SEYİD CƏFƏR PİŞƏVƏRİNİN MƏRUZƏLƏRİNDƏN

Azərbaycan  Demokrat Firqəsinin Mərkəzi Komitəsinin 26 yanvar 1946-cı il tarixli 4-cü ümumi iclası

Mərkəzi Komitənin keçən ümumi iclası ağır bir vəziyyətdə təşkil olunmuşdu. O vaxt kəndlilər və firqə şöbələri jandarm cəlladları vasitəsi ilə böyük təzyiq və sıxıntılara məruz qalmışdı. Gündə yüzlərlə kəndli jandarm zülmündən qaçıb firqə komitəsinə pənah gətitir, oradan imdad və kömək tələb edirdilər. Zindanlar cürbəcür bəhanələr üzrə saxlanılan kəndlilər ilə doldurulmuşdu. Polis, ədliyyə, jandarm, qoşun və nəhayət, bütün dövlət aparatı bizim milli hərəkatımızı boğmaq üçün ayağa qalxmışdı. Tehran hökuməti firqə təşkilatını ləğv etmək, firəqmizin rəhbərlərini öldürüb meydandan çıxarmaqdan ötrü var qüvvəsi ilə çalışır və bu yolda heç bir cinayətdən çəkinmək istəmirdi.

Fədai dəstələri təzə təşkil olmağa başlamışdı. Bu gün böyük bir qüdrətə malik olub Tehran mürtəcelərinin canlarıını lərzəyə salan bu milli qüvvə təzə ayaq tutmaqda idi. Hətta bu iş o qədər kiçik, o qədər sadə idi ki, biz cürət edib Mərkəzi Komitə iclasında o barədə geniş məlumat verə bilmədik. Bununa belə keçmiş ümumi iclas tarixi bir iclas idi. O iclasda firqə özünün qəti sözünü deyib müdafiədən həmləyə keçmək fərmanı verdi. Fəxrlə deyə bilərəm ki, o iclasda firqənin mənə olan diqqətinə və etimadına dayanıb ümumi iclasda milli mübarizəmizdə yeni bir dövrün başlandığını elam etdim, arzularımızın yaxınlaşdığını söylədim. Əgər unutmamış olsanız, o gün mən açıq surətdə dedim ki, artıq müdafiə dövrü keçmişdir, indi biz dağın qülləsinə çatmışıq. Məqsəd və hədəfimiz gözümüzün önündədir. Fədai qüvvələri artıq jandarm cinayətlərinə son vermək üçün işə başlamış, kəndliyə intiqam çəkmək icazəsi verilmişdir. O gün firqə və milli hərəkat böyük xətər qarşısında idi. Azərbaycanın mühüm şəhər və hərbi məntəqələrinə Tehran irtica dövlətinin cinayət xarakterli əmrlərini icra edən hərbi qüvvələr bizim hərəkatımızı boğmaq fərmanı almışdı.

Təbriz, Ərdəbil, Urmiya, Miyandoab, Şahindej (Sayınqala – red.) və sair nöqtələrdə nizamlı qoşun hissələri bizə münasibətdə düşmən mövqeyi tutmuş, general Derəxşani, polkovnik Vərhəram, polkovnik Zəngənə tipləri ölkəmizi qan və atəş dəryasında qərq etməyə qərarlı olmuşlardı. Belə bir zamanda Mərkəzi Komitəmizin ümumi iclası bizə həmlə fərmanı verdi və milli-azadlıq mübarizəsinin başlanmasını bütün firqə üzvlərinə elan etdi. Bununla firqə səflərində hərbi iş başlandı, təşkilatın bütün sağlam üzvləri silaha sarılıb fədai dəstələrinin çərdəyini (nüvəsini, özəyini – red.) və əsasını təşkil etdi. Bütün xalq Mərkəzi Komitənin ümumi iclasının açıq qərarı üzrə hərəkətə gəldi, ayağa qalxdı. Milli arzularını həyata keçirməyə başladı.

Fədai dəstələrinin təşkili.

Fədai dəstələrinin barəsində təəssüflə deməliyəm ki, bu vaxtadək çox az eşidilmişdir. Bu təşkilatın hesabatı milli tariximizin ən şanlı səhifələrindən birini yaratmışdır. Fədai təşkilatı çox təbii bir surətdə xalq hərəkatından doğmuşdur. İntiqam almaq məqsədi ilə kəndlərdən meydana çıxan bu cərəyanda firqə təşkilatlarının göstərdikləri fədakarlığı inkar etməyə lüzum yoxdur. Doğrudur, kəndli jandarm zülmündən cana doyub, özünün şərəfini müdafiə etmək üçün silah əldə mübarizəyə qalxmışdır. Lakin onu təşkil edən, onun başında duran, onu düzgün hədəfə sövq edənlər firqəmizin yerli təşkilatlarının tərbiyə etdiyi qəhrəmanlar olmuşdur.

Mən etiraf edirəm ki, fədai hərəkatında böyük nöqsanlar da olmamış deyildir. Çox yerlərdə yabancı və kəsif ünsürlər də müqəddəs addan sui-istifadə etməyə çalışmamış olmamışlar. Bəzi yerlərdə gecə-gündüz yuxusuz və ac qalan fədai qüvvələrinə kömək yetirmək məqsədi ilə əhali tərəfindən könüllü köməklər də olmuş, hətta anbar dağıtmaq və ya bəzi mülkədarların atlarını müvəqqəti olaraq tutmaq da nəzərə çarpmışdır. Lakin bunun ümumiyyəti yoxdur. Ümumiyyətlə fədailər çox yerdə ac və möhtac olduqları halda xalqın malına tamah etməmiş, özlərinin dünya malına ehtiyacları olmadığını göstərmişlər.

