“Molla Nəsrəddin” Təbriz mühacirəti dövründə Bu bir həqiqətdir ki, “Molla Nəsrəddin” jurnalı satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin əsasını qoyub, bu sahələrin inkişafına ciddi təkan verib. Xüsusilə, satira mətbuatının, karikaturanın milli yaradıcılıq faktına çevrilməsi “Molla Nəsrəddin”in adı və fəaliyyəti ilə bağlıdır. Təkcə Azərbaycan mühitinə deyil, bütövlükdə Şərq aləminə satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğub. Cəsarətlə deyə bilərik ki, məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” jurnalı ilə başlayıb. Bütün bunlarla belə, Azərbaycan milli mətbuatı tarixində ayrıca məktəb səviyyəsində qəbul olunan “Molla Nəsrəddin” və mollanəsrəddinçilər lap başlanğıcdan azərbaycançılıq ideyasının əsas daşıyıcısı kimi çıxış ediblər. “Molla Nəsrəddin” satirik jurnalının proqram konsepsiyasında azərbaycançılıq aparıcı, bəlkə də bundan da artıq yer tutub. Yarandığı çağdan başlayaraq fəaliyyətinin sonunadək jurnal azərbaycançılığın mərkəzi tribunası rolunu oynayıb. Çar hökumətinin milli azlıqların özünüdərk hərəkatından qorxuya düşərək, davamlı şəkildə “Molla Nəsrəddin”in fəaliyyətini dayandırması belə bu dərginin əsas amalına mane ola bilməyib. Jurnalın ideya istiqamətləndiricisi Cəlil Məmmədquluzadə və məsləkdaşlarının fikrincə, demokratik qüvvələrin hamısının əsas işi Azərbaycanı sivil dünyaya qovuşdurmaq niyyətinin gerçəkləşməsi idi. Uzun zaman – 1906-1920-ci illər dövründə bu vəzifəni qətiyyətlə yerinə yetirməyə çalışan jurnalın və onun əməkdaşlarının fəaliyyəti Azərbaycanda bolşeviklərin hakimiyyətə gəlməsi ilə ağır vəziyyətə düşdü. “Molla Nəsrəddin” jurnalının sovet dövrü tədqiqatçılarının jurnalın 1918-1920-ci illərdə nəşrini dayandırmasının əsas səbəbini “Gürcüstanda menşeviklərin, Azərbaycanda isə müsavatçıların hakimiyyət başına keçmələrində” görürdü. Eləcə də, Cəlil Məmmədquluzadənin 1920-ci ildə Təbrizə mühacirətinin səbəbi də qeyri-obyektiv, düzgün olmayan aspektdən izah edilib. “Hətta onun inqilabçı Şeyx Məhəmməd Xiyabaniyə yardım etməyə getdiyini yazanlar da var. Halbuki, belə olmamışdır. Mirzə Cəlil ölkəni tərk etməyə-mühacirətə məcbur olmuşdur”. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin Təbrizə səfərini belə əsaslandırıb: “…fevral və oktyabr inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən, azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi olması, “mülkədar-xeyriyyəçi qadın” kimi, qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən və Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruşlarda iştirak etməsi və s. bu kimi səbəblər ədibin Təbrizə mühacirətini labüd etmişdi”. Bəzi tədqiqatçıların “vətəndən vətənə mühacirət olmaz” fikri də, qənaətimizcə yanlışdır. “Cəlil Məmmədquluzadə 1920-ci ildə bir ölkədən – Şura Azərbaycanından digər ölkəyə – İrana mühacirət etmişdir”. Professor Xaləddin İbrahimli bu fikrində tam haqlıdır ki, mühacirət” anlamının mahiyyətindən aydın olur ki, vətəndən vətənə mühacirət mümkündür… hər ikisi qeyri-müstəqil olan bir Azərbaycandan o birinə keçid sözün rəsmi mənasında SSRİ-dən (Burada müəllif əslində rus imperiyasını nəzərdə tutur – A.M) İrana mühacirət idi”. Nəzərə alsaq ki, 1946-cı ildə Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan milli hökumət İran şahı tərəfindən devriləndən sonra çoxlu sayda insan Cənubi Azərbaycandan