“İRNA”  BAKİYA YAĞAN QARDAN YAZDI, XOCALI SOYQIRIMINA İSƏ BİGANƏ QALDI

İranlı şiə qardaşlarımız 1399 il bundan əvvəl vəfat etmiş şiə ərəblərə bəzən günlərlə yas saxlayır, baş yarırlar, amma dinc və silahsız şiə azərbaycanlı/türk qardaşlarına qarşı Xocalıda 29 il bundan əvvəl vəhşi ermənilər tərəfindən törətdilən soyqırımı görməzdən gəlirlər.

İranlı şiə qardaşlarımız həmin ölkədə yaşayan ermənilərə qondarma soyqırımı hadisəsini qeyd etməyə hər cür şərait yaradır, hətta bir çoxları onlarla birlikdə “kədər”lənirlər də, lakin Cənubi azərbaycanlılara/türklərə Şimali Azərbaycanda yaşayan şiə qardaşlarına başsağlığı verməyə belə imkan vermirlər.

İranın mərkəzi xəbər agentliklərindən (hökumətin mövqeyini əks etdirir) biri olan “İRNA” adətən Azərbaycanda olan hadisələri operativ işıqlandırmaqla seçilir. Məsələn, fevral ayının 24-də Azərbaycanda və onun paytaxtı Bakı şəhərində güclü qar yağdığı və şaxta olduğu barədə məlumat vermişdi. Amma bu gün, Xocalı soyqırımının 29-cu ildönümü günündə Bakıdan heç bir xəbər yayımlamayıbdır. Iranda həmin hadisəni yad etməmələri bir yana qalsın, iranlılara Azərbaycanda həmin hadisənin qeyd olunması haqqında məlumat vermək belə istəmirlər.

Maraqlıdır ki, bizlərin dindarlığının qeydinə qalan Cənubi Azərbaycan imam cümələri və qeyri “din təəssübkeş”ləri, həmçinin onların hakimiyyət yönümlü elita üzvləri olan “həmşəri”ləri də öz din və etnik qardaşlarının kədərinə münasibət bildirməyiblər.

 

Vidadi Mustafa

26 fevral 2021

Şərhlər bağlıdır.