Pərvanə Məmmədli – Cənubda ədəbi proses

Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin təhqiqat obyekti əsasən Güney Azərbaycanın ədəbiyyatı, mətbuat tarixi, jurnalistikası və ədəbi qay-
naqlarıdır. Onun həmin kontekstdə fikir və duyğularını azerbaycan-ruznamesi.org-la bölüşmə niyyətini redaksiya heyəti də razılıqla qarşıladı. Pərvanə xanımın yazılarının təqdimatını “Cənubda ədəbi proses” yazısı ilə başlamağı qərara aldıq. Material bundan öncə
Ədəbiyyat qəzeti”ndə işıq üzü görüb.

Artıq 20 ildən artıqdır ki, yeni media kimi formalaşan internet vasitələri Cənubda da qısa müddətdə ictimai, siyasi-ideoloji və bədii təbliğat mexanizminə çevrilmişdir. İranda Azərbaycan dilinin statusunun yüksəldilməsi, ədəbiyyat və mədəniyyətinin təbliğ olunmasında medianın rolu danılmazdır. Nəşr və mətbuatın görəcəyi iş Cənubi Azərbaycanda çox zaman sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Yüksək tələblərə cavab verən elektron dərgiləri vardır ki, ədəbi fəzadakı boşluğu doldurmaq üçün cəhd göstərir.

Sevindiricidir ki, ötən il iki cənublu yazıçı nüfuzlu mükafatlara layiq görülüb. Fəriba Vəfiyə Almaniyanın “LiBeraturpreis” ədəbi mükafatı təqdim olunub. Bu nüfuzlu mükafatı təbrizli yazıçı “Tərlan” romanına görə alıb.

Türkiyə və Qazaxıstan rəsmiləri, 17 türk dövlətnini yazıçılarının qatıldığı Türk dünyası hekayə yarışmasının ən böyük mükafatına da güney azərbaycanlı Qəfur İmamizadə layiq görülüb. Ödül ona Azərbaycan türkcəsində yazdığı “Qırmızım” hekayə toplusuna görə verilib.

Alınan mükafatlar Cənubi Azərbaycanda yazıçılar arasında son illər hekayə janrına üstünlük verildiyinin və bu sahədə əldə edilən uğurun əyani göstəricisidir.

İlin çap məhsulları sırasında Qəfur İmamizadə Xiyavinin “Qırmızım”, İbad Məmizadə Ağdaşlının “Şaman”(ikicildlik roman) , Sulduz Dəyirmançıoğlunun “Ayrılıq siciri”, Rəsul Qədirinin “Gul axıtdı” və “Dılmanc”, Həsən Səmudi Qalaların ” Özgə”, Davud Dustarın “Hoppana”, Həsən Cavadzadənin “Məsəllər, hekayələr və deyimlər”, Həmid Məmmədzadənin “Futbolçu” və Rüqəyya Kəbirinin “Quşlar daha qorxmurlar”,  Q.Məcidfərin “Altmışlar və yetmişlər” kimi nəsr toplularının adını çəkə bilərik.

Poeziyaya gəldikdə isə Duman Ərdəmin “Səs və şeir”, “Sonuncu sufi”, Səid Muğanlının “Sənsiz yalqız qalıb Təbriz”, Yəqub Nəimının “Bu gecə yanacaq ay sənin üçün”, Elçin Hüseynzadənin “Şapkamdan uçan mamontlar”, Həsən Ruhaninin “Qış bağçası”, Asim Ərdəbilinin “Yanan yanaqlar”, Yusif Amanpurun “İtmiş şəhər”, Rasim Alimin “Qatarsız duraq”, Vahid Vicdanisəfirin “Könlüm bu dağdan çıxacaq”, Əli Urmulunun “Gözü yaşlı küçələr”, “Məftun Əmininin “Acıçay”, Rza Bərahəninin “Bal dənizi yağır gecə bağından”, Əli Urmulunun “Gözü yaşlı küçələr”, Aydın Məhəmmədinin “Ala bilmədiyim qəzetlər”, Əbülfəzl Paşainin “Öncədən sonra”, Tanış Əfsərin “Açar”, Nazxənd Sübhinin “Durnaların həsrəti məndə”, Pərvin Etisaminin “Qadınlar dünyaya sevgi bağışlar”(Tərcümə Atif Zeynallı), Həbib Fərşbaxın ” Qadın ay qadın”, Süsən Nəviderazi, Məryəm Dostam, Səhər Barani və Alma Muğanlının “Şeirimdən bir qatar keçdi” şeir topluları ötən ilin ədəbi nümunələrindəndir.

