İSLAM ORDUSUNUN AYAĞI DƏYMƏYƏN MÜSƏLMAN ÖLKƏSİ

 

İndoneziya özünün qədim milli, mənəvi, dini dəyərləri ilə seçilən qədim ölkələrindəndir. Ölkə əhalisinin böyük qismi müsəlmandır, islam dininə beyət edir. Lakin çox az adamın məlumatı var ki, digər Asiya ölkələrindən fərqli olaraq bu proses fəthlər, qılınc hesabına baş verməyib. Azerbaycan-ruznamesi.org-ın da təqdim etdiyi yazı maarifçilik,bilgi vermək məqsədi daşıyır. 

 

Cənub-Şərqi Asiyada yerləşən və dünyanın ən iri ada-dövləti sayılan İndoneziya həm də müsəlman əhalinin sayına görə dünya ölkələri siyahısına liderlik edir. Rəsmi məlumata görə, ölkənin müsəlman əhalisinin sayı 280 milyon nəfərə yaxındır, heç bir başqa ölkədə bu qədər müsəlman yaşamır.

Milli.Az islam.az-a istinadən bildirir ki, İndoneziya XV əsrə kimi induistlərin vətəni sayılırdı, Hindistan və Çin təsiri burada aydın duyulurdu. 1400-cü illərdən etibarən İndoneziya torpaqlarında İslam dini yayılmağa başladı. Bu baxımdan da ölkə xüsusi özəlliyə sahibdir. Belə ki, digər bölgələrdən fərqli olaraq, İndoneziyaya müsəlman əsgərin ayağı dəyməyib, buralar hərbi yolla fəth edilməyib. İndoneziyada İslamın yayılması müsəlman təbliğatçılara (mübəlliğlərə) və tacirlərə borcludur.

Rəvayətə görə, ölkə əhalisinin İslam dini ilə tanışlığı orta əsrlərdə bura səfər etmiş bir müsəlman tacirin sayəsində baş tutmuşdu. Tacir öz şagirdi ilə birlikdə İndoneziyada parça satışına başlayır. Bir gün özü dükanda olmayanda yerli induist əhalidən bir nəfər parça almağa gəlir. Tacirin şagirdi səhv üzündən ucuz parçanı baha qiymətə satır. Tacir qayıdıb məsələdən xəbər tutanda narahat olur və alıcını axtarmağa başlayır. Nəhayət, bəzi əlamətlərə görə onu tapır, üzrxahlıq edib pulun qalığını qaytarır, halallıq istəyir. Alıcı onun düzgünlüyündən heyrətə düşür və tacirin kimliyi ilə maraqlanır, halallıq anlayışının mənasını soruşur. Satıcı ona İslam dini haqqında ilkin məlumatı verir. Müsəlman tacirin düzgünlüyünün xəbəri şəhərə yayılır. İnsanlar bu rəftardan heyrətə gəlib tacirin görüşünə axışırlar və İslam dinini qəbul edirlər. Beləcə, İndoneziyada İslam dininin ilk ardıcılları ortaya çıxır…

Digər məlumata görə, İndoneziyaya İslam dinini müxtəlif ölkələrdən gəlmiş doqquz nəfər müsəlman gətirmişdir. Təqribən 1400-cü ildə Asiya və Afrikanın müsəlman məmələkətlərindən bura səfər etmiş həmin şəxsləri yerli əhali “valisonqo”, yəni “doqquz övliya” adı ilə xatırlayır. Valisonqo İslam dinini təbliğ etmək üçün özünəməxsus metodlardan istifadə edirdi. Onlar induizm dininin bütün elementlərini rədd etmirdilər, əksinə, İslamın göstərişlərini induizm ənənələri ilə sintez edərək xalqa çatdırırdılar. Bu yolda müxtəlif üsullardan – nəğmələrdən, süjetli tamaşalardan, sufi təlimindən istifadə edilirdi. İndoneziyada İslam dini əsasən şəxsi nümunə əsasında, əxlaqi normaların həyata tətbiqi fonunda yayılırdı. Dərin mənəvi dəyərlər sadə postulatlar formasında təlqin edilirdi. Bunun sayəsində xalq öz keçmiş inancından mərhələli şəkildə və könüllü surətdə uzaqlaşır, İslama zidd olan əqidəni unudur, İslamı öz milli ənənəsi kimi rahatlıqla qəbul edirdi.

İslamın bu cür özünəməxsus təbliğini İndoneziyadakı müsəlman memarlıq abidələrində də izləmək mümkündür. Demak əyalətinin Bintoro kəndindəki qədim məscid İndoneziyanın müsəlman tarixində xüsusi yer tutur. Bu məscidi valisonqo ilə bağlayırlar, rəvayətə görə doqquz övliya məhz burada görüşüb məşvərət edirmiş. Məscidin tikilmə tarixini maraqlı üsulla təyin edirlər. İbadət ocağının divarında İndoneziyanın okean sularında yaşayan bullus adlandırılan Java tısbağasının şəkli nəqş edilib. Şəklə verilən interpretasiyaya görə, tısbağanın başı 1 rəqəmini, dörd ayağı 4 rəqəmini, dairəvi bədəni sıfırı, quyruğu da 1-i ifadə edir. Beləliklə, tısbağa obrazı 1401 ədəini göstərir. Bu, məscidin tikilmə tarixi kimi qəbul edilir. İndoneziyanın qədim məscidlərinin memarlıq quruluşunda yerli ənənələr aşkar sezilir. Haqqında danışılan məscid də daxil olmaqla əksər məscidlərin tavanı günbəz deyil, piramida formasındadır. Piramidalar bəzən bir neçə qatlı (mərtəbəli) olur. Piramidanın üç tini İman, İslam və İhsan  anlayışlarının simvolu sayılır; bu da sufi ənənəsinə uyğundur.

İndoneziyanin qədim məscidlərindən olan Menara Kudus məscidi də quruluş etibarilə daha çox induist məbədini xatırladır. Ənənəvi məscid şəklində deyil, qüllə (minarə) şəklində ucaldılmış məscidin üst mərtəbəsindəki təbillərdən azan vaxtı insanları namaza çağırmaq üçün istifadə edilirdi.

İndoneziyanın incəsənəti də İslama yerli ənənələrin dərin nüfuzundan xəbər verir. İndoneziya ustadları Cavi adlı yazı növünü yaratmışlar. Ərəb əlifbasına 6 yeni hərfin əlavə edilməsindən yaranmış Cavi yazısı ilə İndoneziyanın İslam irsinin tarixi nümunələri qələmə alınıb.

Müsəlman təbliğatçılar İslam tarixinin unudulmaz səhifələrini, əxlaqi dəyərləri teatr səhnəcikləri formasına salır və “vayanq” adlı kukla teatrı vasitəsilə nümayiş etdirirdilər. İndoneziyada parça üzərində zərif naxışlar çəkmək ənənəsi mövcuddur, bunu “batik sənəti” adlandırırlar. Batik ustaları islami ornamentləri parça üzərinə köçürməklə xariqüladə sənət əsərləri yaradırlar. İndoneziyanın batik sənəti UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-maddi Mədəniyyət İrsinin Şah əsərləri Siyahısına daxil edilib.

Şərhlər bağlıdır.