FİRQƏMİZ İRƏLİ GEDİR

 

“Müraciətnaməmiz  nəşr olunduqdan sonra xalqda firqəmizə qarşı böyük rəğbət yaranmışdır. Hər gün şəhərin müxətlif təbəqələrindən dəstə-dəstə axıb, təşkilatlarımızın müvəqqəti mərkəzinə gəlib üzv yazılmağa çəlışırdılar. Yaşlı azadlıqsevərlər və imtahan vermiş demokratlar istər yazı vasitəsilə, istər şəxsən bizim başladığımız böyük işi təbrik etməyə çalışırdılar.

Eşitdiyimizə görə, bəzi gözüaçıq və düşüncəli ruhanilər minbərlərdə xalqı bu müqəddəs təşkilata yazılmağa təşviq edirlər. Get-gedə bədbinlik, şübhə və ikiüzlülük azalmaqda, nikbinlik və inam artmaqdadır.

Ziyalı və cavan nəsil təşkilatımıza artıq əlaqə və məhəbbətlə yanaşmaqdadır. Şüarlarımız əməli və doğru olduğu üçün xalqın ruhunda böyük iman və etimad vücudə gətirmiş (yaratmış), sakitlik və təhlükəsizlik tərəfdarı olduğumuz və bunu əməldən isbat etməyə çalışdığımız üçündür ki, istər kənddə, istər şəhərlərdə firqəmiz çox iri qədəmlərlə irəli getməyə başlamışdı. Azərbaycan xalqı bu təşkilata uzun müddətdir ki, ehtiyac hiss edirdi. Ona görə müraciətnaməmiz çox tez anlaşılıb, qəbul edilməkdədir. Dilimiz sadə, yolumuz düz və məqsədimiz aydın olduğu üçün bizi tanıyıb, anlamaqda çətinlik çəkilmir.

Dil, səlahiyyət, kəndlilərlə mülkədarlar arasında ixtilafların sülh və saziş yolu ilə həll edilməsi, sənaye və ticarətin tərəqqi və inkişafı Azərbaycan xalqının fikrini məşğul edib, onu daima düşünməyə vadar edən məsələdir. Firqəmiz bu məsələri çox sadə bir yol ilə həll etməyi meydana sürdüyü üçündür ki, xalq ona yaxınlaşmaq, onun müəssisələrini tanıyıb, öyrənməklə bərabər, göstərdiyi yolu təqib etməyə başlayıb”.

Bu məqalə şəhrivərin 16-da (sentyabrın 7-də) yazılıb, şəhrivərin 17-də müraciətnaməmizin nəşrindən 5 gün sonra nəşr edilir. Təbiidir ki, püsgürən hərəkətin nizama düşməsini təxirə salmaq olmazdı. Xariqüladə sürətlə qabağa çıxan ciddi və böyük işlərə rəhbərlik etmək üçün səlahiyyətli bir komitə təşkil etmək lazım idi. Həm də bu iş çox yüksək surətdə həllini tapmalı idi. Müraciətnamədən sonra minlərcə yeni üzvlərin sıralarımıza gəldiyini yuxarıda göstərmişik. Amma bu yeni həvəskarlardan rəsmi üzv kimi istifadə edib, onların iştiraki ilə bir komitə təşkil etmək, əsas etibarilə doğru ola bilməzdi. Ona görə ancaq müraciətnaməmizi imza edənlərin vasitəsilə bu işi görməyə məcbur idik. Bu onların qanuni haqları idi. Çünkü firqə onların təşəbbüsü ilə qurulmağa başlamışdı.

Doğrusu, müəssislər arasında Ağazadə Şahin, Hüseynqulu Katibi, Tağı Beytulla kimi yaramaz adamlar da var idi. Amma biz özümüz çox gözəl bilirdik ki, onların vücudu işin gedişinə təsir edə bilməzdi. Firqə içərisində onlar əksəriyyət qazana bilməyəcəklər. Ona görə işin xatiri üçün müvəqqəti olmuş olsa da,

müəssislər tərəfindən bir komitə yaratmaq məqsədilə şəhrivər ayının 22-də (sentiyabr 13-də) axşam saat 6-da pəncşənbə (cümə axşamı) günü 1324-cü şəmsi 1945-ci ilin də Təbrizin Şişgilan məhəlləsində, Nizamül-dövlə Rəfinin evində müəssislərin birinci konfransını çağırdıq. İclas çox səmimiyyətlə təşkil olunub, müvəffəqiyyətlə sona çatdı. Konfransda müraciətnaməni imza edən 46 nəfərdən 41 nəfər iştirak edirdi. Yığınacağın müvəqqəti heyəti rəisənin fəaliyyətini təqdir etdikdən sonra 9 nəfərlik müvəqqəti bir komitə seçildi. Bu komitəyə firqənin birinci qurultayını çağırmaq üçün 20 gün vaxt verildi. Beləliklə, firqənin təşkilat işi yoluna qoyuldu, komitə işə başladı. Birinci işimiz qurultayı istənilən vaxtda təşkil edib, firqənin məram və nizamnaməsini tərtib etməklə, firqə təşkilatını demokratik üsulla qurub, mübarizəni təşkilatlı yolla aparmağa imkan yaratmaqdan ibarət idi.