Sovet Azərbaycanına gələrək və özlərinin təşkilatını yaradaraq adını “Mühacirlər Komitəsi” qoydular, bu halda Cəlil Məmmədquluzadənin İrana mühacirət etməsi fikri doğru elmi nəticədir. Filologiya elmləri doktoru Abid Tahirlinin gəldiyi nəticəyə görə “Molla Nəsrəddin”in mühacirətdə işıq üzü görən nömrələri mühacir nəşrlərdir” və “Azərbaycan mühacirət mətbuatının tarixi “Yeni Qafqasiya” ilə yox, “Molla Nəsrəddin”in 1921-ci ildə İranda buraxılan Təbriz nömrələri ilə başlanır”. Akademik İsa Həbibbəyli dəqiq qeyd edir ki, “Cəlil Məmmədquluzadənin həyatında sovet dövrü öz xarakterinə görə yeni mərhələdir. Bu, ictimai-siyasi gedişatdan asılı olaraq bir müddət ümid və inamla, qaynar fəaliyyətlə, sonra isə tədricən şübhə və sarsıntılarla, ziddiyyətlərlə şərtlənən xüsusi bir tarixi dövrdür”. Bu dəqiq müşahidə jurnalın və onun redaktorunun həm də Təbriz dövrü fəaliyyətinə həssas yanaşma prinsipi tələb edir. Əslində “Molla Nəsrəddin”in Təbrizə mühacirətinin səbəblərini açan xüsusi rəsmi bir sənəd olmasa da, ayrı-ayrı mənbələr əsasında bu barədə müəyyən qənaətə gəlmək mümkündür. Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə özünün “Mirzə Cəlil haqqında xatirələrim” kitabında bolşeviklərin Azərbaycanda hakimiyyətə gəlmələri ilə yaranan hərcmərclik zamanı Cəlil Məmmədquluzadənin qardaşı Mirzə Ələkbərin təkidi ilə Cənubi Azərbaycana getdiyini xüsusi vurğulayır. Cəlil Məmmədquluzadənin jurnalı Təbrizdə nəşr etmək niyyətinin səbəbləri ilə bağlı sovet dövrü tədqiqatların sırf ideoloji istiqaməti də mövcuddur. “Molla Nəsrəddin”in nəşri tarixi ilə bağlı bir tədqiqatda Cəlil Məmmədquluzadənin hətta bədii, dramaturji yaradıcılığının da “1918-1920-ci illərdə Müsavat hökumətinin siyasətinə qarşı çevrildiyi” iddia edilir. Əslində isə belə deyil. “Cənubi Azərbaycanda hələ Təbriz dövründən çox əvvəl özünəməxsus “Molla Nəsrəddin” mühiti yaranmışdı”. Bu mühitin özü məhz “Molla Nəsrəddin”in və mollanəsrəddinçiliyin cənubda azərbaycançılığın təməl daşı rolunu oynamağı ilə meydana çıxır. “Cənubda “Molla Nəsrəddin” mühiti dedikdə ilk növbədə burada xalqın ictimai-siyasi məsələlərin mahiyyətinin başa düşülməsinə, haqq yolunun müəyyən edilməsinə hazırlanması, milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsi nəzərdə tutulur”. Tiflisdə, Bakıda olduğu kimi Təbrizdə də Cəlil Məmmədquluzadə və Təbriz mollanəsrəddinçiləri xalqı narahat edən problemlərin işıqlandırılmasına çalışıblar. Bütün bunları hiss edən hökumət jurnalın İrana ayaq açmasının qarşısını almağa cəhd göstərib, ancaq buna nail ola bilməyib. İlk növbədə qeyd edək ki, “Molla Nəsrəddin”in Təbrizdə nəşri Cənubda satirik mətbuatın və satirik qrafikanın təşəkkülünə və inkişafına səbəb olub. Jurnalın nəşrə başlaması ilə “Cənubi Azərbaycanda “Molla Nəsrəddin” ədəbi-ictimai mühitinin daha da qüvvətlənməsinə müsbət təsir göstərib. 