RZA ŞAH NƏİNKİ FARS, HEÇ MAZANDARANLI DA DEYİLMİŞ?!

Vidadi Mustafa

Azerbaycan-ruznamesi.org –dan: Vidadi müəllim əslində bu yazısında bəşəri bir mövzuya- hakim dairələrdə lövbər salmış, gələnin-gedənin arxasınca danışmaq, yaxşını özünün, nöqsanları, naqislikləri əvvəlkinin adına yazmaq ənənəsi ətrafında tarixçi alim kimi publisistik düşüncələrini bölüşür. Elə bilməyək ki, belə hallar tarixən ötən əsrin 80-ci illərinədək monarxiya rejminin əsarət buxovlarını gəzdirmiş İranda mövcud olub. Hansı qitədən istəsən misal gətirmək olar. Lakin başqaları ilə bizim nə işimiz? XX-XXI əsrlərin timsalındaki İran “ənənələrindən” söhbət açan bu yazı ilə sizləri tanış edəcəyik.  

İran ictimai-siyasi və elmi fikrinin aktual problemlərindən biri Pəhləvi sülaləsinin ölkənin başna gətirmiş olduğu “BƏLALARIN” əsas səbəbini tapmaqdan   ibarətdir. Bu məsələ həm də ona görə aktualdır ki, Pəhləvilərin siyasət səhnəsinə çıxmasının 100 illiyidir (İran təqvimi ilə Rza xanın başçılıq etdiyi hərbi çevriliş 1299-cu hicri şəmsi ilində/1921-ci ildə baş vermiş, indi isə 1399-cu ilin son ayıdır/2021). Bununla əlaqədar olaraq İranda  sülalə və əsasən Rza şah haqqında çoxlu və əlbəttə, ona qarşı yazılar meydana gəlir. Onların bir qismi də zahirən xırda, lakin mahiyyətcə vacib hesab edilən  irsiyyət/gen/qan yaddaşına həsr olunub. Yəni Rza şahın İranın taleyində “mənfi” rol oynamış fərdi keyfiyyətlərinin ilkin mənbəyi və ya keçmiş şahın  etnik mənsubiyyəti nədir?

                                       

Nasirəddin şah Qacar                                          Məhəmmədəli şah Qacar                                          Əhməd şah Qacar

      (1907-1909)                                                            (1848-1896)                                                             (1909-1925)

Birinci əsas və ən işlək versiya ondan ibarətdir ki, Rza xan soykökü etibarı ilə iranlı-irandilli xalqlardan hər hansı birinin nümayəndəsi deyildi. Çünki “iranlı” öz xalqı və ölkəsinin DÜŞMƏNİ ola bilməzdi. Amma Pəhləvi sülaləsi İranın ən qatı DÜŞMƏNİ imiş. Cəmi iki nəfərlik Pəhləvi sülaləsinin əsasını qoymuş Rza (sonra xan, daha sonra isə şah) soykökü və ya etnik baxımdan  kim imiş?

Yaxın tarixə aid olsa da, həmin məsələ İran elmi fikrinin ən qaranlıq sahələrindən birini təşkil edir. Pəhləvi dövründə mövcud olmuş rəsmi bioqrafiya rədd edildikdən sonra həmin məsələnin mürəkkəbliyi daha aydın görünür.

Rza xanın əsil-nəsilindən söz açan hər bir kəs əvvəlcə bu sahədə dəqiq məlumatın olmadığını, ona görə mövcud faktlar, müəyyən məntiq əsasında qoyulan suala cavab tapmağa çalışılır. Qeyd edildiyi kimi, əsas çıxış nöqtəsi yuxarıda qeyd edilən mülahizələrə əsasən  Rza xanın “iranlı” olmadığıdır.

                           

    Rza şah Pəhləvi                                          Məhəmmədrza şah Pəhləvi
(1925-1941)                                                              (1941-1979)

Yəqin çoxları bilir ki, bəzi  iranşünas alimlər Rza xanın soykökü etibarı ilə türk/azərbaycanlı olduğunu iddia edirlər. Min il İranda hökmranlıq etmiş türk sülalələrinin çoxunu farslar böyük həvəs və iftixar hissi ilə iranlı hesab etdiklərindən, Rza xanı iranlı hesab etməmək, onu  müəyyən dərəcədə türk hesab etməmək anlamına gəlir. Ona görə müəyyən dərəcədə deyilir ki, fars millətçi alimləri hətta bütün İranın iranlı hesab etdiyi bir çox türk sülalələrini iranlı hesab etmirlər. Yəni ümumi şəkildə iranlı hesab edilən türk hökmdarlarının bəziləri yeri gələndə bəzi radikal alimlər tərəfindən iranlı hesab edilmirlər.

