Əlayi Emil Məmməd oğlu 1969-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam Əlayi Məmməd inşaat mühəndisi, anam Naidə Cümşüd qızı isə kimyaçı-bioloqdur.
1986-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşam. Moskva şəhəri yaxışlığında hərbi xidmətdə olmuş, 1992-ci ildə AzİMİ-ni bitirib, inşaat-mühəndisi ixtisasına yiyələnmişəm. Həmin il də ailə qurmuşam. Üç övladım – iki qızım, bir oğlum var.
Qorbaçovun ikiüzlü və xəyanətkar siyasəti nəticəsində 1989-cu ildən Bakıda da ictimai-siyasi vəziyyət gərginləşməyə başladı. Bakı mitinqlər poliqonuna çevirdi. Son 13 yanvar 1990-cı il mitinqindən sonra MTN-in əliylə ermənilərə qarşı təxribatlar hazırlandı. Eyni zamanda, dövlət rəhbərlərinin istefası zəruriləşdi. Mən də milləti və Vətəni üçün narahat olan bir gənc kimi bu mitinglərdə iştirak edir, rus ordusunun Bakıya daxil olmasının qarşısını almaq üçün qurulan barrikadalarda növbə çəkirdim.
Yanvarın 19-da evimizin yanında – indiki 20 yanvar küçəsi ilə Tbilisi propektinin kəsişdiyi yerdə növbədə idim. İlk güllə səsi Salyan kazarması tərəfdən gəldi. Gecə yarıdan keçəndən sonra artıq bizim dayandığımız ərazidən tanklar və BMP-lər şəhərə daxil olmağa başladı. Zirehli texnikanın qarşısında yarımdairəvi düzülmüş, yaşları 30-40 arası olan saqqallı vəhşilər gəlirdi. Əllərində dəmir şitlər, avtomatlar, dubinkalar var idi.
Zirehli texnikadan və avtomatlardan əhali atəşə tutuldu. Şəhid olanlar və yaralalanlar oldu. Gücümüz əlimizdəki daş-kəsəyi qaniçənlərin üstünə atmağa çatırdı. Gecə təxminən saat 3 radələrində ayağımdan güllə ilə vurdular. Bir saatdan artıq vurulduğum yerdə də qaldım. Sonra isə məni on-on beş nəfər yaralı ilə bir yerdə təcili yardım maşınına mindirib, M.Nağıyev adına xəstəxanaya çatdırdılar. Şam işığında güllələri ayağımdan çıxartdılar və məni travmatologiya şöbəsinə yerləşdirdilər. Burada 1 ay müalicə olundum. Ayağa durmağım isə 3-4 ay çəkdi. aldığım xəsarətdən II dərəcəli əlil oldum.
Fəxr edirəm ki, səyimiz hədər getmədi. 31 ildir ki, Azərbaycan Respublikası müstəqil dövlətdir.
Şərhlər bağlıdır.