Bizim firqə komitəsində bəzi fədailərin yararlıq göstərmələri və pak rəftarları haqqında elə məlumatlar var ki, ayrı zamanda ona inanmaq belə ola bilməz. Ac, yoxsul fədailərin əllərinə keçən kulli miqdarda nəqd pulları götürüb dövlət idarələrinə vermələri baş verən nadir hadisələrdən deyildir.

Bununla belə indi artıq fədai təşkilatının öz vəzifəsini yerinə yetirdiyi qeyd edilməlidir.

İndi çox yerdə fədai başçılarının öz vəzifələri səlahiyyətindən kənara çıxmaları da müşahidə edilməkdədir. Milli Hökumət çox tez bir zamanda milli qoşun yaratmaq işinə başladıqdan sonra bu işin qabağı tezliklə alınacaqdır və bu təəssüflü nöqsan da aradan qaldırılacaqdır. Bu vasitə ilə fədailərin bir hissəsi ölkənin təhlükəsizliyini qorumaq üçün polis təşkilatına keçəcəkdir.

Jandarm təşkilatının əsasən yanlış və azadlıq əleyhinə qurulduğunu nəzərə alaraq Milli Hökumət bu təşkilatı tamamilə ləğv etmişdir. Jandarm istər Rza xan zamanı, istər onun süqutundan sonra kəndliləri zülm və əsarət altında saxlamaq üçün cəllad rolu oynamışdır.

Qanuni bir ölkədə daxili təhlükəsizlik qeyri-hərbi bir təşkilat olan Daxili İşlər Nazirliyinə tapşırılar. Həqiqətdə jandarm və ya polis məmuru ədliyyənin icra məmurları sayılır. Bizdə isə bunun əksinə olaraq jandarm müstəqil hərbi bir təşkilat olmaq üzərə Hərbi Nazirliyə tabe olur, ya da birbaşa diktatorların idarəsi ilə ölkəni qarət etmək üçün onun çirkin niyyətini vaxtında icraya qoyardı.

Biz artıq bu təşkilatı birdəfəlik öldürüb elə dəfn etməliyik ki, bir daha xortlayıb ayağa dura bilməsin. Onun yerində isə Daxili İşlər Nazirliyinin şöbəsi olan polis təşkilatı qurulur. Gərək şəhərlərdə olduğu kimi kəndlərin təhlükəsizliyi də onun öhdəsinə qoyulsun. Bunu nəzərə alaraq yerli fədailərdən sağlam bir hissəsini işə götürüb Daxili İşlər Nazirliyinin ixtiyarına qoymaq lazım gəlir. Fədailərin qalan hissəsi isə ya qoşuna alınacaq, ya zamanın gedişi ilə öz xüsusi işlərinə qayıdacaqlar. Bu vasitə ilə istər kənd, istərsə də şəhərlərdə vəziyyət adi hala düşəcəkdir. Biz fədai təşkilatına başladığımız zaman Milli Hökuməti yaratmaq üçün cürbəcür təkliflər var idi. Bəzi firqə üzvləri müəyyən bir gündə qiyam edib dövlət idarələrini tutmaq, qoşun hissələsrini silah gücü ilə darmadağın etməyi təklif edirdilər. Bəziləri isə Tehrana teleqraf vermək, küçə və xiyabanlarda böyük nümayiş və mitinqlər təşkil etmək yolu ilə bu böyük məqsədlərini əldə etməyi mümkün sayırdılar. Hətta, bundan əvvəlki ümumi iclasadək bizim bəzi firqə üzvlərimiz Mərkəzi Komitəni mühafizəkarlıqda müttəhim edib deyirdilər, mitinq və nümayiş olmadığına görə firqə üzvləri ruhdan düşüb məyus olmağa başlamışlar. Əgər tez bir zamanda mitinq və nümayişlərə başlamasaq, irtica bizim təşkilatımızı tamamilə ləğv edəcəkdir və büsatımızı pozacaqdır. Hələ Mərkəzi Komitənin özündə bədbinlik gündən-günə artır və ciddi firqə üzvlərindən bizim kəndlini başına buraxıb onun dərdinə yetişmək istəmədiyimizi özümüzə verir və oyunu uduzduğumuzu  söyləyib dururlardı.

Bu narazılığa baxmayaraq biz fədai dəstələrinin quruluşuna böyük ümid bağlayıb işin icrasından xəbəri olmayan firqə üzvlərinin acı sözlərini udub öz işimizə davam edirdik. Biz o gün hiss etmişdik ki, xalq bizimlədir, o, bizim ardımızca gedəcəkdir. Lakin əgər biz tələsib mitinqə başlasaq, ya mitinq və nümayiş ilə düşməni ayıq salsaq, onda o, hərc-mərclik və qarışıqlıq yaratmağı bəhanə edib hərəkatın qabağını alar. Nəticədə, xalq qorxub və ya məyus olub arxamızdan çəkilər. Ona görə acı tənqidlərə və şiddətli hücumlara  baxmayıb tam soyuqqanlıqla xalqı təşkil etməyə, fədai dəstələrini firqənin inanılmış adamlarının rəhbərliyi altına çəkməyə çalışırdıq. Nəhayət hərəkat xalq içərisindən başlayıb bütün ölkəni bürüyüb Tehran irticasının qoşun qalalarını üzüyün qaşı kimi mühasirəyə alıb milli qüdrətimizin qabağında diz çökməyə məcbur etdi.

“Azərbaycan” qəzeti, Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 110, 27 yanvar 1946-cı il

Şərhlər bağlıdır.