Müəssislər yığıncağının qərarı üzrə birinci qurultayın mehr ayının 10-da (oktyabrın1-də) çağırılması fikrini yuxarıda qeyd etmişdik. O günkü şəraitdə bu olduqca ağır bir iş idi. Biz gərək 20 gündən artıq olmayan bir müddətdə Azərbaycanın bütün şəhər və iri kəndlərində firqə konfransları keçirib, yerli komitələri seçdikdən sonra qurultay üçün nümayəndə seçməliydik. Eyni zamanda dairələrdən başlayıb, nahiyə və vilayət komitələrinədək Hizbe-Tudətəşkilatı ilə yeni firqə təşkilatlarının birləşməsini də yığıncaqlar vasitəsilə icra edəcəyik. Maliyyə vəsaiti və kadr çatışmazlığı, eyni zamanda hökümət məmurlarının cürbəcür əngəllər törətməsi işimizi daha da çətinləşdirməkdə idi. Yalnız firqə quruluşu və daxili işlərlə məşğul olsaydıq, iş elə də müşkül nəzərə gəlməzdi. Bu işlərin hamısı ilə bərabər, şüarlarımızı xalqa yetirmək məqsəd və məramımızı camaata anlatmaq kimi ağır və çətin vəzifəni də unuda bilməzdik. Hizbe-Tudəkadrları içərisində bizim şüarlarımızı anlamaq istəməyənlər də az deyildi. Onlardan bir parası dörd il tamam çalışıb qurduqları təşkilatı qeyd-şərtsiz olaraq bizə təslim etməyə razı ola bilmirdilər. Dörd il Hizbe -Tudənin sol sözləri ilə özlərini məşğul edib, qeyri-əməli xəyallar qazanında qaynayıb-bişmiş adamları bir gündə demokrat halına salqmaq mümkün deyildi. Bir sözlə, demək olar ki, müəssislər konfransından sonra qarşımızda duran vəzifələr ağılasığmaz dərəcədə ağır və cətin idi. Buna baxmayaraq əvvəlcədən düşünüb, danışıb, təyin etdiyimiz xəritəni icra etməyə başlayıb, nizam və intizam üzrə irəli gedirdik.

Təbiidir ki, müvəqqəti komitə təşkil edildikdən sonra götürüləsi lazımı qədəm, birinci növbədə tudə təşkilatının təklifini müəyyən etməkdən ibarət idi. Bu xüsusda əvvəlcədən o təşkilatın baş bilən üzvlərini hazırlamışdıq. Onlar bizim təklifimizi qəbul edib, tudə təşkilatının firqəmizə ilhaq (birləşmək) ediləcəyini təmin etmək üçün çalışmağa söz vermişlər. Bu məqsədlə irəlidə hazırladığımız plan üzrə onlar şəhrivərin 15-16-da çağırdıqları geniş ümumi iclasda aşağıdakı qərarı qəbul edib, məktubla, bizim müvəqqəti Mərkəzi Komitəmizə göndərməklə işin formal tərəfini həll etməyə müvəffəq oldular. Xatırladan bu tarixi vəsiqəni burada nəql etməyi vacib sayırıq.

Hizbi-Tudeyi-İran Azərbaycan Əyalət Komitəsinin Məktubu:

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə

Hizbe-Tudeyi-İranın Azərbaycan əyaləti təşkilatının şəhrivər ayının 15-də və 16-da (sentiyabrın 6 və 7-də) keçirilən konfransın qətnaməsi barəsində fikirlərinizi tezliklə bu komitəyə məlum edəsiniz.

