TARİXİN DƏRSİ – İBRƏT GÖTÜRMƏK ÜÇÜN GEC DEYİL

ERMƏNİ EKSPERT: “1918-DƏ DƏ BELƏ OLDU. DÖVLƏTÇİLİYİ İTİRDİK. EYNİ HALI YAŞAMAQDAYIQ”

Tarixin dərslərindən ibrət götürən ölkə, xalq sonradan daha dəhşətli faciələrdən sığortalanır. Çox təəssüf ki, Ermənistan rəsmilərində və ziyalılarında buna biganəliklə yanaşılıb vəindinin özündə də bu meyl özünü qabarıq göstərməkdədir. Bakı-baku.az saytı isə həmin nadir nüsxələrdən birinin mövqeyini işıqlandırıb. Yazının aktuallığını nəzərə alaraq azerbaycan-ruznamesi.org da həmin materialı oxucularına təqdim etməyi məqsədə müvafiq bildi. 

Ermənistan cəmiyyətində belə adamlar azdır. Ya da əsasən Rusiyanın təsiri altında erməni mediası onları çox da üzə çıxarmaq istəmir. Əlbəttə, məsələ onda deyil, erməni elə ermənidir. Bu adam da hər halda bir erməni kimi düşünür. Daha doğrusu, anlaşılan budur ki, erməniləri yəhudilər kimi görmək arzusundadır.  Söhbət “Ameriya” kampaniyasının konsaltinq direktoru, ekspert Tiqran Crbaşyandan gedir.

“30 il ərzində biz qırıq güzgülər krallığı qurmuşuq” deyən Crbaşyan bildirir ki, əgər ermənilər strateteji düşünməsələr, ölkəni itirə bilərlər. Bəs, onları strateji düşünməyə qoymayan nədir? Ümumiyyələ erməni baxış bucağında strateji düşünmək nə deməkdir? Crbaşyan sadə misal çəkərək deyir ki, dünyada iqlim dəyişiklikləri baş verir, ermənilər isə Ararat vadisində üzüm əkirlər. Onlar iqlim dəyişikliyinin vadiyə təsirini düşünmək istəmirlər, yenə də üzümlərini əkirlər, hesablamırlar ki, 5 il sonra buradakı hava şəraiti necə olacaq? Müsahibədə belə sadə misallar yetərincədir və onlara diqqət yetirəndə istər-istəməz Azərbaycan reallığını da yada salmalı olursan. O reallıq ki, onu dəyişdirən 44 günlük müharibə oldu. Bəli, haqlı müharibədə qalibiyyət, eləcə də qalibiyyətə aparan yol bizi dəyişdirdi. O yol ki, onu 28 il gözlədik. Fikrimizcə, bu plan 28 il əvvəlki strateji düşüncənin məhsuluydu. O düşüncənin ki, bu gün də dövlət idarəçiliyi üçün prioritetdir…

Beləliklə Crbaşyan erməni xalqının dünyanın hər yerində kifayət qədər güclü diaspora malik olduğunu, bu diasporun özəyinin siyasətdə, biznesdə, ümumən ən müxtəlif sahələrdə yerləşdiyini bildirir, ancaq deyir ki, ermənilər strateji düşüncəyə ehtiyac duyulduğu zamana qədər fərasətlidirlər. Nə zaman ki strateji düşüncəyə ehtiyac yaranır, o zaman onlar bunu başqalarının öhdəsinə buraxırlar. Crbaşyan ermənilərin tarixdən üzü bu yana Romanın, Bizansın, Osmanlının, Rusiyanın tərkibində oynadığı rolu qeyd edir: “Bizdə istənilən sahədə müvəffəqiyyət qazana bilən adamlar var. Ancaq o sahədəki ki, orada uzunmüddətli perspektivə hesablanmış qərarlar qəbul etməyə ehtiyac yoxdur. Müstəqil dövlət yarananda isə özümüz özümüzlə baş-başa qaldıq. O zaman hara və necə gedəcəyimizi düşünmək lazım idi. Burada isə bizim zəifliyimiz – bütün sahələrdə strateji düşünə bilməməyimiz özünü göstərdi. Bu, 1918-ci ildə də oldu. Nəticədə dövlətçiliyi itirdik. Eyni halı hazırkı üçüncü respublika dönəmində də yaşamaqdayıq”.

Crbaşyan bildirir ki, ermənilərin indiyədək obrazlı desək, baxdıqları güzgü qırıq olub. “O güzgü bizi sağlam, ağıllı və güclü göstərib. Mən istəyirəm ki, bu qırıq güzgünü sındırım. İstəyirəm deyəm ki, gəlin, baxaq biz kimim və özümüzdən nə düzəldirik. Ən əsası, biz kim olduğumuzu başa düşsək, o düşüncəyə gəlməliyik ki, hazırkı vəziyyətimiz bizim iyirmi il sonra necə olacağımızı müəyyənləşdirir”.

 

 

Şərhlər bağlıdır.