11. TEHRAN-TƏBRİZ YOLUNDA

29 aprel – 10 may 1946-cı il

Azəbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş  nümayəndələrə teleqraflar

Məhabad tacirləri tərəfindən
Azərbaycanın Baş naziri cənab Pişəvəriyə
Üzü: İranın Baş naziri cənab Qəvamüssəltənəyə.
Üzü: Kürdüstanın möhtərəm nümayəndələri Əbülqasım Sədr Qazi və Məhəmmədhəsən xan Seyf Qazi cənablarına və Azərbaycanın görkəmli nümayəndələrinə.

   Üzü: “İran-e ma” (Bizim İran – red.), “Azadeqan”, “Fərman”,             “Necat-e İran”, “Rəhbər”, “Müzəffər”, “Dad” və “Kuhestan” qəzetlərinə.

Son dərəcə hörmətlə bildiririk ki, görkəmli nümayəndələrin də bildiklərinə görə uzun illərdir kürd millətinin yaşayış, ictimai, iqtisadi və siyasi təhlükəsizliyi qaniçən, mürtəce məmurların pəncəsinin altında olmuşdur. Nəcib kürd milləti barəsində zülm və sitəmin son həddini rəva görüb faşist rejimini Kürdüstan torpağında icra edirdilər. Əlacsız qalan cəsur və qəhrəman kürd milləti neçə min illik hüququnu itirməmək üçün öz qüvvələrini və ardıcıllarını hazırlayaraq azadlıqdan ötrü qiyam etdi və bugünkü mədəni dünyanın vəziyyətinə uyğun olaraq öz məmləkətini əsarət zəncirindən və faşist amillərinin zülmündən azad edə bildi, lazım olan əmniyyət və asayişi Kürdüstan torpağında başdan-başa bərqərar edə bildi və onu tərəqqi yoluna sövq etdi. Buna görə bir millətin azadlığını və hazırkı vəziyyətini sona kimi möhkəmləndirmək üçün sizdən bütünlüklə özünüzün var qüvvənizi işlətməyinizi istəyir və gözləyirik ki, pak hisslərimiz yaralanmasın.

Mahabad tacirləri Məhəmməd Salehzadə, Məhəmməd Hakimzadə, Hacı Seyid Gərmayan, Rəhim Vəlizadə,  Hacı Kərim Səncəri, Muradiyan, Şeyx Abdulla Şərifi, İbrahim Fəhmi, Hacı Məhəmmədəmin Rəhimzadə, Saleh Fərazi, Səməd Həmidi, Abdulla Cami, Rəşid Şafei, Mustafa Mahmudzadə,  Mustafa Billuri, Seyid Salehiyan, Sadıq Billuriyan, Hacı Rəhman, Əhməd Vəlizadə, Rəhmətulla Davudi, Seyid Hacı Cəfər Şərafət, Xosrəvi, Hacı Seyid Rəhman, Hüseyn Məhəmmədrəsul Kaka, Qasım Ötmüş, Hacı Əhməd Davudi, Rəsul Qumaş, Hüseyn Davudi, Kərim Rəşidi, Həsən Vəlizadə, Qəni Şafei, Həmid Turiyan, Qafur Rəsuli, Həsən Dadvəri, Abdulla Seydi, Abdulla Kərimi, Seyid Məcid Həsən.

 

Poçt, Teleqraf və Telefon məmurları tərəfindən

Tehran  

Azərbaycan Milli Hökumətinin hörmətli Baş naziri və Azərbaycan nümayəndələr heyətinin rəisi cənab Pişəvəriyə

Üzü: “İran-e ma”, “Rəhbər”, “Nicat-e İran” qəzetlərinə

Tarixin şahidliyi və dünyanın bütün mütərəqqi millətlərinin təsdiqi ilə əziz məmləkətin istiqlalı və azadlığı yolunda Azərbaycanın cəsur əhalisi  həmişə fədakarlıqla canlarını verib. Cənabınızın və sair sevimli nümayəndələrin 5 milyon azərbaycanlının azadlığının təkmilindən ötrü Tehrana getdiyi və dövlətin hörmətli heyətilə müzakirələr apardığı bir vaxtda poçt, teleqraf və telefon məmurları da öz növbələrində nəticəni tam bir maraqla gözləyirlər.

