TEHRAN-TƏBRİZ YOLUNDA

3. 9 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə

Azərbaycan xalqının müraciəti

Azərbaycan xalqı illər boyu irticanın zülmü və təzyiqi altında əzilib və dağıdılıb. Onun vətənpərvər, azadlıqsevən oğulları müstəbidlərin qanlı pəncəsi altında məhv və yox edilirdi. 40 il bundan qabaq müqəddəs vətənimizin qəhrəman oğulları və mücahidləri azadlığı ələ almaq üçün İranda birinci dəfə Azərbaycanın mərd və igid qəhrəmanı olan Səttarxanlar və Bağırxanları, öz igid azərbaycanlı  balalarını başına toplayaraq hər biri bir şir kimi əldə silah bir ideal və bir fikirdə istibdadın İranda zülm və sitəm zəncirini qırdılar.

Lakin Rza xan irticası Azərbaycan xalqının qanı bahasına aldığı məşrutəni (konstitusiyanı – red.) aradan apardı. İranda şiddət, zülm, sitəm ərşə ucaldı. Buna baxmayaraq Azərbaycan xalqının ürəyində azadlıq alovu şölələnirdi. Azərbaycan Məşrutə inqilabının ilk beşiyi olduğu üçün yenə də xalqımız Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi  ilə ayağa qalxıb Azərbaycanda kök salmış Rza xan diktaturasını devirdi. Bununla xalqımız öz əcdadının ona tapşırdığı müqəddəs yurdu zalımların çəngindən əbədi olaraq xilas etdi. İndi dörd aydır ki, xalqımızın üzü gülür. Milli hökumətimiz yaranandan xalqımıza tam demokratiya verilmiş, kişilərlə xanımlar siyasi hüquqda bərabər olmuşlar. İndi Azərbaycanın Milli Məclisi və Milli hökuməti mövcuddur. Milli hökumətimiz və Milli Məclisimiz hər gün xalqımızın rifah halını yaxşılaşdırmaq üçün Məclisdən qanunlar keçirmiş və keçirməkdədir.

İndi kəndlilərimizə pulsuz olaraq topraq verilmişdir. Fəhlə və kəndlilərimiz tiryəkçi jandarmaların zülmündən xilas olmuşdlar. İndi kəndlərimizdə nə jandarma və nə də onun yaratdığı cinayətlərdən bir əsər qalmışdır. Azərbaycan xalqı tarixində bir daha da öz qəhrəmanlığını və azadsevərliyini göstərdi. Azərbaycan öz böyük demokrat firqəsininin rəhbərliyi altında milli vəhdət yaradıb 40 illik Məşrutə inqilabı tarixini, onun qəhrəman mücahidlərinin irtica əleyhinə qaldırdığı milli qiyamı 21 Azərdə (12.12.1945) Milli hökuməti yaratmaqla nəticələndirdi.

İndi Azərbaycanın üfüqlərində artıq Milli hökumətin bayrağı dalğalanır. Bizim xalqımızın hamısı bir nəfər kimi silaha sarılıb öz azadlığını, dövlətini müdafiə etməyə canı və malı ilə hazırdır. Biz Azərbaycan xalqı öz Milli hökumətimizə və firqəmizə minnətdarıq. Ona görə ki, firqəmizin yaratdığı Milli hökumət xalqımızın əmniyyətini və gələcək səadətini təmin etmiş və müqəddəs vətənimizi irtica üzvlərinin əlindən və zəncirindən xilas edib azərbaycanlı balalarına vermişdir. Biz ona görə Milli hökumətimizə minnətdarıq ki, Azərbaycan öz istədiyinə nail olub. Beş milyonluq Azərbaycan xaqlı üçün demokratiya və həqiqi azadlıq yaratmışdır. İran daxilində Azərbaycan xalqı dörd aydır ki, özü öz istədiyinin sahibidir. Xalqımız üçün yüz minlərlə iş yeri açılıb. Bu cavan hökumətimizin bu az müddətdə əldə etdiyi müvəffəqiyyətlər xalqımızı sevindirir. İişsizliyin qabağını almaq məqsədilə bu az müdətdə Milli hökumətimiz təzə fabrik-zavodlar yaradıb, get-gedə mədəniyyətimiz və iqtisadiyyatımız tərəqqi etməkdədir. İndi Azərbaycan xalqı öz dilinin sahibi olmuşdur. Milli hökumətimizin sayəsində xalqımız günü-gündən tərəqqiyə doğru irəli gedir. Buna görə Azərbaycan xalqı öz Milli hökumətini və azadlığını sevir və öz azadlığını əldə saxlamağa da qadirdir.

