1920-Cİ İL TƏBRİZ ÜSYANI.

MİLLİ HÖKUMƏTİN YARANMASI VƏ FƏALİYYƏTİ.

1917-ci ilin fevralında Rusiyada çarizmin devrildiyi vaxt Cənubi Azərbaycan rus qoşunlarının işğalı altında idi. Çarizmin ləğvi İranda, ölkənin şimal əyalətlərində, o sıradan Güney Azərbaycanda milli demokratik hərəkatın canlanması üçün şərait yaratdı.

Cənubi Azərbaycanda əhalinin çıxışlarına istiqaməti əsas siyasi orqan -İDP-nin açıq işə keçən əyalət komitəsi verirdi. Əyalətin bir sıra vilayət mərkəzlərində – Sərab, Ərdəbil, Zəngan, Urmiyada isə partiya komitələri fəaliyyət göstərirdi. Azərbaycan əyalət komitəsi bu təşkilatın mətbuat orqanı kimi “Təcəddüd” (“Yeniləşmə”) qəzetini nəşr etməyə başladı. Qəzetin ilk nömrəsi 1917-ci il aprelin 9-da çıxdı. 1917-ci il avqust ayının 24-də Təbrizdə İran Demokrat Partiyasının (İDP) əyalət komitəsinin konfransı oldu. Konfransda Təbrizdən və Azərbaycanın müxtəlif vilayətlərindən 480 nəfər nümayəndə iştirak edirdi. Konfrans Azərbaycan Demokrat Partiyasını (ADP) müstəqil elan etdi. Xiyabani başda olmaqla onun Mərkəzi Komitəsini seçdi. Konfrans partiyanın vəzifələrini müəyyənləşdirən geniş qətnamələr qəbul etdi. Bu dövrdən etibarən ADP-nin fəaliyyət dairəsi xeyli genişləndi, partiya Cənubi Azərbaycanda yetişən xalq hərəkatının rəhbər təşkilatı kimi formalaşdı. Partiyanın Astara, Miyana və başqa şəhərlərdə, eləcə də bir sıra kəndlərdə yeni təşkilatları yarandı. Partiyanın güclü təşkilatlarından biri də Bakı təşkilatı idi. Bu dövrdə Azərbaycanda əsas siyasi partiya olan ADP-dən başqa daha bir neçə müxtəlif partiyatar da faaliyyət göstərirdi. 1917-ci ilin noyabr və dekabr aylarında Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəngan və b. şəhərlərdə keçirilən izdihamlı mitinqlərdə ingilispərəst Vüsuqüddövlə kabinəsinin istefası tələb edilirdi. Bununla yanaşı ADP demokratik qüvvələri eyni zamanda daha ciddi addımlar atmağa – üsyana çağırırdı.

1918-ci ilin əvvəllərində Rusiya qoşunlarının İrandan çıxarılması müqabilində ingilislərin öz hərbi dəstələrini ölkənin şimalına, o sıradan Güney Azərbaycan ərazisinə yeritmələri, digər tərəfdən əyalətin qərbində ermənilər, aysorlar və kürdlərin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmələri, əyalətdə qırğınların qarşısının alınmasına yardım etmək məqsədilə Osmanlı qoşunlannın burada yerləşdirilməsi ilə bağlı Güney Azərbaycanda yeni gərgin vəziyyətin yarandığı bir şəraitdə ADP çox fəal siyasi iş aparır, göndərdiyi silahlı dəstələrlə əhalini qırğınlardan qoruyur, xüsusi komitələr yaratmaqla aclara yardım göstərirdi.

