TƏZYİQLƏR ARTACAQ: “2021-Cİ İL İRAN ÜÇÜN ASAN KEÇMƏYƏCƏK”

Təzyiqlər artacaq: “2021-ci il iran üçün asan keçməyəcək”. “Bu isə İranda sosial məsələlərlə bağlı etiraz aksiyalarının davam edəcəyini göstərir”
“Cənub qonşumuzda mövcud vəziyyətin yaranmasında günahkar bu ölkənin hakimiyyətidir”
İranda təqaüdçülər etiraz aksiyası keçiriblər. Etirazçılar Tehranda İslami Şura Məclisinin, Kərəc, Ərak, Ələhvaz, Nişabur, İlam, Kermanşah, İsfahan və Şiraz şəhərlərində İctimai Təmin İdarələrinin qarşısında toplaşıblar. Aksiya iştirakçıları “bizim başlıca istəyimiz bahalaşmaya uyğun hüququn artırılmasıdır”, “boş vədlər yetər, süfrələrimiz boşdur” kimi şüarlar səsləndiriblər.
Məlumdur ki, bu il yanvarın 20-də Amerikanın yeni başçısı Co Bayden rəsmi olaraq hakimiyyətə gəldi. Müəyyən iddialar səslənir ki, Bayden öz siyasətində İran və Rusiyaya qarşı sanksiyalarını gücləndirəcək. Məhz Rusiyada Navalnının həbsi ilə baş verən etiraz aksiyaları, həmçinin İranın daxilindəki gərginliklərin səbəbi kimi Baydenin yürütdüyü siyasət qeyd olunur.
Həqiqətən də hər iki ölkədəki hadisələrdə Amerikanın “əli” var, yoxsa bütün bunlar sadəcə təsadüfdür?

Sualımızı cavablandıran politoloq Sədrəddin Soltan “Sherg.az”a açıqlamasında bildirib ki, İranda cərəyan edənlər ölkənin düşdüyü mövcud vəziyyətin təzahürüdür:
“Etiraz aksiyasının əsas səbəblərindən biri İrana qarşı tətbiq olunan sanksiyalardır. Bu cəzaların niyə tətbiq olunduğu müzakirə edilir. Yəni sanksiyalar İranın nüvə, ya raket proqramına görə, yoxsa insan haqları üçün tətbiq edilib? Bu müzakirələr də İran hakimiyyətini çətin duruma salır. Tehrandakı hadisələr birmənalı olaraq Baydenin hakimiyyətə gəlişi ilə eyni zamanda baş verir”.
Politoloq qeyd edib ki, hazırda İrandakı mövcud vəziyyətin yaranmasında günahkar bu ölkənin hakimiyyətidir:
“Çünki hakimiyyət aqressiv xarici siyasi kurs yürütməsəydi, o zaman ölkəyə qarşı sanksiyalar tətbiq olunmazdı. Beləliklə də ölkə vətəndaşları olan təqaüdçülər pullarının gecikməsinə etiraz olaraq aksiyalar keçirməzdilər. Perspektivdə Bayden İrana qarşı siyasətinin dəyişməyəcəyini bəyan edib. O deməkdir ki, bölgədə İrana qarşı təzyiqlər daha da artacaq. Bu isə İranda sosial məsələlərlə bağlı etiraz aksiyalarının davam edəcəyini göstərir. 2021-ci ilin iyun ayında İranda prezident seçkiləri keçiriləcək. Belə bir kampaniya keçirilən ildə ölkədə siyasi fəallıq artacaq və təbliğat vasitəsilə ölkədəki narazılığın üstünə narazılıqlar gələcək.
Bu isə 2021-ci ilin İran üçün o qədər də asan keçməyəcəyini göstərir”

Şərhlər bağlıdır.