Folklor toplama və araşdırmalarına gəlincə Ənvər Seyfinin topladığı “Qaradağ rəvayətləri”, Saleh Səccadinin “Biz belə ağlardıq” Əkbər Rəncbərinin “Mərsiyələr” kitablarınının adını çəkmək olar. Ümumilikdə folklor sahəsində bir çox ğözəl işlər görülüb və görülməkdədir. “Azəri” dərgisi bu sırada böyük işlərə imza atmağı bacarmışdır. Ali Zəfərxah folklor sahəsində gözəl əsərlər toplayıb təqdim etmişdir.

Uşaq ədəbiyyatı sahəsi  Güneydə könül açandır, bu mövzuda yazılan əsərlər də çox ümidvericidir. Ramin Cahangirzadə, Xosrov Barışan, Leyla Kəhalı, Məliha Əzizpur, Murtuza Məcidfər və başqa gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur. Hazırda Cavad Vəlizadənin “Tülkü həccə gedir”, Ramin Cahangirzadənin “Ulduz” (təkrar nəşr) kitabları uşaqlara gözəl töhfədir.

Cənubda ədəbiyyatda ədəbi fikir mübadiləsi və tənqidçi fikrinə bu gün böyük ehtiyac var. Samir Kahaoğlunun “Tənqidi araşdırma və seçim”, “Azərbaycan modern şeiri incələmələri”, Nurullahi Əfrasiyabın “Şeirimizin uzaq kitabları bu boşluğu dolduran kitablardandır.

Ötən il Almaniyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafata sahib olan Fəriba Vəfi əvvəllər hekayələrini farsca yazsa da, son zamanlar ana dilində yazmağa çəhd göstərir. Onun “Zirzəmi quşu” adlı ilk romanı 2002-ci ildə işıq üzü görüb. Roman çox uğurlu olub, İranda mühüm ədəbiyyat mükafatları qazanıb. 10 il sonra roman Rotbux nəşriyyatı tərəfindən alman dilində dərc olunub.

Məşhur azərbaycanlı yazıçı Fəriba Vəfi türkcə əsər yazmağın həsrətində olduğunu və məcburiyyət qarşılığında farsca yazdığını bildirir: “Sanki mənim iki dünyam var. Biri öz dünyamdır ki, doğma ana dilimdə yaşayır, düşünür, digəri ilə də yazıram. Bu romanda “Türk” sözü işlənir. Amma burada bir növ zarafatdır. Lakin bəzən cəmiyyətdə bu diskriminasiya şəklində, təhqir formasını alır ki, əlbəttə bu xoşagələn deyil. Hələ də bu şeylərə rast gəlinir, bəli.”

F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild hekayə və roman kitabının müəllifidir. Yazıçının “Mənim quşum” və “Tibet röyası” əsərləri İranın bir neçə mötəbər ədəbi mükafatına layiq görülüb. Azərbaycanlı yazıçının bir neçə hekayə əsəri italyan, anadolu türkcəsi, alman, norveç, fransız, rus, isveç, ərəb, yapon və ingilis dillərinə tərcümə olunub.

Bu da diqqətçəkicidir ki, İranın ən məşhur nəsr ustaları azərbaycan türkləri olub. Keçmiş nəsildən Qulamhüseyn Saidi, Səməd Behrəngi və bu gün yaşayıb yaradan Rza Bərahəni və Fəriba Vəfi. Xanım Fəriba Vəfi də daxil olmaqla bu adlar İran ədəbiyyatında artıq sabitləşib və yazıları dünya səviyyəsindədir.

Kanadada yaşayıb-yaradan yazıçı, şair və tənqidçi Rza Bərahəni təəssüf ki, azərbaycan oxucusuna tanış deyil, ya da oxucular ondan az məlumatlıdır. Ötən il onun “Bal dənizi yağır gecə bağından” şeir toplusu işıq uzu gördü. (Fars dilindən çevirən Dr.Səməd Səbağ, hazırlayanlar: Arzu Muxtarı və Məhəməd Abaspurdur)

 

Qavalçalan oxuyar dağ ətəgində,

Bağın dibində,

Sənin əksini tapanda,

Bu əksi basanda bağrına gizlin,

“Dilim!”, “Dilim!” deyən

Heyf olmuşum, yazığım,

Gözəl dilim,

Necə bağrımda yandı,

Lap külə döndü

 

– misraları ilə başlayan şeirin yalnız 10 faizi farscadır.

