İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞLAR

SİYASƏT ADINA ŞEYTANİ OYUNLAR

MVP rəsmisi: “44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbə əldə etməsi ermənilər qədər İranı da məyus edib”

İran yenə də köhnə ampluasındadır. İşğalçıya dəstək, İslam birlik və bərabərliyindən bəhs edib şeytanla müttəfiq olmaq, qonşusuna qarşı min cür oyundan çıxmaq, təxribat, daxili işlərə qarışmaq və s. v.i. Bir sözlə saymaqla bitməz. Necə ki, Tehranın Azərbaycana qarşı saysız-hesabsız təxribat, düşmən xarakterli əməllərinə yaxın və uzaq tariximizdə dəfələrlə şahid olmuşuq. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cənub qonşumuzun bu əməlləri günümüzdə də davam edir. Bir neçə gün əvvəl İranın Ermənistan üzərindən Laçın dəhlizi vasitəsilə Xankəndinə gizli şəkildə yüklər göndərməsi fonunda bunun bir daha şahidinə çevrildik. Azərbaycanın icazəsi olmadan, qonşusuna bu barədə heç bir məlumat vermədən İranın belə bir adım atması Tehranın işğalçı və separatçıya açıq-aşkar dəstəyi, eyni zamanda Azərbaycana qarşı xəyanətidir. Elə Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də belə düşünür. MVP rəsmisi deyib ki, cənub qonşumuzun Azərbaycana qarşı təxribatı, ərazi bütövlüyümüzə hörmətsizliyi ilk deyil və yaxın tariximizdə dəfələrlə bunun şahidi olmuşuq: “Uzaq tarixi bir kənara qoyub müstəqillik illərində, Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günə qədər “İslam Respublikasının” qonşuluq, dostluq prinsipləri, dini bağlılığa zidd olaraq Azərbaycanın düşməni ilə dost olması, ərazilərimizi işğala məruz qoyan Ermənistana hər cür dəstək verməsi deyilənlərin sübutudur. Münaqişənin mövcud olduğu illər ərzində İran Ermənistan üçün nəfəslik rolunu oynayıb, ona hər bir yardım göstərib. Ermənistanın 44 günlük müharibəyə qədər Azərbaycan ərazilərini işğal altında saxlamasına vəsilə olan, ona şərait yaradan ölkələrdən birincisi məhz İrandır. Əgər İran düşmən ölkəyə istər iqtisadi, istər sosial, istərsə də bu və ya digər istiqamət üzrə dəstək olmasaydı Ermənistan çoxdan dərin iqtisadi və sosial böhran keçirib Azərbaycanın şərtləri ilə razılaşardı”

Süleyman İsmayılbəyli deyib ki, İran çarşab altında əslində şeytani oyunlarla məşğuldur. MVP rəsmisi onu qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbə əldə etməsi ermənilər qədər İranı da məyus edib və Tehran heç bir halda Azərbaycanın bu savaşdan qalib ayrılmasını istəmirdi: “Çünki işğal edilmiş ərazilərimiz nəzarətsiz zonaya çevrilmişıdi və həmin ərazilərdə becərilən narkotik İran ərazisindən tranzit kimi istifadə edilməklə xarici ölkələrə daşınırdı. Bundan isə İran külli miqdarda tranzit haqqı alırdı. İndi İran bu gəlirdən olub. Digər tərəfdən İran heç bir halda qonşusunda güclü, qüdrətli Azərbaycanın olmasını istəmir və ona görə də 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə əldə etməsini istəmirdi. Hətta müharibə dövründə İrandan Ermənistana hərbi maşınlarla texnika daşındığı barədə də videogörüntülər yayıldı”.

MVP rəsmisi hesab edir ki, İranın Azərbaycana qarşı təxribatları bundan sonra da davam edəcək: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində xarici mediaya verdiyi müsahibələrdə dediyi kimi, bu müharibə kimin Azərbaycana dost olduğunu göstərdi”.

Süleyman İsmayılbəyli bildirib ki, həmçinin 44 günlük Vətən müharibəsi kimin Azərbaycana düşmən olduğunu ortaya qoydu: “Hesab edirəm və təəssüf hissi keçirirəm ki, İran məhz ikinci qrupda, düşmən olanlar sırasında yer aldı. Ancaq İran unutmamalıdır ki, bu gün onun varlığı, mövcudluğu Azərbaycanla bağlıdır. Əgər ümummilli lider Heydər Əliyev o zaman Azərbaycanın hava məkanından istifadə edilməklə Birləşmiş Ştatların İranı vurmasına icazə versəydi indi çarşab altında şeytan oyunları oynayan dövlətdən əsər-əlamət qalmazdı. Ən azı İraq, Suriya kimi qeyri-sabit bir ölkəyə çevrilmişdi”.

Məhəmməd

Şərhlər bağlıdır.