PİŞƏVƏRİ: ÖLMƏK VAR, DÖNMƏK YOXDUR

S.C.PİŞƏVƏRİNİN EYNİ ADLI MƏQALƏSİNDƏN BİR PARCA

“Yeddi yaşında taza (təzə) dil açan körpə balaların başını biganə dil təlim etmək vasitəsilə əzib, çürüdüb fasid¹ etməyə biz azadlıq deyə bilmərik. Beş milyonluq bir xalqı zor ilə yabançı bir xalqın hakimiyyətinə tabe etmək azadlıq deyildir. Qərinələr boyu mübarizə aparan bir cəmiyyətin millətini üç nəfərin xoşuna gəlməkdən ötəri inkar etmək insanlığa yaramaz. Başladığımız böyük hərəkatın milli rəng və xasiyyətini dəyişdirmək istəyənlər, xalqımızın silahını əlindən almağa çalışırlar. Bunların azadixah maskaları bizi əqfal² edə bilməz. Azadixah olan adamlar bu millətin başqa bir millət üstündə hakimiyyət sürməsini tələb edə bilməzlər. Azadixah insanlar gərək haqq və həqiqəti inkar etməsinlər. Haqq və həqiqət isə azərbaycanlıların milli dil, milli ədəb və rəsmləri, milli hüquq, milli istedad və milli tarixləridir. Tehran azadixahları bizim, millətimizi inkar etməklə qaba və xəşin³ istibdad ruhuna malik olub mürtəcelərdən daha mürtəce olduqlarını isbat edirlər. Azərbaycan xalqı isə özünün qüdrətini, milli birlik və milli azadlıqda tapmışdır.”
¹fasid (ə) – pozuq, pozğun;araqarışdıran, fitnə – fəsad
²əqfal (ə) – aldatmaq, yalan; kələk, hiylə
³xəşin (ə) – sərt, qaba,; nahamar

Şərhlər bağlıdır.