Rza Bərahəni İranda Avropa tipli ədəbi tənqidin banisidir və buna görə “İran ədəbi tənqidinin atası” kimi tanınır. Eyni zamanda o, İranda modern və postmodern ədəbiyyatın öncüllərindəndir. Farsca yazan ədibin indiyədək 60-dan çox kitabı (o cümlədən, 15 şeir kitabı) nəşr olunub. Əsərləri ingilis, fransız, alman, rus, ərəb, türk, ispan, isveç və s. dillərə tərcümə edilib. İngiliscə orijinal əsərləri də var.

Rza Bərahəninin hekayə və şeirləri nüfuzlu antologiyalarda dünya ədəbiyyatının Markes, Nabokov, Oktavio Paz, Nazim Hukmət, Borxes, Şimborska kimi simaların əsərləri ilə birgə nəşr olunub, “Nyu-York tayms”, “Vaşinqton post”, “Mond”, “Fiqaro”, “Taym” kimi mətbuat orqanlarında haqqında yazılar dərc edilib. Ədəbi fəaliyyətinə və insan haqları sahəsində mübarizəsinə görə çoxlu beynəlxalq mükafatlara layiq görülüb.

“Quşlar daha qorxmurlar” romanı Rüqəyyə Kəbirinin işıq üzü görən üçüncü romanıdır. Ruqəyyə Kəbiri realist yazar və çoxlu rasional hekayələr müəllifidir. Onun əsərlərini oxuyarkən sanki oxucu real həyatda personajlar ilə birgə yaşayır. Romandakı hadisələr Xoy şəhərində Cənubi Azərbaycanın iki önəmli tarixi dönəmində – 1945 və 1979-cu illərdə baş verir. Roman Nilufər və Nərgiz adlı iki fərqli nəsildən olan qadının həyat hekayəsi üzərində qurulub. Milli hökumətin quruluşu və hökumətin dağılmağından sonrakı mühacirət məsələsi Nilufərin yaşayışında iz buraxırsa, 1979-cu il inqilabı, üstəlik inqilabdan asılı olan hadisələrdən sonra ziyalıların və solçuların mühacirəti də Nərgizin yaşayışında iz buraxır. Bu roman tarixi roman olmasa da, tarixi hadisələr Muxtar, Nəriman, Xanağa və Səlman kimi obrazların yaşayışlarını çək-çevir edir.

Qeyd edək ki,son beş ildə Rüqəyyə Kəbirinin “Evim” və “Yerdən uca torpaq” romanları, “Ürəyim ağrıyır”, “Bu qapı heç çalınmayacaq”, “İçimdəki qız” və “Dünya qabar çalıb, yoldaş” hekayə kitabları və Çin səfərindən bəhs edən “Saçaqdan asılmış əjdəha” adlı səfərnaməsi işıq üzü görüb.

Rəsul Qədirinin ötən il ikicilddə öykü (hekayə) toplusu çap olunub.”Gul axıtdı” adlı birinci kitab yazıçının 23, “Dılmanc” adlı ikinci kitabı isə 27 öyküsünü çevrələyir. Öykülərin bir qismi xalq arasında yayılmış folkor örnəkləri üzərində qurulub. Başqa  qismi isə yazıçı təxəyyülünün məhsuludur. Nəsr nümunələrinin dili çox anlaşıqlı və axıcıdır.

Cənub poeziyasında qabarma və çəkilmələr həmişə ictimai gedişatla bağlı olub, Şimalda və Türkiyədə nəzərə çarpan mətbuatın siyasi rejimə tabe olması, dünyada gedən ədəbi yeniliklər ədəbi prosesin üfüqlərini genişləndirib.

…”Cənub şeir dilinin Azərbaycan türkcəsində tipik nümunəsi Əlirza Nabdil Oxtayın yaradıcılıq dilidir. Oxtayın dili həm kamil ədəbiliyi ilə səciyyələnir, həm də onda bilavasitə Cənub nitq nümunələri əks olunur”

Akademik T.Hacıyev haqlı olaraq Türkiyə türkcəsini yamsılayan müəlliflərə doğma dilin bitib-tükənməyən poetik örnəklərindən uzaqlaşmağın perspektivi olmadığını, Ə.Oxtayın yaradıcılığı timsalında sübut edir. Onun aşağıdakı

 

Yağdı yağışlar Eynal-Zeynalda,

İslanmış dağın qızıl camından

Təbrizdə sellər ətəyə axdı.

Sonra bu yellər çaylara gəlib,

Dağın rəngini şəhərə yaxdı

 

misralarını misal gətirərək belə qənaətə gəlir ki, “… bu dildə folklor-bayatı əhvallı canlı xalq danışığı, siyasi-milli məzmun, gözəl ədəbi Azərbaycan türkcəsi səlis gözəl, harmonik şəkildə birləşmişdir. Oxtayı fədailikdə ancaq Səttarxanla, vətənsevərlikdə ancaq Səməd Behrəngi ilə müqayisə etmək olar. O, şairləşmiş Səttarxandır,o şeirin Səttarxanıdır”.