Azərbaycan xalqı irticanın həmlələrinə və hiylələrinə bundan sonra aldanmayıb onun hər bir təhdidi qarşısında öz sinəsini sipər edib müqəddəs vətənin azadlığını bir nəfər azərbaycanlı qalana qədər müdafiə edəcəkdir. Bu gün xalqımızın möhtərəm nümayəndələri, üsusən firəqmizin sədri, Milli hökumətimizin Baş naziri Tehrandan Azərbaycana gəlmiş nümayəndələrlə birlikdə Tehrana tərəf hərəkət edirlər. Biz möhtərəm nümayəndələrimizə aşağıdakı beş milyonluq Azərbaycan xalqının dediyi sözləri tapşırırıq.

1-Biz Azərbaycan xalqı ümid edir ki, indiyə qədər milli hərəkatımıza rəhbərlik edən firəqmizin sədri və Milli hökumətimizin Baş naziri nümayəndələrimizlə birlikdə Tehranda bağladıqları və danışdıqları sazişdə ilk öncə Azərbaycan xalqının azadlığı və onun mənafeyi indiki kimi nəzərdə tutulmalıdır.

2-Tehran hökuməti ilə hər hansı müqavilə bağlanarsa, Azərbaycan xalqının iradə və müvəffəqiyyəti ilə olmalıdır.

3-Azərbaycan xalqı öz oğullarının qanı bahasına bu azadlığı əldə edib Milli hökuməti yaratdığı kimi bir nəfər azərbaycanlı qalana qədər onu hifz edəcəkdir.

4-Biz möhtərəm və sevimli nümayəndələrimizdən xalqımızın yaratdığı azadlığa və Milli hökumətə ziyan dəyməməsini tələb edirik. Biz nümayəndələrimizə inanırıq və əminik ki, onlar yüzdə-yüz xalqımızın mənafeyini hifz edəcəklər.

Qoy bütün dünyanın demokratik millətləri bilsin ki, hər kəs bizim azadlığımızı təhdid edərsə və ya boğmaq istərsə, od və alov ilə qarşılanacaqdır və bizim üzərimizə uzanan xain əllər Azərbaycan xalqının qüdrətilə kökündən kəsiləcəkdir. Biz öz nümayəndələrimizi gül-çiçəklə yola salırıq.

Beş milyon Azərbaycan xalqının müqəddəratı sizə tapşırılır. Sizin bu məsuliyyətli tarixi vəzifənizi müvəffəqiyyətlə yerinə yetirməyinizi bütün Azərbaycan xalqı arzu edir. Azərbaycan xalqının salamını Tehranda olan bütün azadlıqsevərlərə yetirin.

Yaşasın Milli hökumətimiz!

Yaşasın həqiqi azadlığınız!

Yaşasın qəhrəman Azərbaycan xalqı!

Yaşasın müqəddəs ana vətənimiz Azərbaycan ölkəsi!

Yaşasın Azərbaycan xalqının yaratdığı Milli hökumət!

Yaşasın hərəkatımızın başçısı Pişəvəri!

                                        Təyyarə meydanında

Azərbaycan nümayəndələri onları yola salmağa gəlmiş minlərlə şəhər əhalisinin qarşısında şiddətli alqışlar və gül dəstələri altında çıxış edib Azərbaycan xalqı ilə müvəqqəti olaraq ayrıldılar. Cənab Şəbüstəri mitinqi açıq elan etdikdən sonra bu cür qısa bir başlanğıc nitqi söylədi:

– Sizin icazəniz ilə təyyarə meydanında təşkil olunmuş mitinqi açıq elan edirəm. Bu gün Azərbaycan millətinin nümayəndələri Tehrana gedirlər. Azərbaycan xalqı bilməlidir ki, məşrutə yolunda minlərlə qurbanlıqlar verib axırda məşrutəni almışdır. Bu məşrutə indiyə kimi qəsb olmuşdur. 21 Azərdən bu tərəfə Azərbaycan xalqı böyük müvəffəqiyyətlər əldə etmişdir. Azərbaycan xalqı bu gün azad bir xalq olmuşdur və bu azadlığı hər qiymətə olursa olsun, hifz edəcəkdir. İndi Azərbaycan xalqının nümayəndələri Tehranda bir prosedura qəbul edəcəklər ki, Azərbaycan xalqının həqiqi istəkləri olsun və onlara bir məsuliyyət aid olmasın. Qətidir ki, Azərbaycan xalqı tamamilə onların arxasında durub və öz nümayəndlərinin sözlərinin həyata keçməsi uğrunda hər cür fədakarlığa hazırdırlar (Hamı: hazırıq, hazırıq!).