1918-ci ilin noyabrında Osmanlı dövləti Cənubi Azərbaycanda yerləşdirdiyi 9-cu ordusunu buradan çıxartdıqdan sonra ingilislərin yenidən İranın şimal-qərbini əllərinə keçirməsi, Vüsuquddövlə hökumətilə 1919-cu il avqustun 9-da İranı siyasi və iqtisadi cəhətdən İngiltərədən tam asılı hala salan saziş bağlaması geniş kütləni ayağa qaldırdı və Cənubi Azərbaycanda genişlənən demokratik və milli azadlıq hərəkatının yeni pilləyə qalxmasına təkan verdi, əyalətdə ingilis imperialistlərinə və İran hökumətinə qarşı mübarizə şiddətləndi. Hərəkata başçılıq edən ADP-nin bu dövrki fəaliyyəti üçün səciyyəvi cəhət o idi ki, partiya tədricən passiv mübarizə mövqeyindən uzaqlaşır və xalqı silahlı üsyana hazırlaşdırırdı. 1920-ci il aprelin 7-də Güney Azərbaycanda silahlı üsyan baş verdi. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüvvələrin hamısı üsyançılara qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə heyəti (İİH) təşkil olundu. ADP-nin fəal üzvlərindən – Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və başqalarından ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. İİH-nin rəhbərliyi altında üsyançılar iki gün müddətində demək olar ki, bütün dövlət idarələrini ələ keçirdilər. Polis dəstəsi şəhəri, daha sonra isə ingilislərin hərbi qüvvələri əyaləti tərk etməyə məcbur oldu. Silahlı üsyan qan tökülmədən qələbə çaldı.

“Azadistan” (“Azadistan məmləkəti”) Güney Azərbaycanın rəsmi adı kimi elan edildi1 və bu adın rəsmən tanınması mərkəzi hökumətdən tələb olundu. İİH Tehrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarə işlərindən kənar edərək Təbrizdən qovdu. Onların yerinə ADP-nin tanınmış üzvlərindən təyin olundu. Üsyan zamanı «Təcəddüd» qəzetindən başqa ADP-nin cavanlar təşkilatının orqanı olan aylıq “Azadistan” jurnalının nəşrinə başlandı.

Təbrizdə başlamış üsyan tədricən Güney Azərbaycanın başqa mahal və şəhərlərini, o cümlədən Zəngan, Marağa, Əhər, Xoy, Ərdəbil və s.-ni əhatə edirdi. Tehranda və İranın digər mühüm məntəqələrində Təbriz üsyanına açıq hüsn-rəğbət və həmrəylik güclü idi. Həmin dövrdə İranda milli azadlıq hərəkatının mühüm mərkəzlərindən olan, ingilis imperializmi və İranın irtica hökumətinə qarşı mübarizədə müəyyən rol oynamış Gilan əyalətində Təbriz üsyanına xüsusi maraq göstərilir, əlaqələr və işbirliyi yaratmağa təşəbbüs edilirdi.

Təbrizə hərbi yardımlar da təklif olunurdu. Lakin “İranı iranlı azad etməlidir” – deyən Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Üsyanın gedişi zamanı baş vermiş müəyyən hadisələr Xiyabaniyə bu sərt mövqeyində haqq qazandırırdı. Xüsusilə həmin dövrdə Gilandakı hərəkatın bəzi xoşagəlməz (neqativ) cəhətləri, o sıradan Sovet rəhbərlərinin (çarizmlə ingilislər arasında İranın nüfuz dairəsinə bölünməsi haqqında 1907-ci və 1915-ci illər gizli sazişlərinin ləğvini elan etməklə demokratların rəğbətini qazanmış bolşeviklərin) rəsmi bəyanatlarının tam əksinə olaraq, 1920-ci il mayın 18-də yenidən İrana -onun Xəzər sahili limanı Ənzəliyə hərbi hissələr çıxarması və sonrakı hadisələr Xiyabanidə bolşeviklərə olan inamı tamamilə qırdı. Bu aylar ərzində Bakıda hakimiyyətin əslində rusların əlində olması, Gilandakı sovetlərin dəstəklədiyi ifrat solçu kommunistlərin siyasətinin əsil mahiyyəti onun üçün aydınlaşdı. Artıq avqustun 7-də “Yuq Rossii” (“Rusiyanın cənubu”) qəzetinin müxbirinə müsahibəsində Xiyabani bolşevizmi “Çarizmin o biri üzü” adlandırmışdı.

İran Konstitusiyasına uyğun Əyalət Əncüməni yaradılması haqqında Tehrana müraciətinə cavab almayan üsyan rəhbərliyi yerlərdə hakimiyyətin demokratlar əlinə keçməsinə istinadən iyınun 24-də konstitusiyadakından daha yüksək muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli hökumət (MH) yaratdı. Xiyabaninin sədr seçildiyi MH iyunun 24-də “Təcəddud” qəzeti redaksiyası binasından üsyandan əvvəl mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya – Ala Qapıya köçürüldü. Təbrizə göndərilmiş vali Eynüddövlə Təbrizi tərk etdi və burada mərkəzdən göndərilmiş bir nəfər də olsun, məmur qalmadı. Həmin tarixi gün Təbriz əhalisinin ümumi bayramına çevrildi.