1921-ci il fevralın 20-də çıxan ilk Təbriz nömrəsi dərhal əks-səda doğurmuşdu. Çünki “Molla Nəsrəddin” İranın özündə də görünməmiş bir cəsarətlə azərbaycançılığı ifadə edirdi. Jurnalın ilk Təbriz nömrəsindəki “Millət” adlı yazıda millət anlayışının elmi təhlili verilir və məmləkətdə “millət ləfzinin” olmaması dilə gətirilir. Jurnal müsəlman aləmində millət sözünün şəxs sözü ilə əvəzlənməsini satira atəşinə tutur və azadlığın yalnız milli zəmində mümkünlüyünü göstərir”. Jurnal özünün elə bu ilk Təbriz nömrəsində xalqı ac-yalavac qoyan, milyonları xarici konsullara xərcləyən hökuməti satira atəşinə tutur. “Bekarlar məhəlləsi” adlı bir yazıda hökuməti xalqı anlamağa, ona imdad göstərməyə çağırır. Əlbəttə, “Molla Nəsrəddin”in Tiflis mühiti ilə Təbriz mühiti və Tiflis fəaliyyəti ilə Təbriz fəaliyyəti arasında xeyli fərq var. Təbriz nömrələrindəki azərbaycançılıq ideyası müəyyən qədər ehtiyatlı idi. “Bununla belə, jurnal İranın, xüsusən də Cənubi Azərbaycanın əsas problemlərini əhatə edə bilmiş, öz sözünü demişdir…” Jurnal “öz dədə-baba xəttinə sadiq qalaraq Cənubi Azərbaycandakı iqtisadi geriliyi, milli-mədəni inkişafa buxov olan bütün əngəlləri tənqid etmişdir”. Jurnal Təbrizdə nəşr olunan ikinci nömrəsindəki “Firqələr davası” felyetonunda, müasir dillə desək, siyasi-partiyaların xarakterini, hakim partiyanın İranda mövqeyini, anti-demokratik fəaliyyətini ifşa edir. Jurnalın fikrincə, demokratik qaydalara əməl etməyən hakim partiyanın fəaliyyəti ölkəni xoşbəxt edə bilməz. Jurnalın Təbriz nəşrinin üçüncü nömrəsindəki “Qız tərbiyəsi” felyetonu birbaşa azərbaycançılıq ideyasının ifadəsi ilə bağlıdır. Dəli imzası ilə dərc olunan felyetonda Cənubi Azərbaycanda və bütövlükdə Azərbaycanda qızların təhsil problemi qoyulur. Felyeton müəllifi yazır: “…Biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Ama çünki özləri az çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər”. Felyetonda göstərilir ki, “əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar, bir tərəfdən də qızlarımız yekəlib illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar”. Bu dəqiq və birbaşa fikirdən sonra müəllif həmin dərdə çarə yolları arayır. Çarənin birini onda görür ki, qızlara da təhsil verilsin. Amma buna imkan verilməyəcəyini yaxşı bilən müəllif qrotesk üslubla qızlara təhsil verməyin əleyhinə olanları ifşaya keçir və axırda bu yolu seçir: “…Mənə qalsa ən salamat çarəsi budur ki, biz heç əslində oğlan uşaqlarını da dərsə qoymayaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab”. Jurnal bununla da qızların təhsilinə mane olan qüvvələri satira atəşinə tutur. Felyetondan əsl mətləb azərbaycanlı qızların maariflənməsi ideyasının təbliğidir. “Molla Nəsrəddin” Təbrizdən əvvəlki fəaliyyətində olduğu kimi Cənubi Azərbaycanda da millətin qəflət yuxusunda olduğunu, azadlıqdan məhrumluğunu, cahalət və səfalət içində boğulduğunu, millətin məhvə getdiyini ürək ağrısı ilə göstərirdi. Jurnalın Təbriz nömrələrindən birindəki Təbriz hamamlarının peyinlə qızdırılmasını bəhanə gətirən “Tüstü” felyetonunda, əslində, millətin cəhalət içində boğulması təsvir olunur. Felyetonda oxuyuruq: “Hər yan tüstüdür, məscidlərdə və evlərdə duxaniyyət və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü… Xülasə, millət tüstü içində boğulmaqdadır!” Jurnal tüstü içində boğulan millətin nicatını vicdan sahiblərində axtarır. “Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eyləyib, əgər dadü fəryadə yetişməsəz, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya”. Göründüyü kimi, jurnal millətin sabahı üçün həyacan təbili çalır və “vicdan sahiblərini” köməyə çağırır. Jurnal elə həmin nömrəsindəki “Məşrubat” felyetonunda islam dəyərlərinə məhəl qoymayıb, hətta orucluq axşamlarında belə arağa qurşanan müsəlmanları kəskin ifşa edir. Jurnalın bütün tədqiqatçılarının