AMEA-nın Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda anım mərasimi

Cənubi Azərbaycan şöbəsinin müdiri S.Bayramzadənin çıxışı

Bu gün çox böyük yanğı və eyni zamanda da dərin ehtiramla 1918-ci ilin mart və aprel aylarında ermənilər tərəfindən  Azərbaycanın müxtəlif bölgələrində  – Bakı şəhəri və onun ətrafında,  Şamaxı, Quba, Lənkəran, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, İrəvan və Zəngəzurda, Naxçıvan və eləcə də Şərqi Anadolunun Qars, Ərzurum, İğdır əyalətlərində, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya bölgələrində  mülki türk-müsəlman əhaliyə qarşı törədilmiş qanlı qırğının qurbanlarını yad edirik.

Mart soyqırımı ilə bağlı zamanında Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə  Təhqiqat Komissiyası yaratmış və bu qırğınların qəsdən və planlı şəkildə törədildiyi aşkar edilmişdir.

Rusiya bolşeviklərinin rəhbəri Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən Stepan Şaumyan  və onun ətrafında olan erməni-bolşevik qrupu  məqsədyönlü şəkildə və bilərəkdən bu cinayətə imza atmışlar.  Neft  Bakısı və onun şimal hissəsini türk-müsəlman əhalidən təmizləmək və Azərbaycanın bu hissəsində Rusiyaya bağlı  bir erməni dövləti qurmaq   planlaşdırılmışdı.

Stepan Şaumyan özü etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və  Rusiya ordusu içərisində  cəbhədən dönmüş 4000 silahlı Daşnaksütyun  Partiyasına bağlı erməni əsgəri iştirak etmişdir.

Bir daha qeyd olunmalıdır ki,  erməni quldurları tərəfindən sistemli və planlı şəkildə azərbaycanlılara  qarşı törədilən soyqırımlar  Bakı, Şamaxı, Quba,  Qarabağ, Naxçıvan və  Şərqi Anadolunun Qars, Ərzurum, İğdır, Güney Azərbaycanın Xoy, Səlmas, Urmiya  bölgələri ilə yanaşı, İrəvan quberniyasının, Zəngəzur qəzasının və Qərbi Azərbaycanın   bütün mahallarını da əhatə etmişdir.

Rəsmi mənbələrə əsasən 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSalyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Mövcud tarixi sənədlər əsasında aparılmış müvafiq araşdırmaların nəticələrinə görə indiki Ermənistan ərazisində  azərbaycanlıların  kompakt yaşadıqları ərazilərdə, xüsusilə İrəvan quberniyasında silahlı erməni birləşmələri 500 mindən artıq azərbaycanlı əhalini fiziki cəhətdən məhv etmiş, bir milyondan artıq yerli əhalini öz yurd-yuvalarından didərgin salmışlar.

1918-ci ilin fevral-iyul ayları ərzində erməni və aysor silahlı dəstələrinin Azərbaycan ərazisində erməni dövləti qurmaq məqsədilə azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində Cənubu Azərbaycanın Urmiya, Salmas və Xoy kimi yaşayış məntəqələrində 200 minə qədər azərbaycanlı qətlə yetirilmişdir.

Xalqımıza, millətimizə qarşı ermənilər tərəfindən törədilmiş bu dəhşətli soyqırımı hadisələrinin məlum miqyası barədə danışarkən xüsusi vurğulamaq lazımdır ki, sözügedən qırğınların geniş vüsət almasının qarşısı həm Cənubi, həm də Şimali Azərbaycanda bu ərazilərə vaxtında daxil olan Osmanlı qoşunu tərəfindən alındı, azərbaycanlıların nisbi təhlükəsizliyi təmin olundu.

Azərbaycan və xalqı üçün həssas tarixi dövrlərdə olduğu kimi Türkiyə regionda sülhün bərqərar olunmasına, azərbaycanlı qardaşlarının erməni təcavüzkarları tərəfindən qəsb edilmiş torpaqlarının işğaldan azad  edilməsi uğrunda mübarizəsinə dəstək missiyasını 2020-ci ilin 27 sentyabr – 9 noyabr tarixləri arasındakı 44 günlük ikinci Qarabağ savaşında da əzmlə nümayiş etdirdi. Bu dostluq, bu qardaşlıq ümidvarıq ki, bundan sonra əbədi olaraq davam edəcəkdir.

Azərbaycana qarşı törədilmiş bu soyqırım aktlarının bütün dünya ölkələrinin parlamentlərində və beynəlxalq təşkilatlarda  “Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul edilməsi istiqamətində ardıcıl və davamlı bir şəkikldə ideoloji, siyasi əsaslarda təbliğat-təşviqat kampaniyaları təşkil edilməli və aparılmalıdır.

Bunun üçün əlimizdə hüquqi əsaslar da vardır. Belə ki, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin  Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğına və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

Allah bütün soyqırımı qurbanlarımıza, Vətənin bütövlüyü uğrunda  şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin.

Yaşasın Azərbaycan, Azərbaycanın ərazi bütövlüyü.  Azərbaycanın ərazi bütövlüyü və toxunulmazlığı uğrunda fədakarlıq göstərən igidlərimizə eşq olsun! 

31 mart 2021

Şərhlər bağlıdır.