İRANDA SEÇKİQABAĞI EHTİRAS: 7 NAMİZƏDDƏN ƏN ŞANLISI

Cənub qonşumuz İran prezident seçkilərinə hazırlaşır. İyunun 18-də keçriləcək seçkilərdə iştirak üçün 40-ı qadın olmaqla, 592 şəxs namizədliyini irəli sürsə də, onlardan yalnız 7 nəfərin namizədliyini təsdiqlənib. Namizədləri 12 üzvü olan Qəyyumlar Şurası seçir.

Bu şuranın üzvlərini birbaşa, yaxud dolayısı ilə ölkənin Ali dini lideri Ayətulla Əli Xameneyi təyin edir.

Şura indiyədək Xameneyiyə yetərincə sadiq görünməyən namizədləri qeydə almayıb. Qeydə alınanlar mühafizəkar kimliyi ilə tanınan “Qüvveyi Qəzayi”nin (hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanlarının tabe olduğu qurum) başçısı İbrahim Rəisi, deputat Əlirza Zakani, Cəmiyyət Hüquqlarını Təmini şurasının üzvü Səid Cəlili, həmin qurumun katibi Möhsün Rezayi, keçmiş prezident köməkçisi və nazir Möhsin Mehralızadə, Milli Bankın rəhbəri Əbdünnasir Himməti, İslami Şura Məclisinin rəhbəri Əmir Hüseyn Kadızadədir.

Hazırda İranda iki əsas müxalifət qüvvəsi var. Onlardan biri keçmiş prezident Mahmud Əhmədinejat və onu dəstəkləyən sağçı dindarlardır. Digəri hazırkı İran rejiminin getməsini və ölkədə respublikanın qurulmasını tələb edən qüvvələrdir.

Əhmədinejatın müxalif kimi meydanda olması İran rejimini narahat etməsə də, digər müxalifətin varlığı həmişə sıxıntılara səbəb olub. Kütləvi aksiyalar, hakimiyyətə qarşı gəlməsi 2019-cu ilin noyabrında Tehran üçün sıxıntılar yaratmışdı. Bu seçkilərdə də sözügedən müxalifətin fəallaşacağı gözləniləndir. Namizədliyi təsdiqlənmiş siyasətçilərdən kimin daha çox şansı olacağı, seçiləcəyi maraq doğurur.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, namizdlərin çoxu əvvəlki prezident seçkilərində iştirak edən insanlardır.

Politoloq bildirir ki, İranda seçkilərdə əsasən Ali Dini rəhbər Əli Xamineyinin dəstəklədiyi şəxslər seçilir:

“Bu namizədlərin içərisində daha şanslısı İbrahim Rəisidir. Onu dəstəkləməsi sual doğurmur. Qüvveyi Qəzayi ölkədə əsas güc sahələrini əlində cəmləşdirən orqandır və ən ali instansiya hesab olunur. Rəhbərin təyinatı məsələsini isə prezident deyil, məhz Ali Dini lider həyata keçirir Bu namizədlər arasında Rəisi daha nüfuzludur. Bu baxımdan İbrahim Rəisi dini rəhbərin güvəndiyi şəxslərdən olduğuna görə, prezident seçiləcəyi gözlənilir. Növbəti namizədlərin isə o qədər də seçilmə şansları yoxdur. Seçilmək üçün namizədlərin ölkədə müəyyən bir nüfuzu olmalıdır ki, ictimaiyyətin onlara deyiləsi sözləri olsun. Əli Laricani, Mahmud Əhmədinejad kimi nüfuzlu şəxslərin namizədliyinin təsdiqlənməməsi də maraqlı bir məqamdır”.

Sədrəddin Soltan həmçinin İranın seçkilərdən sonrakı vəziyyətinə də toxunub:

“İranın hazırki vəziyyəti həm pandemiya, həm də ki, xarici ölkələrin sanksiyalarına görə, iqtisadi, siyasi, sosial vəziyyət çox ağırdır. Gündəlik ərzaq məhsullarının qiymətlərinin bahalaşması, işsizliyin artması, ölkəyə xarici təsirlərin olması ölkədə vəziyyəti gərginləşdirir və bu gərginlik daha da artmaqdadır. Prezident seçkisindən sonra da gərginliyin azalacağını düşünmək olmaz. Bu onu göstərir ki, ali rəhbər institu və ali rəhbər ölkədə bütün sahələrə çox asanlıqla nəzarət edə biləcək. Əgər İran hakimiyyəti aralarında olan mövcud problemlərə, Qərbin irəli sürdüyü şərtlərə qarşılıq verərsə, bu gərginlik daha da artacaq”.

Şərhlər bağlıdır.