GÜNEY AZƏRBAYCANDA TARIXI ABIDƏLƏRƏ ÖGEY MÜNASIBƏT: QƏZVINDƏKI “SƏFƏVI DÖVLƏTXANASI” DAĞILIR

Qəzvin şəhərində yerləşən tarixi “Səfəvi Dövlətxanası” acınacaqlı vəziyyətdədir. Tarixi abidələrə məsul qurumlar və yerli hakimiyyət orqanları Səfəvi və Qacar dövlətlərinin yadigarları olan tarixi əhəmiyyətli binanın yenidən qurulması və qorunması ilə bağlı verdikləri vədi yerinə yetirmirlər. Azerbaycan-ruznamesi.org sozcu.az saytına istinadən qeyd edir ki, Qəzvindəki “Səfəvi bağı” bir çox qaynaqlarda “Səfəvi Dövlətxanası” kimi də göstərilir.

Bir neçə binadan ibarət olan tarixi kompleks 6 hektarlıq bağın içərisində yerləşir. Bu kompleks paytaxt Təbrizdən Qəzvinə köçürüldüyü zaman inşa edilib və Qacarlar dönəmində daha da təkmilləşdirilib.

Səfəvi, Avşar və Qacarlar dönəminin memarlıq nümunələrini özündə birləşdirən və Güney Azərbaycanın ən əhəmiyyətli tarixi abidələrindən sayılan komleks uzun illərdir Mədəni İrs Təşkilatı və başqa əlaqədar qurumların laqeydliyi nəticəsində baxımsız qalıb.

Səfəvi hökmdarı I Şah Təhmasibin göstərişi ilə salınan bağın içərisində tikilən dövlət əhəmiyyətli binaların çoxu baxımsızlıq ucbatından dağılıb, dağıdılıb. Hazırda ayaqda duran bir neçə bina isə dağılmaq üzrədir.

Bundan öncə kompleksdə olan yeddi darvazanın altısı məhv olub. Hazırda yalnız onlardan biri – “Ala Qapı” salamaq qalıb.

Qəzvinlilər bununla bağlı dəfələrlə məsələ qaldırsalar da bu günə kimi heç bir nəticə əldə edə bilməyiblər.

Şəhər əhalisi və ziyalılarının müraciətindən sonra martın 22-də İranın “Binaların, Abidələrin və Tarixi Məkanların Qorunması və Bərpası İdarəsi”nin Baş direktoru Seyid Hadi Ruini bu il adı çəkilən tarixi abidənin yenidən qurulması ilə bağlı tədbirlər görüləcəyinə söz verib.

Bu isə son illər ərzində Seyid Hadi Ruininin başçılıq etdiyi idarənin və Mədəni İrs Təşkilatının qəzvinlilərə verdiyi və yerinə yetirmədikləri neçənci vəddir.

Qeyd edək ki, son aylar Güney Azərbaycanın tarixi abidələrinin mərkəzi hökumət və ilgili qurumların laqeydliyi nəticəsində dağılması ilə bağlı çoxsaylı faktlar mətbuatda yayınlanıb.

İranın Mədəni İrs Nazirliyinin yerli şöbələri abidələrin qorunması və yenidən qurulması ilə bağlı azərbaycanlıların çox saylı müraciətlərinə cavab olaraq büdcələrində vəsait olmadığını bildirirlər. Ancaq farsdilli əyalətlərdə abidələrin qorunması və bərpası üçün dövlət budcəsindən ayrılan külli miqdarda vəsait ayrılır. Bu onu göstərir ki, məsələ vəsait yoxluğu deyil. Sadəcə İranda hakimiyyətdə olan şovinistlər Azərbaycan abidələrinə qarşı biganədir və türk izinin silinməsinə çalışırlar.

Şərhlər bağlıdır.