CƏNUBİ AZƏRBAYCAN FOLKLORU

7 CİLD TOPLANIB VƏ ARAŞDIRILMAQDADIR

AMEA Folklor İnstitutunda “Cənub Azərbaycan Folkloru” şöbəsi 2015-ci ildən fəaliyyət göstərir. Şöbənin əsas istiqamətləri Cənubi Azərbaycan folkloru örnəklərinin tədqiqi, onların məzmun, tutum və ideya baxımından araşdırılıb sistemləşdirilməsi, Cənubi Azərbaycan folkloru toplularının transliterasiyası, canlı danışıq dilinin, milli koloritin qorunub saxlanılması, nəzəri problemlərinin araşdırılmasına bağlıdır. Folklor.az saytı Cənubi Azərbaycan folkloru şöbəsi “Guney Azərbaycan folkloru” başlığı altında 7 cilddə kitab nəşr olunduğu barədə məlumat yayımlayıb.

Məlumatda göstərilir ki, Güney Azərbaycan folklorunun I cildində Güneyli həmkarımız Məmmədəli Qövsi Fərzanənin uzun illər Cənubda topladığı folklor materialları professor İsrafil Abbaslının elmi redaktorluğu ilə hazırlanıb nəşr olunmuşdur. (“Güney Azərbaycan folkloru”, I kitab, Toplayanı: M.Q.Fərzanə, Elmi redaktoru: prof. İ.Abbaslı, tərtibat: S.Abbaslı. Bakı, 2013). Məmmədəli Qövsi Fərzanənin təqdim etdiyi örnəklər əsasən Təbriz, Yekanat və Həmədan ərazi-lərindən toplanılmışdır.

Güney Azərbaycan folklorunun növbəti II cildi də Məmmədəli Qövsi Fərzanə və Behruz Həqqinin toplama materialları əsasında tərtib olunaraq çap edilmişdir. (“Güney Azərbaycan folkloru”, II kitab. Toplayanlar: Behruz Həqqi, Məmmədəli Qövsi Fərzanə. Tərtib edən və ön sözün müəllifi: fil.ü.f.d. Sönməz Abbaslı. Elmi redaktorları: fil.ü.f.d R.Xəlilof, A.Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014).

Növbəti cilddə (III) Səməd Behrəngi və Bəhruz Dehqaninin uzun illər xalq arasından topladıqları müxtəlif nağıllar orijinaldan trasliterasiya olunaraq kitab şəklində hazırlanmışdır (Güney Azərbaycan folkloru. III kitab. Elmi redaktoru: fil.ü.f.d. M.M.Abbasova. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014).

Güney Azərbaycan Folklorunun IV cildi də əməkdaşların topladıqları materiallar, Cənub folkloruna aid kitablardan transliterasiyalar əsasında hazırlanaraq dərc olunmuşdur (Güney Azərbaycan folkloru, IV kitab. Tərtib edənlər: Dr. Hüseyn Şərqidərəcək, fil.ü.f.d. Mətanət Abbasova. Elmi redaktoru: fil.üz.f.d Qədim Qubadov. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015).

“Təbriz folklor örnəkləri” kitabı konkret bölgə material – Təbriz folklor örnəkləri əsasında işlənib hazırlanmışdır (Təbriz folklor örnəkləri. Toplayıcılar: Kazim Abbasi, Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəmməd Əlipur Müqəddəm. Redaktoru: fil.üz.f.d. S.Qaybalıyeva, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013).

Güney Azərbaycan Folklorunun V cildinin örnəkləri əsasən Təbriz, Miya-na, Xoy, Ərdəbil, Heris, Mamağan, Tufarqan və s. bölgə materiallarını əhatə edir. (Güney Azərbaycan folkloru, V kitab. Tərtib edənlər: Dr. Hüseyn Şərqidərəcək, fil.ü.f.d. dosent Mətanət Abbasova. Elmi redaktoru: fil.üz.f.d Aydın Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2015).

Guney Aşıq mühitinin zəngin, təkrarsız dastançılıq ənənələri nəzərə alınaraq növbəti Güney Azərbaycan Folklorunun VI cildi bütövlükdə dastanlar əsasında hazırlanmışdır. Kitabda Guney aşıqlarının repertuarından seçilən 12 dastan mətni və bir aşıq deyişməsi verilmişdir (Güney Azərbaycan folkloru, VI kitab. Tərtib edənlər:, fil.ü.f.d. dosent Mətanət Abbasova. Elmi redaktoru: Soltan İmaməliyev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017).

Güney Azərbaycan Folkloru seriyasının növbəti VII cildində Təbriz aşıq məktəbindən “Şikari” dastanı nəşr edilmişdir. (Güney Azərbaycan folkloru, VII kitab. Tərtib edənlər: fil.ü.f.d. dosent Mətanət Abbasova, Böyükbəy Ələkbəroğlu. Elmi redaktoru: fil.üz.f.d Aydın Mustafayev. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2018).

Şərhlər bağlıdır.