İyunun 1-də Zərdabi Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında redaktoru olduğu “Qələbə şəhidləri” kitabının ilk cildini burada yeni yaradılmış Qarabağ Müharibəsi Qəhrəmanları Fonduna təqdim edib. O məlumat verib ki, ideya müəllifi və təşkilatçısı “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin sədri İbrahim Hüseynov olan bu toplunun 10 cilddə buraxılması nəzərdə tutulub. Yəni 44 günlük Qarabağ müharibəsində erməni qəsbkarlarının diz çökdürülməsində, Vətən torpaqlarının düşməndən təmizlənilməsində canlarını əsirgəməyən, müstəsna igidlikləri ilə tarix yazan şəhidlərin heç biri diqqətdən kənarda qalmayacaq.
R.Hüseynzadə təşəbbüsçünün və bir qrup salyanlı jurnalistin topladığı materiallar əsasında hazırlanan iki cildin Gəncənin, Mingəçevirin şəhidlər xiyabanlarında, Quba, Neftçala, Salyan, Biləsuvar, Qazax, Ağstafa və başqa bölgələrin rayon mərkəzlərində, kəndlərdə bilavastə evlərdə şəhid ailələrinə təqdimat zamanı yaşanan hisslərdən danışıb.
Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röksanə Cəfərzadə təşəkkürünü bildirərək deyib ki, bu cildi vərəqləyərkən orada yaxın qohumu, Göyçayda doğulub boya-başa çatmış Babək Səmidlinin də barəsində yazı diqqətini çəkdi. O, yeni yaradılmış fondun belə əsərlərə ciddi ehtiyac duyduğunu vurğulayaraq gələcəkdə də qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb: “Kitabın yaradıcı kollektivi öz üzərinə şərəfli bir vəzifə götürüb. Deməli, heç kim unudulmayacaq, heç kəs yaddan çıxmayacaq. İctimaiyyət isə bu kitablar vasitəsilə bütün şəhidlərimizi tanıyacaq”.
Pərvin
Şərhlər bağlıdır.