Azərbaycan Demokrat Firqəsi yaranandan bu günədək Azərbaycan xalqının, onun milli azadlıq və rifahı yolunda çalışır, Vətənimizi, xalqımızı əsarətdə saxlayan qüvvələrə qarşı qətiyyətlə mübarizə aparır. Bu yolda şəhidlər verməsinə, təqiblərə, irticaçı hakimlərin, icraat məmurlarının böhtanlarına, işgəncələrə məruz qalsa da, mübarizə sınaqlarından üzüağ çıxmaqda, iftiraları puç etməkdədir. İstər Pəhləvi, istərsə də onun varisləri olan İran İslam Respublikası dövründə ADF həmişə irticaçı qüvvələrin və yaxud özlərini müxalifət adlandıranların və şovinistlərin hədəfində dayanıb. Onlar xalqımıza divan tutmaqla, insani və mədəni soyqırımlara məruz qoymaqla, qaraguruhçular və polis vasitələri ilə hədələyib qorxutmaqlar da bizi haqq-ədalət yolundan çəkindirməyə çalışsalar da Azərbaycan Demokrat Firqəsi xalqımızla bərabər bütün çətinliklərə sinə gərməkdədir.
ADF 1903-cü ildən bəri, Azərbaycanın daxilində və xaricində yaşayan dəyərli ziyalılarımız tərəfindən yaranan siyasi, sinfi və mədəni ideyaların təsiri altında fəaliyyət göstərən, ictimaiyun-ammiyyun təfəkkürünün fəlsəfəsinin varisidir. Təbii ki, həmin təfəkkürü daşıyan firqəmiz, Avropada ronesansın, reformasiyanın, rövşəngərinin, modernizasiyon və təcəddüdün vətənimizdə əks-sədası və təmçisidir, həyata keçirəni, qurucusu və müdafiəçisidir. Təcəddüdlük, millətləşmə, demokratikləşmə, (milli demokratik cərəyan) dünyamızda orta əsrdən sonra baş verən, İngiltərədə iqtisadi, Fransada ictimai, Amerikada siyasi inqilabın nəticəsi olaraq son dövrdə dünyada baş verən elmi, fənni inqilablardan yararlanan mütərəqqi, elmin tərəfdarı, cəhalət və xürafata qarşı fədəkarcasına mübarizə aparan bir qüvvədir. ADF-nin sıralarında saysız-hesabsız alimlər, professorlar, jurnalistlər, yazıçılar, görkəmli ictimai xadimlər, tələbələr, yüksək rütbəli zabitlər, generallar, iş adamları, sadə zəhmətkeş qadın və kişilərə rast gəlirik ki, onlar Azərbaycanın milli azadlıq yolunda ömür qoyub, və hətta canlarını fəda etmişlər.
3 sentyabr 1945-ci ildə yaranan Azərbaycan Demokrat Firqəsi, Şeyx Məhəmməd Xiyabaninin Azərbaycan Demokrat Hizbinin məram və məsləkini, həmçinin İran Demokrat Partiyasının ənənələrini özündə daşıyır. Həmin partiyaların sıralarında fəaliyyət göstərən üzvlər Azərbaycan Demokrat Firqəsinin təsisçiləri sırasında olmuşlar. ADF, Azərbaycan xalqının içərisindən çıxan, Azərbaycanın şəhər və kəndlərində yaşayan dilavər, şüurlu, şəxsiyyətli, təmiz və pak insanlarından ibarətdir. Azərbaycan Demokrat Firqəsi bütün mübarizə və fəaliyyətində, ancaq Azərbaycan xalqına arxalanıb, can-dilnən topraqlarımızın azadlığında, əhalimizin rifah , asayişi yolunda candan-başdan keçən və şirin canlarını bu yolda qoyan fədəkar insanlar olmuşlar. Onun üçün Azərbaycan xalqı partıyamızla fəxr etməli, onun keşmişindən qürur duyub və gələcəyinə güvənməlidir. Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olub, onun təlimatlarını alıb, təbliğatlarını sevə-sevə əhali arasında yayıb, partiya əmrlərini canla-başla qəbul edib yerinə yetirməliyik. Azərbaycan Demokrat Firqəsinə daxil olmaq və orada milli hissiyyatımızı, milli mədəniyyətimizi, milli tariximizi firqənin zəngin ədəbiyyatından öyrənərək firqənin uzun illər ərzində xalqımızın milli azadlıq yolunda mübarizə təcrübələrini mənimsəməliyik. Bir sözlə, ona nail olmalıyıq ki, qoçaq, fədakar firqəçilərimizin həyat və mübarizə yolları ilə tanış olmaq, eyni zamanda təşkilati, inzibati həyatı təcrübə etmək, hər bir fəhlənin, ziyalının, məktəblinin, xidmət işçisinin, mütərəqqi fikrin daşıyıcısı olmağa amadə hər bir insanın mənəvi ehtiyacına çevrilsin. Onları geniş ictimai şüurun daşıyıcılarına, azad insana, qorxmaz və fədakar vətəndaşa, məsuliyyət daşıyan bir soydaş səviyyəsinə çatdıraq. Bununla Vətənimizi, millətimizi tərəqqiyə, azadlığa, abadlığa, öz şəninə uyğun yaşama tərzinə çatmasına nail olarıq. Tarixdə bir illik Milli Hökumət dövründə əldə etdiyimiz nailiyyətlər buna sübutdur.
Milli Hökumətimiz süquta uğrasa da biz firqəçilər təslim olmadıq. Elə həmin gündən zindanlarda, sürgündə Vətənin şəhər və kəndlərində ehtiraz səslərimizi ucaltdıq. Mübarizəni davam etdirib bu günə çatdırdıq. Gəlin firqəmizin sıralarına daxil olub, öz taleyimizi yazıb yaratmasında yaxından iştirak edək. Firqəmizin simasında milli iradəmizi nümayiş etdirək.
Milli Hökumətimizi, Milli Məclisimizi Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zəncanda bərpa edək!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Azərbaycan Demokrat Firqəsi!
Abdulla Əmir Haşimi Cavanşir
29.03.2021
Şərhlər bağlıdır.