ANALİTİK YAZI: ƏVVƏLCƏ HƏVƏSLƏNİRİK, AXIRDA MƏYUS OLURUQ

VƏ YA İRANDA 13-CÜ PREZİDENT SEÇKİLƏRİ

28 xordad 1400 (18 iyun 2021-ci il) tarixində İran İslam Respublikasında 13-cü dəfə prezident seçkiləri keçiriləcək və yeni, 8-ci şəxs prezident seçiləcək.

Bu günlərdə İranın siyasi həyatında gündəm yaradan və hakimiyyəti qayğılandıran əsas məsələ prezident seçkiləri və səsvermədə seçicilərin maksimum iştirakına nail olmaqdır. Gündəlik, real həyatda həmin hadisələrin necə cərəyan edəcəyini deyə bilməsək də, həmin məsələnin medianın əsas mövzularından biri olduğu aydındır..

Hakimiyyət bəyan edir ki, seçicilərin səsvermədə  geniş iştirakı islam inqilabının düşmən(?) üzərində növbəti qələbəsi olacaq.

Hakimiyyət prinsip etibarı ilə xalqdan iki məqbul şey tələb edir: 1.Səsvermədə fəal iştirak etmək; 2.Layiq olan namizədə səs vermək. Dünyanın hər yerində seçicilərdən eyni davranış gözlənilir. Eyni zamanda artıq yarım aydan çox davam edən təbliğat kampaniyasında mühafizəkar qanadın nümayəndələri İranın mövcud acınacaqlı iqtisadi, sosial vəziyyətini hazırki icra hakimiyyəti və konkret olaraq prezident H.Ruhani hökumətinin səmərəsiz fəaliyyəti ilə əlaqələndirirlər və həmin vəziyyətdən çıxmaq üçün, necə deyərlər, “xilaskar” prezident seçməyin vacib olduğunu vurğulayırlar. Belə təsəvvür yaradılır ki, ölkədə hər şey icra hakimiyyəti və ona başçılq edən prezidentdən asılıdır.

İranda islam dinindən istifadə edərək, ruhanilər və onları hələlik dəstəkləyərək öz qrup və şəxsi maraqlarını təmin edən sosial qüvvələrin  hüquqi və təşkilati cəhətdən çox eşalonlu  siyasi hakimiyyət sistemi qurduğundan və  “dəvədən böyük filin olduğundan” danışmayaraq, qısa şəkildə indiyə qədər prezident olmuş şəxslərin prezident və sonrakı taleyi haqqında bir neçə qeydi diqqətə çatdırmaq yersiz olmazdı.

1.Birinici prezident. Əbülhəsən Bənisədr (fevral 1980-iyun 1981). Parisdə Xomeyniyə qoşuldu, İrana qayıtdıqdan sonra mövqeyinin daha da möhkəmləndiyini güman edərək, əsas az-çox dünyəvi qüvvə hesab edilən və özünün də üzvü olduğu müvəqqəti hökumətin (fevral-noyabr 1979) səhnədən uzaqlaşdırıldığını nəzərə almayaraq, Ali Baş Komandan səlahiyyətlərindən istifadə edərək xam-xəyallara düşdü. Xomeyninin onu vəzifədən kənar etmək haqqında qərarından xəbər tutaraq, gizli şəkildə İrandan qaçmağa məcbur oldu.

2.İkinci prezident Məhəmməd Əli Rəcai (02.08 – 30.08.1981). İkinci prezident qatı ruhani və dini hakimiyyətin tərəfdarı olduğu üçün dini qüvvələrlə dünyəvi qüvvələrin və hakimiyyətlə barışmaz müxalifət arasında gedən mübarizənin, Ə.Bənisədr tərəfdarı olan qüvvələrin intiqamının qurbanı oldu. Terror edildi.

