Hilal Nasiri

 Qızıl ordunun yola salınması haqqında

Aman haraya gəlin, yari-mehriban gediri

Edibdi qəlbimizi bir parça ləxtə qan, gediri.

Kəməndi-eşqə giriftar edib məhəbbətlə

Fəraq odunda qoyub, indi də yaman gediri

Necə yanıb ürəyim, şahidimdi çeşmi-nərim

Bu qandı, gözdən olub müttəsil rəvan gediri.

Həbibim, indi nə halətdəyəm, özüm bilirəm

Gözüm görür ki, bədənimdən çıxıbdı can, gediri

Gözüm axır, ürəyim titrəyir, dizim bükülür

Olan bu cismim için taqətü təvan gediri

O getdiyin yola baxdıqca gözlərim qaralır

Edib o yol məni min oxlara nişan, gediri

O dilbəri ki, mənə süngüsilə verdi həyat

Necə gör indi edir qəddimi kəman, gediri

Nə çarə eyləyim axır, onu sevir ürəyim

O dövr dalınca olubdur dəvan-dəvan, gediri.

Əgərçi güllərimiz indi gülüstanda açıb

Həyatımıza gözəllikcə hər zaman gediri

Və leyk yarə əlaqəm o qədərdir, guya

Ki, güllərim də gedir, həm də gülüstan gediri.

Hilal, sanma ki, yarın çevirdi üz səndən

O da sənin kimi, Vallahi, bağrı qan gediri

Ümid bağla vüsala ki, səndən ayrılmaz

O ruh kim, eliyibdir səni cavan, gediri.

   “Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 186, 30.04.1946

P.S. Hörmətli oxucular sizlərə təkrarən təqdim etdiyimiz fotoşəkildəkilərdən biri də bu şeirin müəllifi Əli Hilal Nasiridir. Doktor Səməd Bayramzadənin əldə etdiyi məlumatlarda göstərilir ki, Məhəmməd Əli Hilal Nasiri 1903-cü ildə Təbriz şəhərində anadan olmuşdur.  O, ibtidai təhsilini köhnə üsullu məktəbdə alaraq sonra şəxsi mütailə ilə məlumatını artırmiş və iki il  “İttihadiyyə” və  “Ruşdiyyə” məktəblərində riyaziyyatdan dərs  demişdir. Təbrizdə Şeyx Məhəmməd Xiyabani hərəkatı başladiği zaman Hilal Nasiri firqənin ilk təşkilatının katibi olmuşdur.

Cənubi Azərbaycanda 1941-1946-cı illər milli-demokratik hərəkatı dövründə və xüsusilə 1945-1946-cı illər xalq hakimiyyəti illərində Hilal Nasirinin ədəbi yaradiclığı daha məhsuldar olmuşdur.

Kitab və məcmuə çap etmək, bu yolla xalqın intibahına yardım göstərmək onun sevə-sevə çalışdığı sahələrdən biri idi.

O, Azərbaycan və fars dillərində “Azərbaycan ulduzu” (“Sitareyi-Azərbaycan”) qəzetini ,   “Hophopnamə”, “Divani-lahuti”,  35 min sözdən ibarət “Farsca-fransızca lüğət” və digər kitabları çap etdirmişdir.

Eyni zamanda “Mirzə Taği xan Əmiri-Kəbir”,   “Necati-bəşər”,  “Ana dili” pyeslərini yazib Təbriz səhnəsində tamaşaya qoymağa müvəffəq olmuşdur (bax: http://www.varliginsesi.com/vs08/vs0808.htm).

Hilal Nasiri 21 Azər hərəkatının da fəal iştirakçılarından və milli dövlət quruculuğu işlərində də aktif iştirak edənlərdən olmuşdur. O, 1945-ci ilin sentyabr ayının 25-də Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi tərəfindən firqənin 2-4 oktyabr tarixləri arasında keçiriləcək 1-ci qurultayına seçilmiş 59 nəfər nümayəndədən biri olmuşdur (Bax: https://tabrizpedia.info/3-)

1946-cı ilin dekabr ayinda Təbriz şəhəri Tehran qoşunları tərəfindən tutulduqdan sonra Hilal Nasirinin sonrakı həyatı haqqında məlumat yoxdur.

Şeirə gəldikdə isə 20 Yavar, Xocalı faciələrini yaşamış bir xalq üçün indi Qızıl Ordunun vəsfi heç də qəbul olunmazdı. Lakin bu ordunun öz simasını saxlayanadək Avropanı faşizmin buxovlarından azad etməsi, Asiyanın və Afrikanın bir çox öıkələrinin müstəqillik qazanmasında həlledici faktorlardan biri olması danılmaz həqiqətlərdir. Ona görə gəlin Hilal Nasirinin barəsində yazdığı ordu ilə simasızlaşdılmış bir cəza strukturunu qarışdırmayaq. Hərəni öz adıyla çağıraq.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.