ƏLİQANLI FRANSADAN GENOSİD ETİRAFI
100 GÜNDƏ RUANDA ƏHALİSININ 20 FAİZİ MƏHV EDİLİB
Azerbaycan-ruznamesi.org bu yazını “Yeni Musavat” qəzetindən götürüb. Müəllifi Sürixdə yaşayan tanınmış jurnalist Elbəyi Həsənlidir. Aktuallığını nəzərə alaraq oxuculara təqdim edirik.
Əlcəzairdə törədilən qırğınlar da gündəmdədir
Bu günlərdə Fransa prezidenti Emmanuel Makron Ruandada oldu. O, Fransanın keçmiş müstəmləkəsi olan Ruanda ilə diplomatik əlaqələrin bərpasına nail olmaq üçün növbəti addım atdı.
Bəllidir ki, 1994-cü ildə Şərqi Afrikada yerləşən Ruandada genosid törədilib. Nəticədə 800 min tutsi tayfasından olan insan öldürülüb. Ölkə əhalisinin 20 faizi məhv edilib. 250-500 min qadın cinsi təcavüzə məruz qalıb. 2 milyondan çox insan ölkədən baş götürüb, qaçıb. Soyqırımdan az qala 25 il sonra-2018-ci ildə Ruandada kütləvi qırğınların qurbanı olan 2 min insanın qalıqları aşkar edildi. 2020-ci ildə isə 5 min nəfərin qalıqları tapıldı. Hələ də ölkənin bu və ya digər yerlərində soyqırım qurbanlarının gizli basdırıldığı yerlər üzə çıxmaqdadır. Bu cinayətlərdə Fransa uzun müddətdir ki, ittiham olunur.
Ruanda prezidenti Paul Kagame ilə paytaxt Kiqalidə görüşən Fransa prezidenti soyqırımın anım mərasimində çıxışında deyib ki, Fransa yaxınlaşan qırğın xəbərdarlıqlarına qulaq asmayıb və “həqiqətin araşdırılması zamanı isə səssizlik nümayiş etdirib”. Cənab Makron etirafına dərhal onu da əlavə edib ki, Fransa qətllərdə iştirak etməyib.
Ruanda lideri Fransa prezidentinin çıxışını tərifləyib. Prezident Paul Kagame deyib ki, Emmanuel Makronun sözləri üzr istəməkdən daha dəyərli idi: “Onun dedikləri həqiqəti ortaya qoydu. Bu, son dərəcə böyük bir cəsarətin nümayişi idi.
250 min insanın dəfn edildiyi məzarlıqda çıxışı zamanı cənab Makron deyib ki, yalnız o dəhşətlərdən keçənlər bağışlaya bilər və bununla da bağışlanma düşüncəsinə dəyərli bir hədiyyə vermiş olarlar. “Bu gün ehtiramla yanınızda dururam, məsuliyyətimizin dərəcəsini dərk edirəm”,-deyə Makron qeyd edib.
“BBC” yazır ki, o vaxt Fransa prezidenti olan Fransua Mitteran Ruandanın hutu əsilli prezidenti Juvénal Habyarimana ilə yaxın münasibətdə olub. Bu məsələyə işarə vuran cənab Makron deyib ki, qırğında Fransa iştirak etməyib, ancaq de-fakto genosidi törədən rejimin yanında yer alıb.
Söhbət ondan gedir ki, Fransa hutuləri tutsilərə qarşı silahlandırıb. Onlar da 1994-cü ildə 100 gün ərzində belə bir qırğın törədiblər. Hutular üçün əsas məqsəd tutsi tayfasını yer üzündən silmək idi.
Emmanuel Makron Nikola Sarkozidən (2010) sonra Rauandaya gedən ikinci Fransa prezidentidir. Fransa Ruandada azlıqda qalan Tutsi (15 faiz) tayfasına qarşı böyük çoxluq olan Hutu (84 faiz) tərəfindən soyqırım törədilməsinə dövlət səviyyəsində dəstək verib.
Bu olaydan sonra Ruandada Fransaya qarşı dərin nifrət hissi baş qaldırıb. Düşünün ki, Ruanda fransız dilindən dövlət səviyyəsində imtina edib və ingilis dilinə keçib.
2004-cü ildə “France 3” telekanalında bu məsələ ilə bağlı ciddi müzakirələr keçirildi. Müzakirələr “Kill Them All” (Onların hamısını öldürün) adlı fransız filmindən sonra başladı. O vaxt keçmiş fransalı nazir Paul Quilès bəyan etdi ki, Fransa Ruanda xalqından bağışlanmasını xahiş edir, ancaq Ruanda xalqının hökumətindən üzr istəmək fikrində deyil.
O vaxt “BBC” yazırdı ki, Nikola Sarkozi Ruandada olarkən Fransanın bu işdə “səhv” mövqedə olduğunu etiraf edib. Ancaq birmənalı üzr istəmək məsələsinin bir addımlığında dayanıb.