3.Üçüncü prezident Seyid Əli Xamenei (1981-1989). Müharibə illərinin prezidenti, hakimiyyət uğrunda mübarizənin fəal iştirakçısı, Xomeyninin etimadını qazanmış və iki dəfə prezident seçilmiş S.Ə.Xamenei ilk ruhani hüccətülislam prezident idi. Bununla da ruhanilərin texnokratlarla “siçan-pişik oyunu” başa çatdı. Hakimiyyətin bütün qolları ruhanilərin əlinə keçdi. Müharibə səbəbindən onun prezidentliyi dövründə iqtisadi-sosial və s. sahələrdə böhran vəziyyət yaranmışdı. Xomeyni sağ olduğundan həmin işlərdə heç kim onu günahlandırmırdı. Xomeyni ilə xüsusi əlaqələr qurmağı bacaran və ya başqa səbəblərdən onun etimadını qazanan S.Ə.Xamenei son anlarda Xomeyninin varisi seçildi. Yəni xidmətlərindən asılı olmayaraq prezident vəzifəsindən ölkənin Ali Rəhbəri vəzifəsinə yüksəldi. Onun belə yüksəlişinin səbəbləri axıracan məlum deyil.

4.Dördüncü prezident Əli Əkbər Haşımi Rəfsəncani (1989-1997). İslam inqilabı rəhbərlərindən biri, Xomeyninin sağ əli hesab olunan hüccətülislam. H.Rəfsancani müharibənin son  illərində Ali Baş Komandan funksiyasını da yerinə yetirirdi və Xomeynidən sonra ən güclü şəxs sayılırdı. Müharibə illərində parlamentin sədri idi. S.Ə.Xamenei Rəhbər seçiləndən sonra o da prezident seçildi. Müharibə illərində yaranmış daxili və xarici problemləri həll etmək üçün  geniş islahatlara başladı. Dövlətin planlı iqtisadiyyatdan azad bazar iqtisadiyyatına keçid və özəlləşdirmə siyasəti dövlət mülkiyyətinin talan olunmasına, korrupsiya və inflyasiyanın sürətlə artmasına və vəziyyətin daha da pisləşməsinə səbəb oldu. Xarici siyasətin nəticəsi isə ABŞ-ın yeni sanksiyaları oldu.

1989-cu ildə təşkil olunmuş Məsləhət Şurasının sədri təyin olundu və ömrünün axırına kimi (2017) həmin vəzifəni icra etdi.

2000-ci ildə Tehrandan parlamentə  seçilən 30 nümayəndə arasında 30-cu yeri tutub birtəhər parlamentə yol tapdı, lakin onun yenidən spiker olmaq istəyinə mane olunduğundan parlamentin işində iştirak etmədi.

2005-ci ildə prezident seçkilərində birinci turda birinci yeri tutsa da, ikinci turda M.Əhmədinejada məğlub oldu.

2013-cü ildə növbəti prezident seçkilərində iştirak etmək üçün sənədləri qeydiyyatdan keçsə də, Konstitusiyaya Nəzarət Şurası(Negəhban Şurası) onun səlahiyyətlərini təsdiq etməyərək seçkilərə buraxmadı. Ayətulla Ə.Ə.Haşımi Rəfsancani getdikcə  hakimiyyət dairələrində nüfuzdan düşən və ona görə də radikal islamçı mövqeyindən islahatçı mövqeyinə keçən bir siyasətçiyə çevrildi. Nəticədə nə mühafizəkar islamçılar, nə də islahatçəlar arasında özünə yer tapa bilməyib dünyasını dəyişdi.

5.Beşinci prezident hüccətülislam Seyid Məhəmməd Xatəmi (1997-2005). Siyasi islahatlar və mülki vətəndaş cəmiyyəti şüarı ilə prezident seçilərək, xalqın diqqətini iqtisadi problemlərdən siyasi və mədəni məsələlərə yönəltməyə çalışdı. Siyasi və mədəni fəaliyyət üçün yaradılan şərait, sistemin orta təbəqənin ehtiyacları və ideallarına uyğun gəlmədiyini aydın şəkildə   göstərdi. Siyasi sistemin köklü dəyişikliklərə uğramasının zəruriliyi haqqında danışılmağa başlandı. Rejim özünü təhlükədə hiss edərək, iqtisadi vəziyyəti pisləşdirib xalqda islahatçı hökumətə qarşı narazılıq yaratmağa başladı. Yenidən inqilabın,  ölkənin, dinin xilas edilməsi haqqında danışıqlar  başlandı. Prezidentin fəaliyyətinə bütün səviyyələırdə maneələr yaradıldı və nəticədə islahatçı qüvvələr tamamilə nüfuzdan düşdü. Növbəti prezident seçkilərində (2005), artıq qeyd edildiyi kimi, mövqeyini dəyişərək islahatçılara yaxınlaşan Ə.Ə.Haşımi Rəfsancaninin prezident seçilməsinə imkan verilmədi.