Cənab Şəbüstəri nitqini qurtardıqdan sonda millət tərəfindən verilmiş medalı cənab Pişəvəriyə verdi. Bu zaman gurultulu alqışlar havanı bürüdü və minlərlə “ura” səsləri uzun bir müddət davam etdi. Ondan sonra cənab Şəbüstəri dedi:

– Kürd qardaşlarımızın böyük rəhbəri cənab Sədr Qaziyə söz verilir.

Cənab Sədr Qazi gürultulu alqışlar altında sözə başladı:

– Mən çox təəssüf edirəm ki, Azərbaycan dilində yaxşı bilmədiyim üçün bu həssas mövqedə öz duyğularımı təcəssüm etdirməyə, deməyə imkan tapa bilmirəm. İndi ki, cənab Pişəvəri Azərbaycan milləti tərəfindən Tehrana nümayəndə olaraq gedir, onlar yalnız Azərbaycan xalqının nümayəndələri deyil, eyni zamanda kürd millətinin də nümayəndələridirlər (gürultulu alqışlar). Bu gün  Azərbaycan xalqı kürd xalqı ilə birlikdə sarsılmaz bir vəhdət yaratmışlar və bu vəhdət onlara icazə verir ki, bir-birilərinin hüquqlarını layiqincə müdafiə etsinlər…

Bununla bərabər biz də kürd xalqın tərəfindən iki nəfər nümayəndəni, cənab Məhəmməd xan Seyf Qazi və cənab Sədr Qazini Tehrana göndəririk. Bu nümayəndələr bizim tərəfimizdən oraya gedirlər və millətimiz onlardan məsuliyyət tələb edəcəkdir. Gərək buraya bir cür qayıtsınlar ki, millətin hörmətini və tarixdə də böyük bir ad qazansınlar.

Mən vaxt az olduğu üçün sözümü qurtarıram və sizdən xahiş edirəm ki, sevimli nümayəndələrimizin sağlığına ura çəkəsiniz (ura və gürultulu alqışlar arasında gül dəstələrinin səpilməsi).

Onlardan sonra Milli Məclisin birinci katibi və şəhər komitəsinin sədr müavini cənab Mirrəhim Vilai “Azərbaycanın müraciəti” ünvanlı nitqini söylədi (onun nitqi bu sayımızda çap olubdur).

Ondan sonra Baş nazir cənab Pişəvəriyə söz verildi. Pişəvəri uzun müddət boyu davam edən alqışlar arasında danışığa başladı:

– Hörmətli həmvətənlər! Azərbaycan çox tarixi günlər keçirib minlərlə böyük hadisələrin şahidi olmuşdur. Bu halda tarixdən danışmaq imkanı olmadığı üçün sözlərimi xülasə edirəm. Azərbaycan xalqı fəqət 21 Azərdən bu tərəfə özünü dünyaya tanıtdırmağa müvəffəq olmuşdur.

Bu, bizim xalqımızın yorulmadan çalışması və firqəmizə olan etimadı sayəsindədir. Milli hökumətimizin bu az müddətdə əldə elədiyi müvəffəqiyyət fəqət bu etimada və xalqın hüsnü-rəğbətinə bağlıdır.

Onlar firqəyə etimad edərkən düşündülər ki, onların milli qüdrətlərini təmərküzləşdirmək üçün onlara bir yol göstərən və bir rəhbər lazımdır. O da öz firqələri idi. Firqəmizin rəhbərliyi sayəsindədir ki, indi 5 milyon Azərbaycan xalqı hamısı bir ölmək, bir qalmaq istəyir.

Mən inanıram ki, siz öz nümayəndələrinizin həqiqi dayağısınız. Nümayəndələr sizin etimadınız əsasında var qüvvələri ilə Azərbaycan xalqının azadlığını müdafiə edəcəklər.

Mən əminəm ki, fədailərimizin silahları ilə ələ gətirdiyimiz azadlığı heç kəs bizdən ala bilməyəcəkdir. Biz o vaxt Tehrana gedib oranın mürtəce hökumətini də aradan götürməyə imkan tapa bilərdik ki, bütün İran üzərində azadlığı həyata keçirək. Amma beynəlxalq şərait tələb edirdi ki, Azərbaycan güzəştə getsin.

