Otaylı Azərbaycan oğlu Əli Şinasai 1292-ci (1903) ildə Bakı şəhərində mühacir Güney azərbaycanlı ailəsində anadan olmuşdur. O, burada ibtidai və orta təhsili bitirdikdən sonra 1310-cu (1931) ildə Güney Azərbaycana qayıtmışdır. Həmin dövr Rza şahın diktatorluğunun yüksək nöqtəsinə təsadüf edir. Güney Azərbaycanda türk dilində yazıb- oxumaq qadan olunmuş və hər cürə sinfi, siyasi və mədəni fəaliyyət aparanlar üçün divan tutulurdu.
Əli Şinasai vətənə çatdıqda yaxalanıb əsgərliyə göndərilmişdir. Hərbi xidmətdən sonra tütün fabrikində işə başlamışdı. Elə həmin vaxtlardan fəhlələrin acınacaqlı həyat tərzi, sinfi və mədəni hüquqlarından məhrumiyyətlə yaşamasını bütün vücudu ilə dərk edir. Bakıdakı gördüyü, yaşadığı şən günlər və aldığı mədəni təlimatlarla müqayisədə vətəndə yaşadığı ağrılı-acılı və boğuntulu şəraitə ehtiraz edə bilməyən Əli ətrafında olan azərbaycanlı həmyerliləri ilə mübarizə təşkil etmək qərarına gəlir. Bir tikə çörək üçün iş dalınca digər şəhərlərə üz tutan azərbaycanlılar Əlinin ətrafında birləşərək güclü sindikalar və ittifaqlar yaratmağı bacarırlar.
Tətil və ehtirazlara əl qoyan bu cəmiyyətlər şah rejiminin təqibinə məruz qalırlar. 1320-ci (1941) ildə Rza şah diktatorluğu süqut edəndən sonra milli və sinfi, mədəni fəaliyyət göstərən mübariz yoldaşlarımıza harda yaşamaqlarından asılı olmayaraq münbit şərait yaranmışdır. Əli isə həmin şəraitdən istifadə edərək siyasi təşkilatların sıralarında özünə məxsus yer almışdır.
Ə.Şenasai 1327-ci (1948) ildə şaha terror ittihamı ilə həbs olunur və bir il azadlıqdan məhrum edilir. Zindandan həbs müddəti bitdikdən sonra Təbrizə fəaliyyət üçün qayıdır və çox ağır şəraitdə Azərbaycanımızda sintikayi və fəhlə təşkilatlarını qurmaq və mədəni cəmiyyətlərin təşkil olunması sayəsində Azərbaycan Demokrat Firqəsinin fəaliyyətində yeni canlanma yaranır. O, fəhlə sinfinin həmkarlar ittifaqının nümayəndəsi kimi 1333-cü (1954) ildə Dünya Həmkarlar İttifaqının növbəti iclasında iştirak edir. Lakin vətənə qayıtdıqda bir neçə həmşəhərlisi, o cümlədən şəhid Həsən Hüseynpur Təbrizi ilə həbs edilir.
Məhəmməd Rza şah diktaturası bu dəfə Əlini beş il həbsə məkum edir. Bunun iki ilini Təbriz, qalanını isə Tehran zindanlarında ağır işgəncələrlə başa vurur. Rejim yoldaşımızın cəngavər ruhiyyəsini sarsıtmaq, ondan intiqam almaq üçün gənci Brazdan zindanına göndərir. Əli Şenasai bütün çətinliklərə qalib gələrək zindandan buraxılandan sonra öz inqilabi fəaliyyətini davam etdirir. Nəhayət 1357-ci (1979) il inqilabından sonra qocaman Əli yoldaş bu yolda qazandığı bütün təcrübələrini Tehranda digər azərbaycanlı mübarizlərə həvəslə öyrədir. Müzəffər Derəfşi, Hüseynqulu Katibi, Haşım Tərlan, Sadiqi və başqaları ilə bərabər Tehranda milli, mədəni və sinfi təşkilatları yaratmaqda böyük iş və enerji sərf edir.
Onlar mühacir azərbaycanlıları Teahranda yaşayan Azərbaycan cəmiyyətində və digər sinfi sintikalarda birləşdirməyə nail olurlar. O, eyni zamanda ana dilində uşaqlar üçün kitab çapı ilə məşğul olur və tərcümə edib yaymağa böyük zəhmət zəhmət sərf edir. Şenasai 1361-ci (1983) ilin 17 bəhmən (7 fevral) ayında Tehranda həbs edilir və 18 ay ağır işgəncələr çəkərək aban (noyabr) ayında şəhadətə yüksəlir. O, ağır işgəncələrə mərdiliklə sinə gələrək öz məslək və məramından əl çəkmir. Şərafətlə yaşamağı özünə üstün bilir.
Əziz həmvətnimizin əziz xatirəsini əbədi tutaraq daim qəlbimizdə yaşadacağıq.
Abdulla Əmir Haşimi Cavanşir
Şərhlər bağlıdır.