MİRZƏ RƏBİ KƏBİRİ (1889 – 1947)

MİLLİ ORDUNUN GENERALLARI   

    Azerbaycan-ruznamesi.org “21 Azərdən doğulanlar” rublikası ilə  təqdim etdiyi ilk yazıda Milli Ordunun mayoru Məmi Sadiqi barədə müfəssəl yazını yayımladıqdan sonra oxuculardan xeyli məktub aldıq. Onların əksəri çoxlarının dərindən tanımadıqları MO-nun generalları haqqında da ictimaiyyəti bilgiləndirməyi xahiş etdilər. Həqiqətən də apardığımız söhbətlər bunun zəruriliyini göstərdi. İllər ötür, tanınmış şəxsiyyətlər haqqında məlumatsızlığın az qala tendensiyaya çevrilməsinin günahı əlbəttə bu gün həmin işi doğma vəzifəsi saymalı olan insanların ünvanına yazılır.

 Milli Ordunun generalları silsiləsindən materialların təqdimatına Mirzə Rəbi Kəbiri ilə başlayırıq.

                                          

Görkəmli dövlət xadimi Mirzə Rəbi Kəbiri 1889-cu ildə Marağada mülkədar ailəsində anadan olmuşdur. Atası xeyirxahlığı və kimsəsiz adamlara maddi yardım etməsi ilə böyük şöhrətə malik idi. Kəbiri orta təhsilini Marağada başa vurmuşdur. Mirzə Rəbi Kəbiri Azərbaycanda milli muxtariyyət əldə etməsinə və azadlığa qovuşmasına ürəkdən bağlı idi. Ona görə də şah rejimində yüksək vəzifələrdə işlədiyi zaman xalqın mənafeyini müdafiə etdiyi üçün dövlət vəzifələrindən uzaqlaşdırılmışdı.

Azərbaycan milli azadlıq hərəkatı dövründə, xüsusilə 1944-1945-ci illərdə Marağa şəhəri və onun ətraf kəndlərində mərkəzi hökumətə qarşı fədai dəstələrinin təşkil edilməsində böyük rol oynayır, tezliklə bu dəstələrin komandiri olur. 1945-ci il 12 dekabrda milli azadlıq hərəkatının sürətli inkişafı zamanı Marağa və Təbrizdə şah qoşunlarının tərkisilah olunmasında və Milli Hökumətin təşkilində onun böyük xidmətləri olmuşdur. Buna görə də Milli Hökumətin Baş naziri Seyid Cəfər Pişəvəri Mirzə Rəbi Kəbirini öz hökumətinin tərkibinə daxil edərək onu poçt, teleqraf və yol naziri təyin edir.

1945-ci ilin əvvəllərində şah qoşunları və əksinqilabi qüvvələri Kəbirinin başçılıq etdiyi fədai dəstələri tərəfindən ləğv edilir və Həmədan tərəfə qaçırlar. Bunu nəzərə alan Azərbaycan Milli Hökuməti Mirzə Rəbi Kəbirini Xalq Qoşunlarının generalı rütbəsi ilə təltif edir və Milli Məclis tərəfindən göstərdiyi şücaətə görə ona “21 Azər” medalı və ” Səttarxan” ordeni təqdim olunur.

Mirzə Rəbi Kəbiri inqilabi fəaliyyəti dövründə öz əmlakı hesabına Marağanın ətraf kəndlərində , o cümlədən Xocamir kəndində milli məktəblərin açılmasına kömək etmişdir.

Xain Məhəmməd Rza şahın rejimi Azərbaycan xalqının əldə etdiyi milli muxtariyyət hüququnu ləğv etmək qərarına gəldiyi bir vaxtda (5 dekabr 1946-cı il) Zəncan vilayətində şahpərəst olan böyük feodal Zülfiqarinin silahlı dəstələrinin iştirakı ilə jandarm qüvvələri hücum edərək Şeyx Məhəmməd Əli İshaq Musəvini öz iqamətgahında vəhşicəsinə öldürür və pəncərədən küçəyə atırlar. Bir gündə bir neçə inqilabçını məhv edirlər. Mirzə Rəbi Kəbirinin fədai dəstələri mərkəzi hökumətə qarşı mübarizəyə qalxır, hər yerdə etiraz mitinqləri təşkil edir. Marağa şəhərinin Xanhamam meydanında təşkil olunmuş mitinqdə çıxış edərək  Kəbiri açıq şəkildə bildirir ki, şah rejimi özünün məmurları vasitəsi ilə ona Azərbaycanın valiliyini təklif edir, bu şərtlə ki, o, Milli Hökumətdən çıxsın və milli hərəkatı tərk etsin.

Lakin Kəbiri onlara belə bir cavab verir:

– Bu qeyri-mümkündür, mən  Azərbaycan kəndliləri ilə oraq götürüb biçinə gedərəm, şahın bu vəzifəsini qəbul etmərəm.

Mitinq iştirakçıları Kəbirinin bu hərəkətini hərarətli alqışlarla qarşıladılar.

General Kəbiri çox cəsur və qorxmaz insan idi. Bu ərəfələrdə Marağadan Təbrizə gedərkən onun yolunu gözləyən şah xəfiyyəsinin əlaltısı xain Cəmşid xan İsfəndiyari general Kəbirinin getdiyi maşını qəflətən mühasirə edərək onu və müşaiyyətçilərini həbs edir.

Kəbirini əvvəlcə Təbirzə və sonra Marağaya gətirirlər. 20 dekabr 1946-cı ildə hərbi məhkəməyə verilir və o, məhkəmə qarşısında cəsarətlə çıxış edərək deyir: “Mən tam məsuliyyətlə deyirəm ki, Azərbaycan xalqının milli hüququnu ələ almaq üçün bu hərəkata qoşulmuşam və məsuliyyəti mən daşıyıram. Burada heç kim günahkar deyildir.”

O, hərbi məhkəmədə ölümə məhkum oldu.Kəbiri ölüm ayağında belə özünü

cəsarətlə aparır və “Yaşasın Azərvaycan!” – deyə ölümü qəhrəmanlıqla qarşılayır.

1947-ci ilin əvvəllərində Pəhləvi rejiminin cəlladları Marağa şəhərində onu bütün əmlakı müsadirə edilməklə dar ağacından asdılar.

Azərbaycan xalqının mübariz oğlu, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Milli Məclisin nümayəndəsi, görkəmli dövlət xadimi Mirzə Rəbi Kəbirinin mübarizə həyatı gənc nəsil üçün nümunə və örnəklərlə doludur.

Azərbaycan xalqı azadlıq və tərəqqi yolunda imperialist və səltənət rejiminə qarşı mübarizələrdə canından keçmiş Mirzə Rəbi Kəbirinin xidmətlərini heç vaxt yaddan çıxarmayacaqdır.

 

Güləddin İsmayılov

 

Şərhlər bağlıdır.