2009-cu ildə prezident seçkilərində islahatçıların nümayəndəsi prezident seçildiyini iddia edərək, seçkinin nəticələrini qəbul etmədiyini elan etdi və islahatçı qüvvələr meydanlara axışdılar. Bir neçə günlük qarşıdurma ölən və yaralananlar ilə müşaiyət olundu. Bütün islahatçı qüvvələrə qarşı repressiya başlandı, islahatçı partiya və təşkilatların fəaliyyəti qadağan olundu, həbslər və sürətli məhkəmələr, azadlıqdan məhrum etmələr oldu.

Keçmiş prezident S.M.Xatəmi hadisələrin əsas təşkilatçılarından biri kimi media-informasiya mühasirəsinə alındı və onun kütləvi informasiya vasitəlırində bu və digər şəkildə görünməsi yasaq olundu. Həmin vəziyyət indiyə kimi davam edir.

6.Altıncı prezident Mahmud Əhmədinejad (2005-2013). İnqilabı dəyərləri, onun xəlqi keyfiyyətlərini bərpa etmək şüarları və Rəhbərin himayəsi ilə prezident seçildikdən sonra daxili və xarici siyasət sahəsində bir sıra populist çıxışlar edib, addımlar atdıqdan sonra dünya ilə İran arasında nüvə problemi deyilən gərginlik meydana gəldi. İran həmin sahədə (nüvə silahı istehsal etmək istiqamətində fəaliyyət göstərməkdə ittiham edirdilər) siyasətindən imtina etmədiyinə görə BMT TŞ-nın getdikcə sərtləşən və genişlənən sanksiyalarına (2006-2010, 4 sanksiya) məruz qaldı və İran misli görünməmiş iqtisadi, sosial böhran və problemlər  girdabına düçar oldu. Belə bir şəraitdə o, prezidentliyini başa vurdu. Ondan sonra prezident seçkilərində səlahiyyətləri rədd edilərək, demək olar ki, hakim elita tərkibindən kənarlaşdırıldı. Hətta iğtişaşlarda iştirak etdiyinə (2017-2018)  görə polis tərəfindən saxlanıldı.

Haqqında danışılan sonuncu prezident seçkilərində yenidən səlahiyyəti təsdiq edilmədi. Sənədlərini təqdim edərkən bəyan etmişdi ki, səlahiyyəti təsdiq olunmasa, seçkilərin nəticələrini tanımayacaqdır.

7.Yeddinci prezident hüccətülislam Həsən Ruhani (2013-2021). Nüvə roblemini həll etmək  vədi ilə prezident seçildi və 2 ildən sonra, 2015-ci ildə nüvə problemi həll edildi, BMT TŞ-nın  sanksiyaları aradan qaldırıldı. Öklə rahat nəfəs almağa, İrana  xarici şirkətlər və investisiya axını başladı. Sürətli iqtisadi artım və əhalinin məişətinin yaxşılaşmağa doğru getdiyi bir vaxtda, əvvəlcə Məşhəd şəhərində, sonra digər şəhər və rayonlarda əhalinin qiymətlərin artmasına  narazılıqları əsasında iğtişaşlar baş verdi (28 dekabr 2017-5 yanvar 2018). Yenicə işləri yoluna qoymaq istəyən hökuməti nüfuzdan salmaq üçün ilk addım atıldı. İkinci zərbə ABŞ-dan gəldi.

