İRANIN AZƏRBAYCAN SİYASƏTİ DƏYİŞƏCƏKMİ?

POLİTOLOQ: buna başqaları qərar verir...

İranda sürpriz baş vermədi, gözlənildiyi kimi Prezident seçkilərində mühafizəkar namizəd İbrahim Rəisi qələbə çaldı. Seçki qurumunun yaydığı məlumata görə, seçicilərin 48 faizi səsverməyə qatılıb. Etibarlı hesab edilən 28.6 milyon səslərin 17.6 milyonu qalib namizədə verilib.

Qeyd edək ki, beynəlxalq müşahidəçilərin seçkiləri monitorinq etməsi qadağan olunduğu üçün yalnız namizədlərin seçki qərargahları və seçki administrasiyasının yaydığı məlumatlar əsas götürülüb. Seçici fəallığının əvvəlki seçkilərlə müqayisədə hədsiz aşağı olması isə əhalinin ağır sosial-iqtisadi problemlərdən dolayı hakim elitaya inamsızlığı kimi dəyərləndirilir.

İran iqtisadiyyatı son üç il boyu əsas etibarilə azalmaqdadır. Bunun əsas səbəbi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Tehranı bölgədə qeyri-sabitlik yaratmaqda günahlandıraraq, 2018-ci ildə İranla nüvə sazişindən çıxdıqdan sonra tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Nəticədə, neft satışı kəskin azaldı, ölkə valyuta gəlirlərinin əsas hissəsindən məhrum oldu, milli valyuta dəyərdən düşdü, hökumət bir sıra imtiyazları ləğv etdi, vergiləri və s. ödənişləri artırmağa məcbur oldu.

Qeyd edək ki, İran COVID-19 pandemiyasını ən ağır keçirməkdə olan ölkələr sırasındadır. Ölkədə yoluxma və ölüm sayı hədsiz yüksək olub, habelə infeksiyanı önləməyə çalışan hökumətin sərt karatin rejimi tətbiq etməsi sosial-iqtisadi gərginlik yaradıb.

İrandakı seçkilərin yekunlarını dəyərləndirən politoloq Elxan Şahinoğlu azpolitika.info saytına müsahibəsində bildirir ki, əslində İranın siyasi palitrasında mühafizəkar və islahatçı bölgüsü nisbi xarakter daşıyır, dünənin mühafizəkarı islahatçı, islahatçısı isə mühafizəkara çevrilə bilər. “Həsən Ruhani islahatçı idi, 8 ildə İranda nəyi islah edə bildi ki? Bir də İran Konstitusiyasına görə Prezidentin başı üzərində ali dini rəhbər var, İslam Keşikçiləri Korpusu isə dövlət içinidə dövlətdir, kimsə bu strukturdan nəsə tələb edə bilmir”, -deyə politoloq vurğulayıb.

Bəs yeni Prezident İbrahim Rəisinin xarici siyasəti və Azərbaycana yanaşması necə olacaq? E.Şahinoğlu bildirir ki, bu məsələdə də söz sahibi başqalarıdır, Prezident və xarici işlər naziri ali dini lider və İslam Keşikçiləri Korpusunun cızdığı xəttə sadiq qalmalıdır: “Misal üçün, Azərbaycanla sərhəddə – dağın ətəyində Xomeyninin böyük portretini yerləşdirmək nə bu ölkənin Prezidenti, nə də xarici işlər nazirinin ağlına gələrdi, bunun müəllifi onların üzərindəki üst qurumlardır. Azərbaycanla münasibətlərə də həmişəki kimi həmin üst qurumlar yön verəcək.

Şərhlər bağlıdır.