İRANDA PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN İLK DEBATI

Azerbaycan-ruznamesi.org-un məlumatına görə, iyunun 5-də yerli vaxtla saat 17:00-da prezidentliyə namizədlərin ilk debatı keçirilib. Televiziya və radio vasitəsilə canlı yayımlanan debatda iqtisadi məsələlər müzakirə mövzusu olub. 7 nəfər namizədin hər biri püşkatma ilə aparıcının iqtisadi məsələlərə dair suallarını cavablandırıb.

İlk debatda Üsulgəra düşərgəsindən iki namizəd və İslahatçılar düşərgəsinə yaxın iki namizəd iştirak edib. Bu düşərgələrdən olan namizədlərə rəhbərliyi Üsulgəra düşərgəsindən prezidentliyə namizəd İbrahim Rəisi və İslahatçılar düşərgəsindən isə prezidentliyə namizəd Əbdünnasir Himməti edirdi.

Hər iki düşərgə nümayəndələri debatda ölkənin idarə edilməsində rəqibini sərt tənqid edib. Bir-birlərini İranın hazırkı iqtisadi durumunun səbəbkarı kimi göstəriblər.

Qonşu ölkələrlə əlaqələrin inkişafına diqqət, şimal-cənub dəhlizinin inkişaf etdirilməsi, neft, qaz, neft-kimya, mədən sənayesinin inkişaf etdirilməsi, mövcud iqtisadi imkanlardan istifadə kimi məsələlər haqqında namizədlər çıxışlar edib.

Statistikaya əsasən, İranda prezident seçkilərində iştirak edən namizədlərin debatları əhalinin səsvermədə kimə səs verməsi üçün qərarına birbaşa təsiri var. Debatlarda qələbə çalan şəxsin İranın növbəti prezidenti olmaq üçün şansı daha çox olacaq.

Qarşıdan gələn günlərdə namizədlərin daha 2 debatı keçiriləcək. Xatırladırıq ki, İranda prezident seçkiləri iyun ayının 18-də keçiriləcək. Seçkilərdə prezidentliyə 7 namizəd rəqabət aparacaq.

Şərhlər bağlıdır.