1945-1946-CI İLLƏRDƏ MÖVCUD OLMUŞ MİLLİ HÖKUMƏTİN ANA DİLİ SİYASƏT

1945-ci ilin yayında ictimai-siyasi şərait milli bir təşkilatın yaranması üçün əlverişli idi. 1945-ci il sentyabr ayının 3-də Təbrizdə 77 nəfərdən ibarət bir qrup tərəfindən Azərbaycanda müstəqil siyasi partiya – ADP-nin yarandığını, onun məqsəd və vəzifələrini elan edən müraciətnamə yayıldı. Əsas vəzifələrdən biri kimi Azərbaycan xalqına daxili azadlıq və muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan və fars dilində aparılması tələbi irəli sürüldü. Azərbaycan bölgəsindəki bütün şəhərlərin divarlarına Partiyanın qurulması haqqında Azərbaycan dilində yazılmış elanlar asılmışdı. Elanların birində belə yazılırdı: “Tarixdə müstəqillik müdafiəçisi olaraq tanınan Azərbaycan artıq Tehran hökumətinin təzyiqi və zülmü altında qala bilməz. Azərbaycan xalqının özəl bir ana dili vardır, məktəblərdə və idarələrdə bu dili işlətmək lazımdır. Azərbaycanı sənayeləşdirmək və vətənimizin zənginlikləri ona aid olmalıdır”.
ADP öz fəaliyyətinin ilk günlərindən Azərbaycan dilinin təkmilləşməsi və inkişafına xüsusi diqqət yetirməyə başladı. 1945-ci il sentyabrın 5-də ADP-nin orqanı olan “Azərbaycan” qəzetinin birinci nömrəsi iki səhifə ilə iki dildə – fars və Azərbaycan dillərində nəşr olundu. Şüarı “Vahid millət və vahid xalqı ilə Azərbaycan bölünməz bir bütündür” olan qəzetin 5 sentyabr tarixli nömrəsində Pişəvəri dil məsələsinə toxunaraq yazırdı: “Müstəqil yaratdığımız öz ədəbiyyatımız, öz qəzet və kitablarımız sayəsində xalqımızın rifahını yaxşılaşdırmalıyıq. Düşmənlərimizin əsassız söylədiklərinin və yalanlarının əksinə dilimiz çox zəngindir. Dilimizin mənşəyi xalqımızın damarları və qəlbindədir. Bu dil analarımızın südü və ölkəmizin havası ilə bizim içimizə işləyib. Ona iftira atanlar, köksüz və qanunsuz bir ləhcə olduğunu irəli sürənlər həqiqi düşmənlərimizdir”. Azərbaycan Milli Konqresinin 20 noyabr 1945-ci il tarixli yığıncağında S.C.Pişəvəri təhsil və kənd təsərrüfatı sahələrində islahatların aparılacağını bildirmiş və məktəblərdə Azərbaycan dilində təhsilin dərhal başlamasını elan etmişdi. Bu iclasda İran məclisinin sədrinə və baş nazirə müraciət məktubu tərtib olunmuşdu. Məktubda qeyd edilirdi ki, azərbaycanlılar dil, adət-ənənəyə malik olan millətdir və milli muxtariyyət İranın birliyinə və bütövlüyünə qarşı yönəlməmişdir. Dünyanın həyata qabil olan hər bir milləti kimi Azərbaycan millətinin də milli hökumət yaratmaq hüququ var və özü Azərbaycanı demokratik əsaslarla idarə etmək qabiliyyətinə malikdir. Yuxarıda qeyd olunan ali rütbəli rəsmi şəxslərə bildirilirdi ki, Azərbaycan xalqı Milli Məclisə seçkilər keçirmək və Milli Hökumət təşkil etmək əzmindədir. Məktubda dil siyasəti ilə bağlı qeyd edilirdi ki, Xalq Konqresi Milli Komitəyə Azərbaycan dilini bütün “dövlət idarələrində işlətməyi” tapşırıb. Milli Komitə Milli Məclisə seçkilər keçirməyə başlayaraq həmin kampaniyanı 1945-ci il noyabrın 27-dən dekabrın 1-dək olan vaxt ərzində başa çatdırdı. Dekabrın 12-də Milli Məclisin ilk iclasında Azərbaycan Milli Hökuməti (AMH) təşkil edildi. S.C.Pişəvəri hökumətin başçısı təyin olundu. Azərbaycan Milli Hökumətinin 16 dey 1324-cü il (6 yanvar 1946) tarixli iclasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. On maddədən ibarət bu qərara görə, Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olunurdu. Bütün dövlət orqanları və idarələrdə yazışmalar, məktəblərdə tədris, nəşriyyat işləri Azərbaycan dilində aparılmalı