fikrincə, təqiblərə, qadağalara baxmayaraq “Molla Nəsrəddin” Təbrizdə çox populyar olub. Bu populyarlığın əsas səbəbi jurnalın qaldırdığı kəskin mövzularla bağlı idisə, digər səbəblərindən biri Cənubda cənublu mollanəsrəddinçilərin ədəbi fəallığı idi. Bu sırada cənublu şair Mirzəli Möcüz Şəbüstərinin və rəssam Seyidəli Behzadın “Molla Nəsrəddin”dəki yaradıcılıqları xüsusən diqqətəlayiqdir. Mirzəli Möcüz Mirzə Ələkbər Sabiri yaxından izləyən və onun üslubunda yazan sənətkardır. Onun poeziyası azərbaycançılıq ideyaları ilə yoğrulmuş bir yaradıcılıq nümunəsidir. Şair “Vətən” adlı şerində vətənin payimal olduğunu, millətin qəflət yuxusuna daldığını ürək ağrısı ilə dilə gətirir: “Niyə, ya rəb, belə xar oldu əzizani-Vətən? Düşmən elm ilə bizi eylədi həmmal özünə, Kim zəlil etdi bizi? – cəhl! A müsəlmani-Vətən!” Bu misralarda şairin Azərbaycan deyilən bir vətənin düşdüyü girdablara narahatlığı ifadə olunub. Mütəxəssislərin fikrincə, jurnalın Təbriz nömrələrindəki “Ballı badımcan xala”, “Hamamlarımız”, “Xanımlar məişətindən”, “Olsun gərək” kimi şeirlər məhz onun qələminin məhsuludur. “Molla Nəsrəddin” Təbrizdə çap olunarkən Cəlil Məmmədquluzadə azərbaycanlı rəssam Seyidəli Behzadı əməkdaşlığa dəvət etmişdi. O, İtaliyada təhsil almış, bir müddət İran şahının saray rəssamı olmuşdu. Karikaturalarını “Behzad”, “Seyidəli Müsəvvirzadə”, “Müsəvvirzadə Seyidəli Behzadi” imzaları ilə çap etdirmişdi. Seyidəli Behzad qısa müddət ərzində çox istedadlı rəssam olduğunu sübut etmiş və məşhurlaşmışdı. “Molla Nəsrəddin”in Təbriz nömrələri çətinliklə olsa da, azərbaycançılıq ideyasını əvvəlki tək sona qədər davam etdirib. Tədqiqatlar göstərir ki, Təbriz dövründə jurnalın ətrafına xeyli yerli müəllif cəmləşsə də, onun əsas materiallarını Cəlil Məmmədquluzadə özü hazırlayıb. Burası da var ki, “Molla Nəsrəddin” məcmuəsində materiallar, əsasən, gizli imza ilə verildiyindən Təbriz ədəbi cəbhəsini təmsil edən ziyalıların əksriyyətinin qələmindən çıxmış yazıları dəqiqləşdirmək çətindir”. Lakin Cəlil Məmmədquluzadə jurnalın Tiflis dövrü anonim imzalarını Təbrizdə də qoruyub saxlayıb, bununla da məcmuənin eyni xətlə fəaliyyət göstərdiyini sübut edib. “Molla Nəsrəddin”in Təbrizdə nəşri Azərbaycan ədəbi, ictimai, mədəni həyatında bir sıra maraqlı iz buraxıb: “Molla Nəsrəddin” Təbrizdə nəşr olunması ilə Cənubi Azərbaycanda yeni satirik məktəbin yaranmasına, bu sahədə tamamilə yeni tematika və yeni üslub istiqamətinin doğulmasına şərait yaradıb; Jurnalın Təbriz nəşri Azərbaycanın şimalında olduğu kimi, cənubunda da mollanəsrəddinçilərin formalaşdırılmasına xidmət edib; “Molla Nəsrəddin” jurnalı özünün Təbriz nəşri ilə azərbaycançılıq, milli özünüdərk problemini Cənuba gətirib və bu ideyaların burada təkanla üzə çıxmasına şərait yaradıb; Nəhayət, “Molla Nəsrəddin”in Azərbaycanda bolşeviklərin dövlət çevrilişindən dərhal sonra Təbrizə mühacirəti və Cəlil Məmmədquluzadənin Təbrizdə fəaliyyəti jurnalı və onun redaktorunu gözlənilən ağır represiyalardan, müvəqqəti də olsa, xilas edib. Bütün bunlar nəzərə alınanda birmənalı olaraq söyləmək mümkündür ki, “Molla Nəsrəddin” jurnalının Təbriz nömrələri Azərbaycan mətbuatı və publisistikası tarixində azərbaycançılığın ayrıca mərhələsi kimi qiymətləndirilməyə layiqdir.
Allahverdi MƏMMƏDLİ, filologiya üzrə elmləri doktoru
Şərhlər bağlıdır.