Cəfər Hacı Sultan oğlu Sultani Azad 1296- cı ildə ( miladi 1917 -ci il ) Tehran şəhərində, vaxtilə Qarabağdan köçüb gəlmiş ziyalı bir ailədə anadan olmuşdur. O, ibtidai məktəbi, hərbi orta məktəbi və hərbi zabitlik məktəbinin süvari bölməsini də həmin şəhərdə qurtarmışdır. Sonra İran ordusunun müxtəlif hissələrində xidmət etmişdir. Bir çox hallarda fərdi xüsusiyyətləri ilə uyğun gəlməyən bu xidmət Sultani Azadini düşündürür və nəhayət o, dövlət hakimiyyətini başqalarına təhmil etmək işində şüursuz icracı aləti olmaqdan uzaqlaşır. Bu yolda mübarizələrdən, çəkişmələrdən keçmiş və öz taleyini İran zəhmətkeşlərinin taleyi ilə həmişəlik bağlamışdır. 1322 -ci ildə (miladi 1943 -cü il) İran Tudə Partiyasının sıralarına daxil olan Soltani Azadın həyatında ən məsul və ən mənalı bir dövr başlanır. Mütəşəkkil mübarizəyə qoşulmaq, gündən-günə daha da qüdrərlənməkdə olan milli azadlıq hərəkatına xidmət etmək Soltani Azada qol-qanad, onun bilik və bacarığına yeni ilham verir. Bütün bunlar Sultani Azadın zabitlər arasındakı təmiz adı, nüfuz və məhəbbəti, onun ən ali fərdi insani keyfiyyətləri ilə birləşir. Zabitlərin şahənşah ordusunun bədnamlıq bataqlığından xilas edilməsində, İran zəhmətkeşlərinin azadlıq hərəkatına xidmət göstərmələrində güclü təsir vasitəsinə çevrilir.
1324 – cü ildə ( miladi 1945 – ci il ) şah ordusunun baş qərargahının ikinci rükni öz fəaliyyəti ilə mövcud quruluş əleyhinə şübhə doğuran ” etibarsız zabitlər”i tutmaq istədikdə Cəfər Sultani Azad da Sənəndəc şəhərində yaxalanır. O, nəzarət altında Tehran qələbəyi ( dejban ) həbsxanasına göndərilir. Nə Tehranda , nə də sonradan göndərildiyi Kirman həbsxanasında öz fəaliyyətini dayandırmır. Bir tərəfdən həbsxanaya soxulmuş təsadüfi adamları ifşa edir, digər tərəfdən əhval-ruhiyyəsi zəifləmiş məhbuslara güc verir. Onları məhdudiyyətlərə qarşı mübarizəyə çağırır və təşkilatla əlaqə saxlamağa çalışırdı.
Vətənimizin öz ictimai, siyasi və iqtisadi zəminəsində, bütün Azərbaycan xalqının inqilabi əzmi ilə qələbə çalan 21 Azər hərəkatından sonra məhbus zabitlərin azadlıq uğrunda mübarizəsi yeni vüsət aldı. Bu zaman Sultani Azad məhbusları aclıq elanı verməyə çağırdı. Yoldaşları ilə birlikdə bu işi təşkil etdi və və nəticədə qiyam hökuməti 27 nəfəri zindandan çıxarıb Kirmanda sürgün halında saxlamağa məcbur etdi. O, Kirmanda fəaliyyətini davam etdirərək başqa yoldaşlarının, xüsusilə kirmanlı vətənpərəst cavanların köməyilə, Yəzd şəhərində İXP-nin vasitəsilə orada “ Hezbe-İman” adlanan mütərəqqi məramnamə və nizamnaməyə malik təşkilatının yaranmasıdır. Bu təşkilat sonradan Tudə partiyası ilə birləşdi. Nəhayət, Qəvam hökuməti sürgün olunmuş zabitləri cənubun daha pis abı-havası olan yerlərinə göndərmək üçün əmr verir. Bu zaman Sultani Azad zabitlər tərəfindən nümayəndə olaraq bu xəbəri Baş vəzir Əhməd Qəvama, Hərbi vəzir Sipəhbud Əmir Əhmədiyə, Baş Qərargah rəisinə” Rəhbər”, “Ettelat” və ” Keyhan” qəzetlərinin vasitəsi ilə çatdıra bildi. Nəhayət, şah ordusunun pul, məqam, dərəcə və təltifləri Cəfər Sultani Azadı aldada bilmir.