idi. Azərbaycanlı olmayanlara türk dilini öyrənib və əməli fəaliyyətdə ondan istifadə etmək üçün şərait yaradılır və dövlət dilini öyrənmək üçün möhlət qoyulurdu. Cənubi Azərbaycanda olan azlıqlara öz dillərindən tədris və digər sahələrdə sərbəst istifadə etmək hüququ verilirdi. Bununla birlikdə dövlət dilinin öyrənilməsi vətəndaşlıq borcu kimi onlara həvalə edilirdi. Milli Hökumət Azərbaycan dilini rəsmi dövlət dili elan edərək onun bütün sahələrdə fəaliyyət göstərməsini təmin etdi və ana dili məsələsini həll etdi. Azərbaycan Milli Hökumətinin Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsi, məktəblərdə tədrisin, dövlət idarələrində danışıq və yazışmaların ancaq bu dildə aparılması dövlətin rəsmi göstərişi ilə Maarif Nazirliyinin 1№-li əmri ilə (1946 yanvar) həyata keçirilmişdi. S.C.Pişəvəri ana dilinin məktəb və tədris müəssisələrində işlədilməsinə, bu sahədə mövcud çətinliklərin tez aradan aparılmasına xüsusi diqqət ayırmışdı. Bu cəhətdən S.C.Pişəvərinin maarif nazirliyinə ünvanladığı 1324-cü il 28 Azər tarixli 28465 №-li sərəncamda aşağıdakı qeyd olunur: Bütün milli və dövlət məktəblərində təlim və tərbiyənin Azərbaycan dilində aparılması üçün hazırlıq işləri görülsün; Maarif Nazirliyinin tərkibində “dərs kitabları hazırlayan şöbə” yaradılsın; Alimlər, təcrübəli müəllim və məktəb müdirləri hazırlıq işinə cəlb edilsin; Azərbaycan dilində çap olunacaq dərsliklər nəzarət komissiyasının rəhbərliyi ilə hazırlansın və bu haqda maarif nazirliyi məlumatlandırılsın; Əlifbadan əlavə, ədəbiyyat, tarix, hesab, fizika, coğrafiya və s. fənlər üzrə kitablar hazırlanıb çapa verilsin; Dərsliklər hazırlayan şöbənin rəyasət heyətinə təcrübəli, məlumatlı və savadlı şəxslər cəlb edilsin; Dərsliklər hazırlayan şöbə 5 gün ərzində xərclənəcək pul və vəsaitin miqdarını müəyyənləşdirsin; Dərslikləri hazırlayan şöbə bir aydan gec olmayaraq 1-4 sinflər üçün azərbaycanca dərslikləri hazırlayıb, çap etdirsin; Bütün milli və dövlət məktəb rəhbərlərinə göstəriş verilsin ki, azərbaycanca dərsliklər hazırlanana qədər mövcud dərsliklərdən istifadə etməklə tədrisi ana dilində aparsınlar.
Bu sərəncamın həyata keçirilməsi üçün xüsusi komissiya yaradılmışdı. Belə bir cəhəti xüsusi qeyd etmək lazımdır ki, uzun illər tədrisi ana dilində aparmaq imkanından məhrum edilmiş azərbaycanlı müəllimlərin çoxu milli dildə kitabların nəşrini gözləmədən Maarif Nazirliyinin razılığı ilə mövcud fars dilindəki dərsliklər əsasında dərsləri azərbaycanca tədris etməyə başlamışdılar. Həmin dövrdə 7 cilddən ibarət “Ana dili” adlı metodik dərs vəsaiti hazırlandı ki, sonrakı dövrlərdə də gizli şəkildə olsa da bu vəsaitdən Azərbaycan dilini öyrənmək üçün istifadə edilirdi.
Azərbaycan Milli Hökuməti xalqın formalaşması üçün vacib məsələlərindən biri olan elm və təhsilin inkişafı üçün savadsızlıqla mübarizə şüarı altında xüsusi siniflər təşkil etmişdi. Məktəblərin sayı artırılmışdı. Həmin dövrə aid hesablamalarda Azərbaycanda bir il ərzində 400-ə yaxın məktəbin inşa olunduğu və əsaslı təmir edildiyi göstərilir. 1946-cı ilin son üç ayı üçün Azərbaycan maarifinə ayrılmış vəsait İran dövlətinin bütün ölkə maarifi üçün ayırdığı illik büdcədən iki dəfə çox idi. Kimsəsiz uşaqları himayə məqsədilə dövlət büdcəsindən, o zamankı pul vahidi ilə 500 min tümən vəsait ayrılmışdı. Həmin vəsait hesabına Azərbaycanın yeddi iri bölgəsində – Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəngan, Xoy və Əhər şəhərlərində uşaq tərbiyə evləri təşkil olunmuşdu.