ABŞ 2018-ci ilin may ayında 2015-ci il müqaviləsindən birtərəfli qaydada  çıxdığını və İrana qarşı əvvəlki sanksiyaları bərpa etdiyini elan etdi. Avqust ayında (6-da) sanksiyaların birinci partiyası qüvvəyə mindi,  noyabr ayında (5-də) isə daha ağır sanksiyalar, əsasən  neft  sənayesinə qarşı, qüvvəyə mindi. Bundan sonra etirazlar və iğtişaşlar adi hal almağa başladı, 2019-cu ilin noyabr  ayında benzinin qiymətinin “qəflətən” 2 dəfə artırılmasına etirazlar  ən geniş, dərin və qanlı iğtişaşa çevrildi. Hökumətə müxalif olan mühafizəkar qüvvələr İranın yenidən düşdüyü ağır vəziyyətə görə   İcra hakimiyyətini, onun başçısı prezident H.Rihanini, islahatçıları günahlandırır və var qüvvələri ilə onlara qarşı təbliğat aparırlar.

8.Səkkizinci prezident. Kimin prezident  olacağı İranda demək olar ki, heç kimdə şübhə doğurmasa da,  rəsmi təbliğat  əhalini düşməni nakam qoymağa, inqilabı yaşatmağa, bütün movcud problemlər və böhranlardan çıxmaq üçün  seçkilərdə fəal iştirak etməyə və  ən layiqli namizədə səs verməyə dəvət edir.

Prezident kürsüsü uğrunda mühafizəkar qüvvəlırin əsas səlahiyyətli orqanlarından biri olan Konstitusiyaya Nəzarət Şurasının (Nigəhban Şurası) xəlbirindən keçə bilən  7 namizəd mübarizə aparır. Hamısı öz sahələrində elmlər doktorlarıdırlar (Phd və ya doktor). Etnik baxımdan seçkilərdə farslar (2 nəfər), azərbaycanlılar (2 nəfər), fars-azərbaycanlı qarışlğı (2 nəfər) və lorlar (1 nəfər) təmsil olunublar. İştirakçıların 6 nəfəri  dünyəvi qüvvələri (ən azı əmmamə və çalmasız), 1 nəfəri dini qüvvələri təmsil edirlər. Namizədlərdən 5 nəfəri mühafizəkar, 1 nəfəri islahatçı və 1 nəfəri də  mötədil (sentrist) qüvvələri təmsl edir. Marqlıdır ki, mühafizəkar qüvvələr farslar, fars-türk qarışığı və lorlar, islahatçılar isə yalnız azərbaycanlılarla təmsil olunmuşdur. Mühafizəkar qüvvələrin əsas namizədi ruhani şəxsiyyətdir, dünyəvi mühafizəkarlar isə  ona öz mövqeyini möhkəmlətməkdə, islahatçılara qarşı mübarizə aparmaqda yardım göstərmək funksiyasını yerinə yetirirlər.

Teokratiya  prezident seçkilərindən, əsasən rejimə müxalif qüvvələri müəyyənləşdirmək, onların nümayəndələrini hakimiyyətə gətirərək bədnam etmək, mühafizəkar qüvvələrin mövqeyini möhkəmlətmək, əhalinin diqqətini korporotiv sosial qrupun dar maraqları naminə  süni  şəkildə quraşdırılmış və ideoloji don geydirilmiş sistemin səmərəsizliyindən yayındırmaq və ömrünü uzatmaq üçün istifadə edir.

Sistemdə heç bir dəyişiklik etmədən, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edən, 32 il eyni kürsüdə əyləşən Ali Rəhbəri  leqal formada tənqid  etməyi belə düşünməyən bir cəmiyyətin elitasının xalqı 40 il ərzində bütün problemləri tək bir prezidentin həll edəcəyinə inandırmağa çalışması, xalqı heçə saymaqdan başqa bir şey deyil. Amma real rəhbər qüvvədən məhrum olan xalq öz “dərisində”  40 il ərzində  prezidentlərin dəyişdiyini, amma “zibilin nəinki hələ də orada qaldığını, həm də bir az da çoxaldığını” yaxşı görür və öz acı həyat təcrübəsini çox yığcam və dərin mənalı ifadədə əks etdirir:

“Hər dəfə əvvəlcə həvəslənirik, axırda məyus oluruq, ona görə səsvermədə iştirak  etməyin mənasız olduğunu bilirik”.

Vidadi Mustafayev

 

Şərhlər bağlıdır.