Müzakirələrin qabağa getməsi və müvəffəqiyyət müjdəsinin çox tezliklə elan olunması, bu məqsədlə də poçt və teleqraf zəhmətkeşləri də sair azərbaycanlı qardaşları kimi nə qədər canlarında can varsa, çox qurbanlıqlar və saysız-hesabsız məşəqqətlərə dözməklə ələ gətirdikləri istiqlal və azadlıqların qorunması, eyni zamanda onu möhkəmləndirmək üçün geri çəkilməyəcək və heç bir fədakarlıqlarını əsirgəməyəcəklər.

 

Poçt, teleqraf və telefon məmurları tərəfindən general       Kəbiri, Tahiri

Azərbaycan şosse və dəmir yol işçiləri tərəfindən

Təbrizdən Tehrana göndərilən sevimli heyətin hörmətli rəisi, Milli Hökumətin Baş naziri və Azərbaycan Demokrat Firqəsinin rəhbəri cənab Pişəvəriyə

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq”, “Qələbə” və Tehranda nəşr olunan “Rəhbər”, “Nicat-e İran”, “İran-e ma”, “Ettelaat” qəzetlərinə

Üzü: İranın hörmətli Baş naziri cənab Qəvamüssəltənəyə

Öz ana vətəninin azadlığından ötrü silahını əlinə alıb o nemətə nail olmuş Azərbaycan milləti indi ona aid olan müzakirələrin nəticəsi ki, Tehranda cərəyan edir, gərək bir … varid eləsin və hər gün qeyrətli Azərbaycanın milli qoşununun süngülərinin parıltısını müşahidə etmək bizi həyəcana gətirib və həmişə tamam öz varlığımız ilə deyil, yalnız öz əsl vətənimizin azadlığı yolunda deyil, eyni zamanda bütün İranın demokratikləşməsi və azadlığı üçün öz qanımızı tökməyə hazırıq.

Azərbaycan millətinin Tehrana ezam olunmuş sevimli heyətinin üzvləri yəqin bilsinlər ki, əgər Azərbaycan millətinin öz sevimli nümayəndələrinə vermiş olduğu göstəriş və tələblərin içərisinə kiçik bir xəsarət daxil olarsa, bu, İran və Azərbaycan tarixində milyonlarla vətəndaş və qardaşların  qanının axıdılmasına bais olan böyük bir ləkə olaraq qalacaqdır. Zəfər körpüsünü quranların zəhmət və məşəqqətləri dünyanın demokratik dövlətlərinin qələbə çalmasında təsirli olduğu kimi biz də arzu edirik, Azərbaycanın dövlət və ictimai işlərində icra edilən bu islahatlara sair iranlı qardaşlarımız da nail olsunlar. Bu məqsədimizi yerinə yetirməkdə heç bir fədakarlıqdan geri qalmayacağıq. Çünki Azərbaycan millətinin bütün maddi və mənəvi qüvvəsi sizinlədir. Yəqin bilin ki, Allah Taala da sizin yardımçınız və köməyiniz olacaqdır.

 

Azərbaycan şosse və dəmir yol işçiləri tərəfindən general Kəbiri, Fəhmi və İpəkçi

Sayınqala firqəçiləri, tacirləri və kəndliləri tərəfindən:

Sayınqaladan Tehrana

Azərbaycan nümayəndələri və onun rəisi cənab Pişəvəriyə.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət” və Tehranda nəşr olunan “İran-e ma” və “Rəhbər” qəzetlərinə

Azərbaycanın həqiq nümayəndələrinin Tehranda olduğu bir zamanda bizim, Sayınqla və onun ətrafında yaşayan əhalinin, tacirlərin arzusu milli dövlətimizin İran daxilində toxunulmaz qalmasıdır.

Tacirlər tərəfindən Baba Mənsuru, firqəçilər tərəfindən İzzət Əhmədi, kəndlilər və əhali tərəfindən İzzət Xeybərzadə.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 196, 12.05.1946

 

Şərhlər bağlıdır.