1946-cı il yanvarın 6-da Azərbaycan Milli Hökuməti Təbrizdə Azərbaycan Dövlət Universitetinin təşkil olunması haqqında qərar qəbul etdi. 1946-cı ilin iyununda Təbrizdə ilk milli universitet açıldı. Ilk vaxtlar universitetin üç fakültəsi olmuşdu: tibb, kənd təsərrüfatı və pedaqoji fakültələr. Pedaqoji fakültədə tarix, dil, ədəbiyyat, fəlsəfə, hüquq, fizika, riyaziyyat və biologiya ixtisasları tədris olunurdu. Riçard Kottom qeyd edir ki, universitetdə mühazirələr türk dilində aparılırdı və tələbələr isə öz dillərində yazmaq vərdişinə malik olmadığından mühazirəni fars dilinə çevirirdilər.
Bu dövrdə ədəbiyyat sahəsində də böyük işlər görüldü. M.Biriya, M.M.Cavuşi, A.M.Gülgün, M.Derəfşi, H.Səhhaf, Y.Şeyda, M.Niknam öz əsərlərində millətin mövcudluğu üçün dilin rolunu göstərməyə çalışır, xalqı ana dilinə daha fəal surətdə yiyələnməyə çağırırdılar. 1941-46-cı illərdə Cənubi Azərbaycandakı ədəbi prosesin canlanmasında və istiqamətlənməsində Sovet ordusu sıralarında Cənubi Azərbaycana getmiş ədəbi simalar mühüm rol oynamışdı. 1946-cı ilin yanvarında “Azərbaycan şairlər məclisi” adlı yazarlar birliyinin yaradılması oradakı milli ədəbi prosesdə mühüm hadisəyə çevrilmişdi. “Şairlər Məclisi” adlı topluda yazıçı və şairlərin ana dilində ədəbi nümunələri işıq üzü görmüºdü. Birliyin Ərdəbil, Urmiya, Zəngan, Sərab, Mərənd, Səlmas, Marağa və s. şəhərlərində filialları fəaliyyət göstərirdi. Azərbaycanda yaradılan yeni mədəniyyət ocaqlarından bəhs edən “Demokrat” məcmuəsi yazırdı ki, indi Azərbaycanın şəhər və kəndlərində hər gün minlərlə yeni mədəni-maarif ocaqları yaranmaqdadır.
Milli Hökumət tərəfindən maddi və mənəvi cəhətdən dəstəklənən teatr truppaları 1946-cı ildə Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərməyə başlamışdı. Azərbaycan dilində səhnəyə qoyulmuş teatr tamaşalarının əsas mövzuları milli vətənpərvərlik, maarifləndirmə, cəhalət və xurafatdan uzaqlaşmaq, əxlaq və mədəniyyət, qadın problemi idi. 1946-cı ilin martın 28-də Təbrizdə Azərbaycan Dövlət dram teatrının açılışı Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə olmuşdu. Azərbaycan teatrı Milli Hökumətin mədəni-maarif proqramının icrasında fəal iştirak etdi.
İlk dəfə olaraq irqçi ideologiyaya cavab olaraq azərbaycanlı ziyalılar tərəfindən tarixi keçmiş haqqında milli konsepsiyanın yaradılmasına cəhd edimişdi. Firidun İbrahimi 1946-cı ildə Azərbaycanın qədim tarixi haqqında yazdığı kitabda azərbaycanlıları onların mədəni cəhətdən farslardan üstün olması ruhunda tərbiyə etməyə, xalqına qədim azərbaycanlıların müstəqilliyi, özünəməxsusluğu və avtoxtonluğu ideyasını təlqin etməyə çalışırdı. Müəllif yazırdı: “Vətənimizin adı Azərbaycan, millətimizin adı da azəridir. Azərbaycan milləti müstəqil bir dilə və tarixə malik olubdur”.
Azərbaycanda yaşayan erməni, asori və kürdlərin də öz ana dillərində mətbuat nəşr etmələrinə lazımi şərait yaradılmışdı. 1941-46-cı illər arasında Güney Azərbaycanda çap olunan qəzet və jurnalların sayı 40-dan artıq idi. Bu dövr mətbuatı Güney Azərbaycanda son dərəcə mürəkkəb və ziddiyyətli, siyasi-ictimai hadisələrlə zəngin tarixi tam dolğunluqla özündə əks etdirmiş və milli-ideoloji mərkəz rolunu oynamışdı. Millətin formalaşması və inkişafı üçün əsas ideoloji vasitələr olan ana dilli mətbuat qısa müddət ərzində kütləvi şəkildə meydana çıxmış və demək olar ki, azərbaycanlıların milli şüurunun dərinləşməsinə səbəb olmuşdu. Mətbuat müstəqilliyin üstünlüklərini, xalqın milli-mədəni keyfiyyətlərini, tarixi keçmişiylə bağlı həqiqətləri dərc etməklə xalq kütlələrinin maarifləndirilməsi işində böyük rol oynadı.

Yeganə Hacıyeva

Şərhlər bağlıdır.