Bu o demək deyildir ki, bir qrup adam bizim azadlığımızı əldən çıxarmaq üçün təşəbbüs edə bilsin.

Biz istəyirik ki, sülh yolu ilə bütün işlər həll olunsun. Biz istəyirik ki, bütün İranda demokratik bir rejim yaransın və xalq öz evində və öz hüququna malik olub cəmiyyətdə fəaliyyət etməyə maraqlı olsun.

Biz əvvəldə demişdik ki, bizim fikrimiz ayrılmaq deyildir. Tehran hökuməti jandarma, top və tüfəng gücü ilə bizi əzmək istəyirdi. Buna görə idi ki, Milli hökumət xalqımızın möhkəm imanı sayəsində yarandıqdan sonra  azadlığımızı qorumaq üçün bizi əmin edən bir qüdrət yaratdı ki, daha heç bir amil bizim varlığımızı təhdid edə bilməsin.

Biz istəyirik, bütün qardaşlarımız İran üzərində azad olsunlar.

Biz deyirik ki, bir hovuzun içində iki cür su olmayan kimi hər məmləkətdə də müxtəlif siyasətlər ola bilməz. Hökumət gərək xalqın öz hökuməti olsun və xalqın özü bu hökuməti təyin etsin. Biz bir nəfərimiz qalınca öləcəyik və ya İranın bütün məzlum xalqlarını azad edəcəyik.

Biz bilirik ki, xalqımız öz azadlıqlarını qoruyacaqdır. Azadlığımızı təsbit etmək üçün gərək nümayəndələrinizin dalında durasız, lazım olarsa, Tehrana da gələsiniz  (gürultulu alqışlar). Qoy onlar bilsinlər ki, 4 ayın müddətində bu hərəkatı yaradan Pişəvəri və Badeqan deyil, 5 milyon Azərbaycan xalqıdır. Biz Azərbaycan Demokrat Firqəsinin bayrağını əbədi olaraq qüvvəli əllərimiz ilə uca saxlayacağıq. Firqəmiz qalib xalqımıza rəhbərlik edəcəkdir.

İndi Azərbaycan xalqını hər tək-təki öz vəzifəsini düşünür, hamı əmniyyəti qoruyur. Hamı ölkəmizdə fəaliyyət edir. Siz gərək daha da əmniyyətin əsasını möhkəmləndirəsiniz. Bizim gözümüz sizdədir. Sizin vəhdətiniz bizim dayağımızdır. Biz inanırıq ki, siz son ana kimi öz nümayəndələrinizi müdafiə edəcəksiniz.

Siz hərbi təlimlərinizi davamlı alın. Səngərlərinizi daha da möhkəmlədin. Biz ümidvarıq ki, bütün istədiklərimizi həyata keçirək, qəti müvəffəiyyət bizimlədir. Biz sizdən ayrılırıq. Biz ayrılarkən qəti surətdə bilirik ki, Azərbaycan xalqı öz nümayəndələrinin dayağıdır və öz azadlıqlarını heç kəsə verməyəcəklər (alqışlar).

Bir ayrı mühüm mövzu da vardır ki, bizim azadlığımızın ən əsas zamini və iqtisad, əqidə, ideal nöqteyi-nəzərindən doğrudan da bizim həyati məsələlərimizdən biridir. O da bizimlə kürd qardaşlarımızın arasında olan vəhdət və birlikdir. İrtica siyasətləri indiyə kimi çalışırdılar ki, bu iki nəcib millətin arasına nifaq salsınlar. Artıq indi o nifaq yoxdur. Kürd qardaşlarımız öz süngüləri ilə bizim sərhədlərimizi və biz də onların sərhədlərini mühafizə edirik. Bu iki millət əgər yaşamaq istəyirlərsə, gərək birləşsinlər.

Bizim mövqelərimiz bu iki millətin vəhdətindən asılıdır.

Kürd xalqının rəhbəri cənab Məhəmməd Qazi indi Şərq ölkələrinin böyük dahilərindəndirlər. Onlar da bu həqiqəti düşünürlər. Biz gələcəkdə əl-ələ verməklə illər boyu təhqir olmuş və əzilmiş kürd millətini və Azərbaycan xalqını tamailə azad edəcəyik (alqışlar).

Yaşasın Azərbaycan xalqı ! Yaşasın Azadlıq! (Alqış və gül dəstələri)

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 185, 29.04.1946

Şərhlər bağlıdır.