BAŞ REDAKTOR GÜNEY AZƏRBAYCAN MÖVZUSUNUN DİQQƏTDƏN KƏNARDA QALDIĞINI DEYİR

BU HƏQİQƏTƏNMİ BELƏDİR-RƏYİNİZİ GÖZLƏYİRİK

Son zamanlar Güney Azərbaycan mövzusu sanki diqqətdən kənarda qalıb. Orada baş verən hadisələri, milli haqlar və ana dili uğrunda mübarizəyə bir-iki sayt və qəzetdən başqa diqqət ayıran yoxdur. Halbuki ötən əsrin 90-cı illərində, 2000-ci illərdə Azərbaycan mediasının əsas mövzularından bir də Güney idi. Güney Azərbaycana diqqətin azalması nə ilə bağlıdır?
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil mediaya açıqlamasında deyib ki, Güney mövzusunun Quzey Azərbaycan mediasında zəif işıqlandırılması hər zaman ağrılı məsələ olub: “Hazırkı dövrdə isə bu məsələ daha da zəifləyib.
Baxmayaraq ki, indi xəbər əldə etmək və yaymaq imkanları dəfələrlə artıb. 90-cı illərlə Güney mövzusunun, oradakı Milli Hərəkat, fəallara qarşı repressiyalarla bağlı xəbərlərin mətbuatda indiki ilə müqayisədə daha geniş işıqlandırılmasının əsas səbəblərindən biri, o zaman bu yöndə ölkədə siyasi fəaliyyətin mövcudluğu idi. Quzey Azərbaycanda başlamış milli azadlıq hərəkatının söykəndiyi ideoloji qaynaqlardan biri də parçalanmış böyük vətənin birləşməsi idi.
Bu ad altında fəaliyyət göstərən xeyli sayda təşkilat vardı ki, onların da başında Bütöv Azərbaycan Birliyi gəlirdi. Hətta, bir sıra siyasi aktivlər də özlərini realizə etmək üçün bu ada yaxın qurumlar təsis edirdilər. İctimai-siyasi mühitdə Güney mövzusuna bu qədərə diqqət istər-istəməz mətbuata da sirayət edirdi. İkinci, səbəb o dövrdə Bakıda xeyli sayda güneyli fəallar yaşayırdı. Onlar həm aktiv fəaliyyət göstərirdi, həm də Güneydən olan xəbərlərin mətbuatda işıqlandırılmasına çalışırdılar. Sonrakı dövrlərdə onların sayı minimuma endi”.
Baş redaktor hesab edir ki, Güneyə diqqətin azalmasını digər səbəbi İranın Bakıdakı qurumlarının fəaliyyətidir: “Digər səbəb kimi, İran səfirliyinin Azərbaycan mediası ilə apardığı “səmərəli işin” nəticəsini göstərmək olar. Bu cür münasibətlər nəticəsində bəzi ciddi media qurumları Güney mövzusunda korrekt davranmağa, bu kimi məsələlərdə “özünəsenzura” tətbiq etməyə başladılar.

Bu və digər səbəblər hazırkı mənzərəni şərtləndirir. İndiki dövrdə az sayda Quzey Azərbaycanın media orqanı Güney mövzusunu daim diqqətdə saxlayır. Bu da daha çox həmin media qurumlarının başında dayanan insanların Güneyə verdiyi önəm və diqqətlə bağlıdır”.


Azerbaycan-ruznamesi.org baş redaktor Aqil Camalın açıqlamasındaki fikirlərə hörmətlə yanaşır və qeyd etməyi özünə borc bilir ki, yazıda bəhs olunan nüansların müəyyən təhlillərə ehtiyacı var. Oxuculardan bununla əlaqədar redaksiyamıza fikir və rəylərini göndərmələrini xahiş edirik

Şərhlər bağlıdır.