Firuz müəllimin haqq dünyasına qovuşmasından 24 il ötür. Lakin ötən əsrin 60-90-cı illərində tələbələri olmuş yüzlərlə insan onu bugünədək ehtiramla xatırlayır. F. Sadıqzadə ana dilindən əlavə ərəb, fars, rus dillərini beş barmağı kimi bilirdi. İxtisasca filloloq idi, fəqət fundamental biliklərinə hər bir şərqşünas həsəd aparırdı. Ədəbiyyatımız klassiklərimizin ana dilimizdə olan misilsiz nümunələrlə zənginləşməsində filoloq alimə minnətdardır.
Əlamətdar günlər təqvimində Firuz Sadıq oğlu Sadıqovun 25 fevral 1931-ci ildə Bakıda anadan olduğunu yazır. Wikipediyada isə təvəllüd tarixi 21 mart göstərilir. Hansının düz olduğu bizim üçün elə bir əhəmiyyət daşımır. Çalışacağıq ki, bunu da dəqiqləşdirək. Əsas vurğulanmalı budur ki, Firuz müəllimin fəallarından olduğu Azərbaycan Demokrat Firqəsində, Bakı Dövlət Universitetində, elm aləmində, tanıdıqlarının yanında əbədi yeri görünür.
Nasir, tənqidçi, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü F.Sadıqzadə qismətinə Vətəndən-Vətənə mühacirət düşənlərdəndir. 1931-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçüblər. İbtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca alıb. 1945 – ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olub. 1946 – cı ilin dekabrında ailəliklə Sovet İttifaqına – Bakıya köçüblər. Burada orta məktəbi bitirdikdən sonra ADU – nun filologiya fakultəsində təhsil alıb (1950-1955).
Kiçik yaşlarından şeir və hekayələr yazsa da, onun “İlk mahnı” adlı kiçik həcmli hekayəsi 1950 – ci ildə Cənubi Azərbaycan yazıçılarının almanaxında çıxandan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İctimai işlərdə fəal çalışıb. Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olub (1957-ci ildən).Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında aspirant olarkən “Qətran Təbrizinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1958).Universitetdə dosent vəzifəsində çalışıb. Müasir Cənubi Azərbaycan ədəbiyyatının bir sıra məsələlərinə dair məqalələri, rəyləri çap olunub. “Heyrət ey büt” (qəzəllər) kitabı onun tərtibi, redaktorluğu ilə kütləvi tirajla buraxılıb (1992).
F.Sadıqzadənin vəfat etdiyi günlə bağlı məlumatın da dəqiqləşdiril-məsinə ehtiyyac duyulur. Təqvimdə 1997-ci il mayın 24-ü, wikipediyada isə iyunun 17-si göstərilir.Bir daha deyirik ki, şərt tarixçələrdə deyil. Əsas məsələ əvəzsiz və vaxtsız itkidədir. “Savalan ətəklərində”dən (1956), “Məhəbbət və azadlıq”dan (1963), “Tüfənglə ölçülən torpaq (povest və hekayələr)”dən (1967), “Məhəbbət körpüsü”ndən (1975), “Nizami və müasirlik”dən (1992) və sairdən aldığımız təsəlli onun xatirəsini göz önündə canlandırır.
Azərbaycan Demokrat Firqəsi
Şərhlər bağlıdır.