SƏDRƏDDİN SOLTANIN ŞƏRHİ:

İRAN CİDDİ İSLAHATLARA MƏHKUMDUR

İranda 18 iyun seçkilərindən sonra qalib elan olunacaq şəxsi ağır miras gözləyir.Sosial-iqtisadi problemlər məngənəsində sıxılan xalq narazıdır. Seçki günü və seçkidən sonra narazıların etiraza qalxacağına dair gözləntilər var.“Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mediaya açıqlamasında molla rejiminin seçkilərin mümkün qədər sakit başa çatmasını istədiyini belə şərh edir:
“İranda iqtisadi vəziyyət normal deyil. Son 10 ildə İranda bir neçə dəfə qarşıdurma olub. Bu qarşıdurmalar insan itkisi ilə nəticələnib. Dükanlara, yanacaqdoldurma məntəqələrinə od vurulub. Namizədlər arasında ziddiyyətlərin olmaması onu deməyə əsas verir ki, rejim bu seçki kampaniyasını sakit keçirmək istəyir.
Seçkini sakit keçirməklə cəmiyyətin narazılığını qızışdırmaq istəmirlər. Məhəmməd Xatəminin prezident seçildiyi dövrdə və Mirhüseyn Musəvinin “Yaşıllar hərəkatı” zamanı seçki kampaniyası çox kəskin keçdi.
O dövrdə namizədlər  ciddi şəkildə bir-birini ittiham edir, hətta böyük etiraz aksiyaları keçirilirdi. Cəmiyyətin daxilində olan narazılıqların böyük bir qismini görmək olurdu. Lakin indiki seçki kampaniyasında təşviqat zamanı bu rəqabət görünmür. Bunu da rejim qəsdən bu addımı atıb.
Mahmud Əhmədinejad kimi sosial yönülmü olmaq istəyən  namizədi qeydə almadılar. Yaxud Əli Laricanini seçkidən kənarda qoydular.
Ona görə də böyük etirazlardan yayınmaq üçün seçkini sakitcə keçirib başa vurmaq istəyirlər. Amma bu onu deməyə əsas vermir ki, seçkini uğurlu keçirməklə, İbrahim Rəisini prezident seçməklə ölkədəki ciddi iqtisadi, sosial, mədəni və s. problemlər həll olacaq”.
İranın çox ciddi islahatlara məhkum olduğunu bildirən Sədrəddin Soltan hesab edir ki, öncə Ana Yasa dəyişdirilməlidir: “Bu islahatlar Konstitusiyadan başlamalıdır. Çünki ölkədə hakimiyyət bölgüsü ədalətli aparılmayıb. Bu boyda siyasi kampaniyanın-prezident seçkilərinin nəticəsi sıfırdır. Çünki prezident  İranda söz sahibi deyil.
Əsas söz sahibi İranın ali lideri Seyidəli Xamneyidir. Dövlətin bu qədər pulunu məsrəf edib böyük siyasi kampaniya keçirib, prezident seçirlər. Lakin o prezident İranda əsas fiqur deyil. Çünki konstitusiyada bu məsələ  çox yanlış qoyulub”.Siyasi şərhçi hesab edir ki, İranda əsas problemlərdən biri də milli məsələdir: “İranda 100 ilə yaxındır ki, milli məsələ həll edilməyib. İran bölünmüş millətlər həbsxanası olaraq qalır. İranda xalqalr iqtisadi problemlərdən öncə öz milli haqqlarının təmin olunmasını istəyir.

Bu məsələnin həll olunmaması perspektivdə ciddi qarşıdurmaların baş verməsinə səbəb ola bilər. Deməli, İranda gözlənilən etiraz aksiyası iki qismdə baş verə bilər. Birinci, sosial, siyasi sahədə. İkincisi milli-mədəni sahədə”.

Şərhlər bağlıdır.