Qətnamə

“Cümə 16 şəhrivər 1324-cü il (7 sentyabr 1945-ci) Hizbe-Tudeyi-İranın Azərbaycan təşkilatının geniş əyaləti konfransında Azərbaycan Demokrat Firqəsinin 12 şəhrivər həmin il tarixli müraciətnaməsini oxuyub, onun ətrafında bəhs və mütaliə etdikdən sonra konfrans bu qərara gəldi: Azərbaycan Demokrat Firqəsi Azərbaycan xalqının ehtiyaclarını doğru və düzgün düşünüb, ona yaxınlaşmışdır. Azərbaycan xalqı qırx il əvvəldən məşrutiyyət və azadlıq, qanuni-əsası və milli hökumət quruluşu üçün İran daxilində yaşayan millətlərin hamısından artıq fədakarlıqlar edib, qurbanlar verib və xəsarətə məruz qalmışdır. Buna qırx il tarix boyu yazılan bütün ruznamələr, hətta mürtəce ruznamələrin səhifələri də belə şahiddir. Bununla belə istər Rza xan diktaturasından qabaq, istər Rza xan dövrü, istər isə şəhrivər 1941-ci ildən bu tərəfə Azərbaycan xalqı hər gün, hər saat, hər dəqiqə iqtisad, maarif, səhiyyə və zindəganlıqda olan bütün sahələrdə geri qalmış və yoxsulluq fəlakəti durmadan artırmışdır. Azərbaycan kəndləri və şəhərləri gördüyümüz kimi xarabazarlığa dönmüşdür. Azərbaycan xalqı İranın Mərkəzi Hökuməti üçün başqa əyalət xalqlarından artıq ərzaq və vergi versə də o,

bütün əyalət xalqlarından geridə qalmışdır. Mərkəzi Hökumət nəzərində o təhqirə məruzdur. Azərbaycan xalqınıın üçdə bir hissəsi Tehran və digər əyalət şəhərlərində səfil və sərgərdən bir halda yaşayırlar. Azərbaycan və onun xalqı Mərkəzi Hokumət nəzərində imperialist məmləkətlərin müstəmləkələrindən heç də fərqli deyil. Təbiidir ki, hər bir partiya millətin səadəti, azadlığı, öz məmləkətinin abadlığı üçün çalışmalı və onu əsas məqsədini təşkil etməlidir. Azərbaycan xalqının digər əyalətlərdə yaşayan xalqlar kimi ümumi ehtiyaclarından savayı bir sıra xüsusi ehtiyacları da vardır ki, onu Hizbe-Tudeyi-İran və onun mərkəzi komitəsi götürdyü siyasi xətti təmin edə bilmir. Bu xüsusi ehtiyacları Tehranda yaşayan Azərbaycan mühitindən uzaq olan bir mərkəz təmin etməkdə acizdir. Bu ehtiyacları ilk növbədə Azərbaycanın daxilində olub, onun mənafeyini yaxından düşünüb- qorunmağı öhdəsinə alan bir mərkəz təmin edə bilər. Azərbaycan xalqı söz yox, iş və əməl adamıdır. Azərbaycan xalqı heç bir vaxt illər boyu məclis nümayəndəliyinə seçiləcək şəxslərə alət olub, öz qiymətli vaxtını sərf edə bilməz. Bu xalqı bu yola sövq etmək xəyanətdir. Azərbaycan xalqı nə qədər tez öz taleyini müəyyən edib, müqəddəratını əlinə alarsa, daha doğrusu, Azərbaycanın daxili muxtariyyətini təsbit və təhkim edərsə, milləti bir o qədər xoşbəxt və məmləkəti bir o qədər abad olacaqdır.

Çağırılmış olan Hizbe-Tudeyi-İranın Azərbaycan təşkilatının əyaləti plenum Təbriz Şəhər Komitəsi. Əyalət və şəhristan təftiş komissiyası və bütün Azərbaycan vilayət və məhəlli komitələrindən seçilmiş nümayəndələrinin geniş konfransı işə başladı. Azərbaycan xalqının tərəqqi, inkişafı, səadəti və Azərbaycanın abadlığının təmini yolunda Hizbe-Tudeyi-İranın Azərbaycan təşkilatı istər rəhbərlik nöqteyi-nəzərincə partiyanın mərkəzi komitəsindən əlaqəni kəsərək bütün təşkilat ilə birlikdə Azərbaycan Demokrat Firqəsinə ilhaq olmağı (birləşməyi) qərara alır və birləşmənin vəsailini hazır etmək üçün Ağayi Sadıq Badigan – 84, Zeynalabidin Qiyami – 80, Məmməd Hüseyn Burhani – 61, Yədulla Kəlantəri – 59, Əbülhəsən Vaqif – 56 rəy ilə 5 nəfərdən ibarət olan komissiya seçildi. Əyalət komitəsinə tam səlahiyyət verilir ki, seçilmiş komissiyanın fikirləri nəzərə alınmaqla lazım bəyannamə versin”.

Əkrəm Rəhimli (Bije),

kitabı nəşrə hazırlayan və redaktor

Şərhlər bağlıdır.