1945-ci ilin sentyabrda Təbrizdə xalqımızın görkəmli ictimai-siyasi xadimi Seyid Cəfər Pişəvəri və məsləkdaşlarının tərəfindən yaradılan, cəmi üç ayda üzvlərinin sayını 200 minə çatdıran, 21 Azər hərəkatının qələbəsinə imza atan, Milli Hökümət quran, bəşəri islahatları indinin özündə belə bütün Şərqə və İrana nümunə sayılan, mühacirətdə olduğu 75 ilin ərzində ideallarına daim sadiq qalan Azərbaycan Demokrat Firqəsi müstəqil Azərbaycan Respublikasında fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatını bəyəndiyini, həmin sənəddə ifadəsini tapan fikirləri dəstəklədiyini bildirir.
ADF hesab edir ki, ABŞ rəhbəri aprelin 24-də sələflərinin indiyədək rəsmən işlətmədikləri “ermənilərin soyqırımı olub” ifadəsini aprelin 24-dəki nitqində çəkinmədən dilə gətirməklə nə risk, nə də cəsarət nümunəsi göstərib. Bu, özünü dünyada demokratiyanın himayədarı kimi qələmə verən, elə həmin adla da bəşəriyyətə divanlar tutan imperiyanın əsl sifətinin bir tərəfindən götürülən siyası niqabdır. Firqə artıq bununla əlaqədar onlayn formatda iclasını keçirib, fikir və mövqeyini səsləndirib.
Müxtəlif ölkələrdən müzakirələrə qoşulan məsləkdaşlarımız yekdilliklə ABŞ prezidentinin çıxışında yer alan bu müddəaları pisləyiblər, bunların nəinki Türkiyə, eləcə də bütün Tükr dünyası ilə münasibətlərin kəskinləşəcəyinə təsirsiz qalmayacağını vurğulayıblar. İrana gəldikdə isə hər il aprelin 24-də Tehranda və ermənilər yaşayan digər şəhərlərdə erməni icmasının qondarma soyqırımı ilə bağlı aksiyalarına loyal münasibətin xoş məramdan irəli gəlmədiyi bildirilib.
Azərbaycan Demokrat Firqəsi bəyanatı dəstəkləyərkən bunu da deməyi özünə borc sayır ki, çox təəssüf həmin sənəddə unudulan məqam da var. Belə ki, 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasından danışılarkən nədənsə Güney Azərbaycandakı həcminə görə daha iri olan vəhşilikləri xatırlamaq yaddan çıxıb. Hələlik öldürülən, müxtəlif yollarla məhv edilənlərin sayının 200 min nəfərdən çox olduğu elmi əsərlərdə, tarixi mənbələrdə göstərilir.
İstərdik ki, gələcəkdə bu məsələnin də üzərindən sükutla keçilməsin. Axı, Vətən anlamı bölünməzdir, Güney, Guzey ifadələrinin nisbi xarakter daşıdığı aksiomadır: 1945-1946-cı illərdə Təbrizdə, 1990-1993-cü illərdə Bakıda, 2016-2020-ci illərdə Qarabağda, İkinci Vətən Müharibəsində biz bunun əyanı nümunələrini görmüşük.
Azərbaycan Demokrat Firqəsi.
24 aprel 2021-ci il
Şərhlər bağlıdır.