Qışın soyuq və boranlı günlərində əllərinə silah alıb vətənimizi düşmənlərdən qorumaq üçün həyatlarından keçənlər qəhrəman fədai qardaşlarımızdır. Bu qəhrəman uşaqlar keçmiş satqın hökumətin külünü göyə sovurandan bu günə qədər hər cür çətinliklərə dözərək firqə və hökümətin tapşırıqlarını yerinə yetirib öz vətənlərini göz bəbəyi kimi qoruyurlar. Onlar vətənləri olan odlar və alovlar yurdunu xalq düşmənlərindən təmizləmək üçün yorulmadan çalışır və hər cür fədakarlıqlara hazır olurlar.
Bu qəhrəman oğullar bir daha rəşadət göstərib illər boyu Qaradağ mahalında hər növ cinayətlərlə məşğul olan Abdulla xan və Səməd xanların pis əməllərinə son qoydular. İndi Qaradağ mahalı öz tarixində əvvəlinci dəfə olaraq əmniyyət görür. Artiq Qaradağ əhalisi öz yaşayışlarından nigaran deyillər. Bunu qizlətmək olmaz ki, indiyə qədər Qaradağ əhalisi əmniyyət və qanun sözünün nə olduğunu bilməmişlər. Çünki onlar həmin quldurların dərəbəylik hakimiyyətləri altında yaşamışlar. Ona görə də onlar indi Qaradağda əmniyyətin yaranmasına səbəb olan fədailərə minnətdardırlar. Bu səbəbdəndir ki, bütün Azərbyacan xalqının məhəbbəti fədailərə qarşı gün-gündən artır və əllərindən gələn yaxşılıqları onların barəsində edirlər. Yalnız tək Təbriz şəhərində fevral ayının 20-ə qədər paltar və digərlərindən savayı 8519 tümən pul hədiyyə olaraq əhali tərəfindən fədailərə verilmişdir. Bu heç də təsadüfü deyil. Çünki Azərbaycan xalqı artıq bilirlər ki, bu azadlıq və səadət firqəmizin rəhbərliyi və fədailərimizin əlləri ilə alınmışdır. Ona görə də biz azərbyacanlılar daima qəhrəman fədai qardaşlarımıza minnətdarıq.
Qulam Musazadə.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 137, 28 fevral 1946-cı il
Şərhlər bağlıdır.