Yerli icraiyyə orqanı olan MH demokratik respublika qaydalarına əsaslanırdı. MH-nın tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onların əsas hissəsi ticarət burjuaziyasına (Məhəmmədəli Badamçı, Əli Nağı Gənceyi və b.) və bir qismi də ziyalı təbəqəsinə mənsub idi. MH-nın üzvləri içərisində orta və xırda mülkədarların (Haşım Neysari, Mahmud Əmin, Seyidül-Mühəqqiqin), ziyalıların (Mirzə Tağıxan Rəfət, İsmayıl Əmir Xizi, Əbülqasım Fiyuzat, Məhəmmədhüseyn Səfvət) və qulluqçuların (Nurullaxan Yekani, Nüsrətulla Neysari, Zeynalabdin Qiyami) nümayəndələri də var idi. Hərəkatın rəhbərliyi xırda ticarət burjuaziyasına və ziyalılara məxsus idi.

Bütün İranın demokratikləşməsini qarşıya məqsəd qoyan bu hərəkatın milli azadlıq cəhəti öz əksini gələcəkdə yaradılacaq demokratik İranın tərkibində Azərbaycana muxtariyyat verilməsi uğrunda mübarizədə tapırdı. Belə ki, üsyanın ilk günlərində mövcud konstitusiyanın bərpası və təkmilləşdirilməsi tələbini irəli sürən hərəkat rəhbərləri MH yarandıqdan sonra artıq diqqəti İranda şahlığın ləğvi və respublika yaradılması ehtimalına yönəldirdilər.

Milli hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və başqa tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə müvafiq idarə və nazirliklər yaratdı.

Təbriz üsyanı dövründə İngiltərənin Tehrandakı nümayəndəsi Persi Koksla xarici işlər naziri Lord Kerzon arasındakı yazışmalardan bəlli olur ki, Cənubi Azərbaycandakı hərəkat onları son dərəcə çaşdırmışdı.    Çox keçmədən – iyunun 25-də Vüsuqüddövlə kabinəsi istefa verdi.

Tehrandakı Böyük Britaniya nümayəndəliyi İran Mərkəzi hökumətinin Azadistana (Azərbaycana) hazırladığı silahlı hücum planının bilavasitə ilhamçısı və təşkilatçısı idi. İngiltərə nümayəndəliyi ilə məşvərətdən və müəyyən hazırlıqdan sonra sentyabnn 11-də İran Mərkəzi hökuməti Təbriz üzərinə qəfil hücum təşkil etdi.

ADP-nin silahlı üzvlərinin ciddi müqavimətinə baxmayaraq, əksinqilabi qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə “Təcəddüd” qəzeti binasını dağıtdılar. Əksinqilabi    qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Xiyabani şəhid oldu. Üsyançılara amansız divan tutuldu. Onların evləri yandırıldı, yüzlərlə üsyançı həbs, edam və ya sürgün edildi. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda və İranın müxtəlif yerlərində xalq hərəkatının yatırılmasındakı “xidmətlərinə” görə şah tərəfındən birinci dərəcəli “Taci-Kiyan” nişanı ilə təltif edildi.

Bir sıra məhdudiyyətlərinə, nöqsanlarına və üsyan zamanı buraxılan səhvlərə və təqribən, beş aylıq uğurundan sonra məğlub edilməsinə baxmayaraq, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə həyata keçirilmiş 1920-ci il Təbriz üsyanı və bütün hərəkat Cənubi Azərbaycanda, ümumiyyətlə İranda yaşayan xalqların tarixində parlaq bir dövrü təşkil edir.

Təbriz üsyanının İran türklərinin – azərbaycanlıların öz milli kimliyi uğrunda mübarizə tarixində də yeri son dərəcə

böyükdür.

Səməd Bayramzadə

 6 aprel 2021-ci il

Şərhlər bağlıdır.