Fransada bu məsələdə qütbləşmə var. Məsələn, 2017-ci ildə Fransa prezidentliyinə namizəd olmuş mühafizəkar Alain Juppé 1994-cü ildə Fransanın xarici işlər naziri olub. O, Twitterdə belə yazmışdı: “Fransanı Ruanda soyqırımına qarışdırmaq rüsvayçılıqdır və bu, tarixin təhrif olunmasından başqa bir şey deyil”.
Gördüyünüz kimi, Fransada bu məsələ ilə bağlı fərqli fikirlər var. O da maraqlıdır ki, gecə-gündüz Türkiyəni 1915-ci ildə erməni soyqırımı törətməkdə ittiham edən Qərb Fransanın 1994-cü ildə Ruandada törətdiyi soyqırımı görməzdən gəlib. Bu barədə ara-sıra son dərəcə xəsisliklə nəsə yazıb, deyiblər.
Əsasən Türkiyə prezidenti Tayyib Ərdoğan erməni soyqırımından məmnuniyyətlə söhbət açan Fransanı susdurmaq üçün bu faktı qabardıb. Niyə belədir? Çünki heç bir ölkə kasıb Afrika dövləti olan Ruanda görə Fransa ilə problem yaşamaq istəməyib.
Fransanın Əlcəzairdə də soyqırım törətməsi tarixi faktdır. Bu məsələ ilə də bağlı Qərb susmağa üstünlük verib. Qərbin insan hüquqları ilə bağlı yüzlərlə nəhəng təşkilatı var. Ancaq onların heç biri bu məsələdə ortaya nümunə sayıla biləcək mövqe qoymayıb. Niyə belədir? Çünki əksər Qərb ölkələri tarixin müxtəlif dönəmlərində genosid törədib. Məsələn, yəhudi tarixindən bəllidir ki, mədəni Avropada hər 20-25 ildən bir yəhudi talanları olub. Avropada mütəmadi şəkildə yəhudilərə yüz illər ərzində divan tutulub. Başqa bir məqam: Avropa xalqları Amerika materikində, Afrikada, Asiyada, elə Avropanın özündə də dəfələrlə soyqırım aktları törədiblər. Ancaq onlar bu barədə danışmağa meylli deyillər. Tutaq ki, Böyük Britaniya Fransaya Əlcəzair və ya Ruandadakı soyqırımları xatırlatsa, bunun cavabı çox ağır ola bilərdi. Çünki soyqırım baxımından Britaniya tarixi son dərəcə zəngindir. Eyni məsələdə ABŞ, İspaniya, Portuqaliya, Belçika, İtaliya, Almaniya, Hollandiya… “ciddi uğurlar” qazanıblar.
Real vəziyyət belədir ki, dominant mövqeyə sahib olan Qərb soyqırım məsələsində xirtdəyə kimi qan içindədir. Buna baxmayaraq çox həyasız şəkildə Türkiyəni ittiham edir. Təbii ki, bu, Türkiyədə, elə Azərbaycanda da süngü ilə qarşılanır.
Genosid bəşəriyyətə qarşı cinayətdir. Təbii ki, sivilizasiya silahla çoxdan vidalaşmalı idi. Təəssüf ki, hələ də dünyanın müxtəlif yerlərində insanlar bir-birilərini qırırlar. Bu qırğınların bir çoxunun arxasında Qərbin siyasi və iqtisadi maraqları durur. Bəli, indi müstəmləkə sayılacaq dövlət yoxdur. Ancaq Qərbin beyin mərkəzlərində hazırlanmış iqtisadi asılılıqdan doğan yeni müstəmləkəçilik siyasəti açıq şəkildə ortadadır. Xüsusən Qərbə bağlı nəhəng şirkətlər Amerika qitəsində, Afrika və Asiyada yerli korrupsioner rejimlərlə əl-ələ verib xalqları istismar etməkdə davam edirlər.
Bəli, bu həqiqətləri Qərbdə də deyənlər var. Ancaq onların səsi demək olar ki eşidilmir. İllər ötdükcə həmin səslər daha da yüksəkdən gələcək. Bütün xalqlar, bütün dövlətlər öz günahlarını etiraf edəcəklər. Etiraf isə böyüklük əlamətdir. Bu isə xalqların bir-birinə olan inamının daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bəşər sivilizasiyası barış və harmoniya içində yaşamalıdır. Yer üzü maddi maraqlar naminə İnsan və İnsanlığa düşmən kəsilən qatillərdən təmizlənməlidir.
Bəşəriyyət Böyük Fransa inqilabının ortaya qoyduğu Azadlıq, Bərabərlik, Qardaşlıq kimi dəyərlərə dönməlidir. Bütün dünyaya intibah gətirən bu dəyərlər bu gün əvvəlki qədər aktualdır.
Şərhlər bağlıdır.