirak edən bu nəcib insan 1947-1951-ci illərdə firqəyə rəhbərlik etdi. Sonralar həyatı bütövlükdə elmə həsr olunan tarix elmləri namizədi heç vaxt təşkilatdan uzaq düşmədi. Sədaqətli firqəçi kimi bioqrafiyasını yeni səhifələrlə zənginləşdirdi. Onun sizlərə təqdim olunan “Azərbaycan” ruznaməsinin 11 fevral 1946-cı il tarixli sayındakı çıxışından bir parça və fotoşəkillər tarixi yaşantıların yadigarlarıdır.
10 vefral 1946-cı il tarixində Təbrizdəki hərbi xidmətə çağırış idarəsində Azərbaycan Demokrat Firqəsi sədrinin müavini cənab Badeqanın milli hərbi xidmət haqqında söylədiyi nitqindən:
… istəyirəm ki, həzrəti Əli ibn Əbutalib əleyhüssəlamdan bi misal gətirim. O buyurur: “Əl həyat təhtə zilal əl siyuf”, yəni dirilik qılıncların sayəsindədir. Cənab Pişəvərinin dediyi kimi, həmişə burada hərbi xidmətə çağırış olanda görürdün ki, polislər gedib xalqı evindən çəkib gətirirlər. Mürtəcelər bunu da gördülər ki, dünən könüllü olaraq xalq qoşununa adını yazdırmaq istəyən 15 min nəfərdən çox adam gəlmişdi.
Bizə qocalardan da könüllü olmaq təklifləri gəlir. Xalqdan da təkliflər gəlibdir və mən buradan rəsmən təklif edirəm ki, hamı hərbi paltar geyinsin və öz idarəsinə iş başına getsin. Ona əsasən mən ümidvaram və əminəm ki, Azərbaycan xalqı öz azadlığını hifz etməkdən ötrü nəinki hərbiyə getməyə, eyni zamanda ölməyə də hazırdır. Habelə tacirlər və üləma tərəfindən də bu barədə böyük maraq görünür. …əminəm ki, gələcəkdə böyük milli birlik əmələ gələcəkdir.
Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 123, 11.02.1946
Şərhlər bağlıdır.