Sultani Azad Azərbaycan Xalq Qoşunlarında xidmət etməyə nail olmaqla belə bir müqəddəs arzusuna çatdı və daha ciddi mübarizələr üçün imkan əldə etmuş oldu. Sərhənglik (polkovnik) rütbəsini alarkən Marağa briqadasının zabitləri və əsgərləri qarşısında belə demişdir: “Mən buganələr nümayəndəsi olan şah əlindən aldığım dərəcələrimi atıb, qəhrəman Azərbaycan xalqının azad əli ilə təşkil olmuş xalq qoşunlarının şərəfli dərəcəsini qəbul etməklə şadam! Mən yenə də var qüvvəmi İran azadlığı uğrunda sərf edəcəyəm!”
Sultani Azad firqə kütləsinin etimadı nəticəsində Azərbaycan Demokrat Firqəsinin Marağa briqada komitəsinin üzvü seçilmişdir. O, bütün bilik və bacarığını əsgərlərin siyasi təlimatının, döyüş bacarığının yüksəlməsinə, firqənin nüfuz və hörmətinin artmasına sərf etmişdir.
S.Azad xalq işinə sədaqətli və hərbi ləyaqəti sayəsində Xalq Qoşunlarının Miyandoabın fərmandehi, sonra isə Marağada fərmandeh müavini olmuşdur.
Məhəmməd Rza şah Amerika silahı ilə təchiz edilmiş ordu ilə Vətənimizə-Azərbaycan xalqının bir il içərisində əldə etdiyi nailiyyətlərə qarşı xaincəsinə basqın etdikdə Sultani Azad da öz dostu Əhməd Cövdətlə birlikdə Holasu cəbhəsində vuruşurdu. Azər ayının 13 – dən ( dekabr ayının 4 -dən ) başlanan döyüşlərdə düşmənin maddi vəsait və kəmiyyət cəhətdən böyük üstünlüklərinə baxmayaraq Sultani Azad da öz əsgərlərilə birlikdə bir səngərdə cəsarətlə vuruşur və şahənşah ordusunun ağır silahlar, təyyarələrlə himayət olunan hücumlarını məharətlə dəf edirdi. Nəhayət, tərkimüqavimət əmri verildikdən sonra o da Məhəmməd Rza şahın cəza dəstələri tərəfindən tutulur və başqa 26 zabitlə birlikdə, şahın əmri ilə Təbrizdə güllələnir.
Soltani Azad həyatının son nəfəsində demişdir: “MƏN İFTİXAR EDİRƏM Kİ,MƏNİ VƏTƏN AZADLIĞI UĞRUNDA ÖLDÜRÜRLƏR.LAKİN BİLİRƏM Kİ, MƏNİM QANIMLA BƏRABƏR MİNLƏRLƏ NAHAQ TÖKÜLƏN QANLAR YERDƏ QALMAYACAQDIR”.
Bu sözlər onun silahdaşlarının yadından heç vaxt çıxmayacaqdır.Xalqının səadəti və azadlığı uğrunda şəhid olan, ali keyfiyyətli insan və dönməz mübariz Cəfər Soltani Azadın nahaq qanı yerdə qalmayacaqdır.Onun mübarizə yolu, yüksək insani keyfiyyətləri,azadlıq və xalq işinə sədaqəti gənc nəsil üçün həyat nümunəsi olacaqdır.
Qaynaq:”Azadlıq yolunun mübarizləri”
“Azərbaycan ” ruznaməsinin nəşriyyəsi
1341 -ci il ( miladi 1962 – ci il ).
Şərhlər bağlıdır.