Rza xanın soykökü barədə söhbəti davam etdirərək, qeyd edək ki, həmin məsələyə   ən son münasibəti 2003-cü ildə Ali Mədəni İnqilab Şurasının üzvü İran saytlarının birinə verdiyi müsahibəsində bildirib. Onun deməyinə görə, Rza xanın əsli, həm ana, həm də ata tərəfdən  Qafqazdan, Gürcüstandandırlar. Bir qədər dəqiqləşdirildikdən sonra əslən gürcü olduqları göstərilir. Sadəcə olaraq bir neçə nəsil əvvəl (neçə nəsil dəqiqləşdirilmir) İrana mühacirət etdikləri qeyd edilir. Nəsil haqqında  az-cox məlumat yalnız Rza xanın ata babasına qədər gedib çıxır. Bununla belə, nə atası, nə anası haqqında (hətta atasının adı haqqında) dəqiq məlumatın  olmadığı qeyd edilir.

Bu nəslin ən maraqlı, nəzərə çarpan, daha doğrusu, “ən mühüm” cəhəti Rza şah və oğlu Məhımməd Rza şahda da özünü göstəribmiş. Həmin cəhət çoxarvadlılıq və ya arvadbazlıqdır. Nəsil haqqında digər məlumatlar çox məhdud olsa da, Rza xanın babası və  atasının arvadlarının sayı, deyəsən, dəqiq məlumdur. Onların həmin xüsusiyyəti genetik olaraq Rza şaha və oğluna da keçibmiş. Nəslin soykökü haqqında “ən etibarlı” məlumat, deyəsən, bundan ibarətdir. Məsələnin həmin cəhətini vurğulayan Şura üzvü iranlılar arasında belə keyfiyyətin olub-olmadığına toxunmur, amma sözlərindən belə başa düşmək olar ki,  bu xüsusiyyət guya Pəhləvilərə xas olub.

Bununla da Rza xanın qeyri-iranlı olması müəyyən dərəcədə “sübut” olunmuş olur. Əgər nəsil qeyri-iranlıdırsa, onda hökmranlıq etdiyi ölkəyə də əcnəbi gözü ilə baxaraq, daha çox özünün faydalanmağı haqqnda düşünəcək, nəinki ölkənin mənafeyi barəsində.

İslam inqilabı tərəfindən devrilmiş sülalənin İranın düşməni olduğu haqda fikirlər yeni ideologiyanın aparıcı istiqamətlərindən birini təşkil edir. Sülalənin davranışını, əlbəttə müxtəlif əsaslı və səthi səbəblərlə izah etmək olar, lakin soykökü/genetik baxımdan izahı daha təsirli, daha inandırıcı və yaddaqalan olduğundan həmin məsələ də gündəmə çıxarılmışdır.

Beləliklə, Pəhləvi sülaləsi “iranlı” olmadığından İrana xor baxmış və devrilməyə layiq olmuşdur. Bu iddia birbaşa Pəhləvilərin hakimiyyətini bərpa etmək uğrunda çıxış edən xarici müxalifət/oppozision olan monarxistlərə/şahpərəstlərə ünvanlanıbdır.

               

 Ayətullah Ruhulla Xomeyni                       Ayətullah Seyid Xamneyi

            (1979-1989)                                             (hal-hazırda)

Əsli-nəsli “iranlı” olmayan sülaləni müdafiə edənlər avtomatik olaraq  bilərəkdən və ya bilməyərəkdən İranın düşmənlərinin sıralarına qatılırlar və xalq arasında dəstəyə nail ola bilməzlər.

Onu da qeyd etmək lazımdır ki, sonrakı hakimiyyətlərin əvvəlki hakimiyyətlərə mənfi münasibəti və onu  mümkün qədər gözdən salmaq meyli bir çox ölkələrə xas olduğundan Pəhləvi sülaləsi haqqında İslam inqilabından sonra formalaşdırılan mənfi rəy qeyri-adi  bir hadisə deyil. Pəhləvi sülaləsi özü də həmin yolu keçmiş və var gücü ilə Qacar sülaləsini gözdən salmağa çalışmışdır. Bu hal İranda geniş yayıldığından məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, İslam rejimi devrildikdən sonra onun qurucularını da həmin aqibət gözləyəcəkdir. Pəhləvi sülaləsi kimi Xomeyni və Xamenei də yəqin ki, qeyri-iranlı elan edilicəkər. Əslində bu tendensiya artıq özünü göstərməkdədir və  xarici müxalifət qüvvələri çoxdan Xomeyninin, yuxarıda qeyd edilən mənada, iranlı olmadığını sübut etməyə çalışır.

Deyirlər tarix təkrar olunur. Bir çox məsələlərdə bunu bir mənalı iddia etmək omasa da, İranda  devriləcək hakimiyyətə münasibətdə təkrar olunacağını əminliklə söyləmək olar.

Şərhlər bağlıdır.