İranda 20 ildən çoxdur ki, “islahatçılar” Konstitusiyaya Nəzarət Şurasının (Şuraye Negəhban) parlament və prezident seçkiləri zamanı namizədləri öz bildiyi kimi ələk-vələk etmək hüququ olmadığı haqqında hay-küy qaldırmaqdadırlar. Lakin həmin qurum “bildiyini babasına verməyib” daim islahatçı adlanan namizədlərin dairəsini daraldır. Sonuncu-13-cü prezident seçkilərində (18 iyun 2021) iştirak etmək istəyən namizədlərlə də bu cür davranılıb. Prezident administrasiyasının Nəzarət Şurasının səlahiyyətləri barədə fikrinə etina etməyən həmin qurum icra hakimiyyəti orqanında qanuni şəkildə qeydiyyata alınmış 592 nəfərin sənədlərinə baxıb 552 nəfərin sənədlərinin onların tələblərinə cavab vermədiyi üçün dərhal “brak” etdi. Yalnız 40 nəfərin sənədlərini ətraflı yoxladıqdan sonra, artıq məlum olduğu kimi, cəmi 7 nəfərin prezidentliyə səlahiyyəti çatdığını təsdiq etdi.
İnsafən bu rəqəm prezident seçkilərinə ilk dəfə belə çox sayda namizədin buraxıldığını da əks etdirir. Bu baxımdan Şuraye Negəhban xəsislik etməyib. Şuranın sözçüsü bəyan edirdi ki, təmsil etdiyi qurum yalnız dövlətin, millətin maraqlarını əsas götürərək, namizədlərə obyektiv yanaşıb, heç bir cinahın tərəfini saxlamadan səlahiyyətlər haqqında qərar vermişdir. Şuranın qərarını nəzərdən keçirində onun nə qədər bitərəf olduğu aydın şəkildə görünür. Belə ki, prezidentliyə namizədlər arasında 5 nəfəri mühafizəkar-osulgəra cinahı təmsil edir. Yalnız 1 nəfər islahatçı cəbhəsinə aiddir. Qalan o bir nəfər də sentrist-etedalgəra adlandırılır.
İslahatçıların əsas namizədi hazırki xarici işlər nazir C.Zərif idi. Nazirin səs yazısını yaymaqla həm onu səhnədən uzaqlaşdırdılar, həm də islahatçıları bir daha nüfuzdan saldılar. İslahatçıların digər namizədi hazırki birinci vitse-prezident İ.Changiri idi, o da Nəzarət Şurasının xəlbirindən keçmədi. Beləliklə, islahatçı cəbhəsində siyasi xadim “qıtlığı” olduğu ortaya çıxdı. Seçkidən sonra yəqin elan edəcəklər ki, islahatçıların məğlubiyyətinin günahı özlərindədir, çünki mühafizəkarlarla rəqabət apara biləcək namizədləri yox idi.
Mühafizəkarların prezidentlyə namizədlər arasında mütləq əksəriyyətə malik olması hələ onların qələbəsinin təmin edildiyi demək deyil. Bu barədə danışmaq hələ tez olsa da, müəyyən ehtimallar mühafizəkarların qələbəsini qabaqcadan qeyd etmək istəyənlərin tələsdiyini göstərə bilər.
Prezidentliyə namizədlərin mühafizəkar və islahatçılara bölünməsinin bir digər özəlliyi də vardır. Belə ki, nəinki islahatçı qıtlığından, həm də farslar arasında islahatçı qıtlığından danışmaq olar. 5 nəfər mühafizəkarın 2 nəfəri təmiz farsdır, 2 nəfərin fars-türk qarışığı var və bir nəfər isə (keçmiş sepahçı M.Rezayi) lor-lurdur. 1 nəfər islahatçı (M.Mehrəlizadə) və 1 nəfər sentrist-etedalgəra (Ə.Hümməti) isə türkdür. Belə çıxır ki, mühafizəkarlar farslar, islahatçılar isə türklərlə təmsil olunmuşlar. Məsələnin həmin cəhəti İranda fars-türk münasibətlərini öyrənənlər üçün yəqin maraqlı olar.
Hakim millətçi və mühafizəkar fars teokratiyası İran türklərinə islahatçı qismində prezident seçkilərində iştirak etməyə icazə verməklə onların prezidentlik hüququnu tanıdıqlarını, eyni zamanda prezident olmaq imkanlarının olmadığını vurğulamaq istəyiblər. Hələlik bu barədə qəti fikir söyləmək, deyəsən, tezdir. Seçkilərə bir həftə qalmış onun nəticələri haqqında daha real proqnoz vermək olar.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.