Tanınmış ədib Yəqub Nəimının “Bu gecə yanacaq ay sənin üçün” adlı birinci şeir kitabını ədəbi cameə maraqla qarşılamışdır. Sevgi dolu incə duyğularla yüklənmiş misralar şairin romantik dünyasından xəbər verir :

 

“Bu gecə yanacaq ulduzlar,

bu gecə mahnılanacaq ay sən üçün

bu gecə yelləndirəcək saçlarını

dəniz mənim üçün

dəsmalını vermə yelə saçlarından

asılmağa – məhkum mən

gəl bırlikdə mahnısında boğulaq ayın.

 

İmran Səlahinin şeirlərinin əsas fəlsəfəsini müşahidə etdiyi həyati lövhələri təşkil edir. Şair hədəf-məqsədini aydın şəkildə oxucuya bəyan etməyi bacarır:

 

Ayna kımı parçalandıq, sınmadıq!

Daş atanlar bilmədılər,

Parçalanmış aynada bır aydan

min ay çıxar

Bır günəşdən min günəş,

bir ulduzdan min ulduz

Parçalandıq, ayna kimi çoxalarıq,

çoxaldarıq işığı

 

Güney Azərbaycan ədəbiyyatı daha çox hansı ədəbiyyatın üstündə köklənib, formalaşıb? Güney Azərbaycan ədəbiyyatına bağımsız müstəqil demək olarmı -sualları ətrafında “Ulduz” jurnalının noyabr sayında debat olub. Cənubi Azərbaycan ədəbiyyatı bağlı ədəbi müzakirədə cənublu yazıçı Həmid Arğış, tərcüməçi Yədulla Kənani və ədəbiyyatşünas, publisist Pərvanə Məmmədli(moderator) iştirak edirlər.

Yədulla Kənani Güney Azərbaycan ədəbiyyatı müxtəlif ədəbiyyatların təsiri altında formalaşdığını, əski ədəbiyyatın əsasən Qüzey Azərbaycan ədəbiyyatı, müasir ədəbiyyatın isə daha çox Avropa və Latın Amerika ədəbiyyatı üstə qurulduğu fikrini bildirib. Yəni hal-hazırda Avropa və Latın Amerikası ədəbiyyatı bolluca fars dilnə tərcümə olunduğu üçün, Güney Azərbaycan yazıçıları bu tərcümələrdən yararlanaraq ədəbiyyatı zənginləşdirirlər. Əlbəttə Türkiyə ədəbiyyatının da təsiri az deyil.

Hamid Arğışın fikri isə bir az fəqrlidir. Ona görə Güney Azərbaycan ədəbiyyatı son illərəcən dünyanın kölgədə qalmış ədəbiyyatlarından biri kimi sayılmaqdaydı. Amma artıq bu ədəbiyyat dünya çapının tanıtım aşamasına keçmək üçün çaba ğöstərməkdədir.

Güney ədəbiyyatında hər bir yazar öz yolunu gedir. Orada ortaya çıxan əsərlər dünya ədəbiyyatı ilə ilgili yox, bəlkə də öz içlərindən qaynayan bulaqdan yaranmış əsərlərdir.Yarın teli və gül -bülbüldən yazmaqla ədəbi axın yaranmır. Yazıçı da tarixini bilməlidir, toplumu tanımalıdır, millətini tanımayan bir yazıçı və şair heç zaman ədəbi bir axın yarada bilməz. Azərbaycan kültürü, hakim fars kültürü çərçivəsində məhkum və sürgün durumu yaşaması, xalqın toplumsal və mədəni haqlarından məhrum olması, bütün ziyalıları düşündürür.

Güneydə tarixən fədakar ziyalılar olub ki, bu ədəbiyyata bacardıqca sahib çıxmağı özlərinə borc biliblər, bu yükün ağırlığını daşıyıblar. Bunu qəbul etməliyik ki, orada işlənən dil siyası baxımdan ədəbiyyat dili deyil (həm də hakim dil, fars dilidir). Və üzə çıxan ədəbiyyat bir növ dəmyə yerin məhsuludur. Necə deyərlər, yağış yağdı, yağmadı elə məhsul budur. Bu da varlığı, dili, ədəbiyyatı qorumaq üçün bir mubarizədir.

 

 

Şərhlər bağlıdır.