Moskvada özünü hər zaman “dosent” kimi təqdim edən Gevorq Mirzayan adında birisi var, beynəlxalq münasibətlər üzrə ekspert sayılır. Bugünlərdə “Ermənilər öz ölkələrini satdı” adlı bir yazı ilə çıxış edib. Təbii ki, son seçkilərin nəticələrindən olduqca narazı qalan bu ekspert hiddətini gizlədə bilmir və Paşinyanla ona səs verən ermənilərin kölgəsini qamçılayır.
Onun cəfəng fikirlərini burada təkrarlamağa lüzum yoxdur. Ancaq “dəlidən doğru xəbər” deyərlər. Qəzəbdən gözü dönmüş bu dosent də çaşıb gizli saxlanılacaq bir həqiqəti etiraf edib. O, yazır: “Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyəti tamamilə qanunauyğun idi. Mühasirədə olan bir millət pullarını hər yerə səpələyib, ancaq potensial baxımından özündən bir neçə dəfə güclü olan düşmənə qarşı müdafiəyə (o cümlədən, asimmetrik) xərcləmədiyi halda başqa nəticə gözləmək də olmazdı. İfrat vətənpərvərlik üzündən sinəsinə döyən diaspora öz pullarını Ermənistanın dəstəklənməsi və Qarabağın müdafiəsi üçün deyil, erməni soyqırımını tanımaları üçün Qərb ölkələrinin məmurları və millət vəkillərinə rüşvət verərək xərclədikdə belə də olmalı idi”.
ÖZÜNÜİFŞA buna deyərlər. Bir güllə ilə iki quş vurub. “Erməni soyqırımı” məsələsində canfəşanlıq edən Qərb ölkələrinin də paxırını açıb, bunun arxasında duran erməni diasporasının saxtakar mahiyyətini də etiraf edib.
Akademik Şahin Mustafayev
Şərhlər bağlıdır.