SƏDRƏDDİN SOLTANIN ŞƏRHİ 

TALİBANIN GÜCLƏNMƏSİ REGİON ÜÇÜN TƏHDİD YARADIR

ABŞ hərbi qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılması xəbəri Taliban qüvvələrini hərəkətə gətirib. Hökumətə meydan oxuyan Taliban qüvvələri Əl-Qaidə terror təşkilatı ilə yenidən birləşib və ölkə daxilində sabitliyi pozmağa başlayıb. Hərbi əməliyyatları genişləndirən Taliban, sürətlə irəliləyərək, ölkənin bəzi şəhərlərini tutub. İş o yerə çatıb ki, taliblər ölkənin şimal şəhərlərini ələ keçirərək, Tacikistanla sərhədə çıxıblar. Taliblər, qonşuları, KTMT-nin tərkibinə daxil olan Tacikistan, eləcə də Özbəkistanı hədələməkdən belə çəkinmirlər.

Maraqlısı budur ki, bir il öncə Taliban və Əl-Qaidə ilə birgə Dohada razılaşma imzalayan ABŞ yenidən Talibana qarşı əməliyyatlar həyata keçirib. Ən son əməliyyat havadan zərbə nəticəsində terrorçu qüvvələriun zərərsizləşdirilməsi olub. İndi ortaya sual çıxır: bu il 11 sentyabr tarixinə qədər ordunun Əfqanıstandan çıxmasını planlaşdıran ABŞ administrasiyası geri dönəcəkmi?

Orta Şərq Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan məsələ ilə bağlı Eurasia Diary-yə müsahibəsində məsələnin şərhini verib.  Azerbaycan-ruznamesi.org həmin yazını oxuculara təqdim edir.

– Son günlər Taliban qruplaşması Əfqanıstanda güclənməyə başlayıb və terror dalğası ölkənin uc nöqtələrinə, o cümlədən KTMT-yə daxil olan ölkələrin sərhədlərinə qədər uzanıb. Taliban Tacikistan, Özbəkistan kimi ölkələri təhdid edib. Bunun sonu nə ilə nəticələnə bilər?

– Qeyd edim ki, Tacikistan və Özbəkistanda bir zamanlar Əfqanıstandan sızan silahlı qüvvələrin fəaliyyəti olub və bunun nəticəsində hər iki ölkədə insan itkisi baş verib. Bu qruplaşmaların adı rəsmən Taliban olmasa da, əslən Əfqanıstana və Taliban ideologiyasına aid olması açıq-aydın idi. Bu gün həmin qüvvələrinin kökündən məhv edilməsi ehtimalı çox azdır. Hələ bir neçə il öncə Tacikistan Daxili İşlər nazirinin müavini və xüsusi təyinatlı polis dəstəsinin başçısı Gülməmmədov İŞİD terrorçu qruplaşmasının sıralarına qatıldı və həmin sıralarda məhv edildi. Yəni, vəziyyət bu həddə çatmışdı. Bundan əlavə, sonradan İŞİD-in tərkibində tacik və özbək vətəndaşlarının da olduğu bildirildi. Bu da onu deməyə əsas verir ki, Tacikistan və Özbəkistanda Talibanın ideoloji və siyasi düşüncəsinə uyğun qruplar var və həmin şəxslər hər iki ölkə üçün problem yarada bilər. O üzdən də Talibanın bu gün Özbəkistan və Tacikistan sərhədlərində bir neçə sərhəd məntəqələrini ələ keçirməsi bu ölkələrdə həmin terrorçu qruplaşmaların fəallaşmasına səbəb ola bilər.

Bunu açıq görmək mümkündür ki, Taliban təhlükəsi sərhədlərə yaxınlaşdıqca Rusiyanın mövqeyi həmin ölkələrin sərhədlərində artıq mökəmlənməyə başlayır. Onu da qeyd edim ki, Talibanın hərəkətə keçməsi, eyni zamanda üçüncü tərəfin, yəni ABŞ, Rusiya və NATO-nun regionda rolunun artmasına səbəb olur.

Son olaraq qeyd edə bilərəm ki, hazırda Tacikistan və Özbəkistan sərhədlərində Talibanla bağlı gərginliyin artması, ümumiyyətlə Mərkəzi Asiya ölkələri üçün problem yarada bilər.

– Əfqanıstandan çıxan ABŞ qoşunları yenidən hərəkətə keçib və  bir çox şəhərlərdə Taliban qüvvələri havadan məhv edilib. ABŞ Əfqanıstanı sürətlə ələ keçirən Talibanla mücadilə üçün yenidən qayıdacaqmı?

– Bəli, Əfqanıstanda hazırda ABŞ qüvvələri yenidən fəallaşmağa başlayıb. Düzdür, ABŞ rəsmi olaraq bəyan edib ki, hərbi qüvvələrinin yarısını Əfqanıstandan çıxarıb və bəzi hərbi qurğuları da Əfqanıstan hökumətinin nəzarətinə buraxıb. Lakin mövcud vəziyyət hesab edirəm ABŞ qüvvələrinin ölkədə yenidən cəmləşmə və fəaliyyətə başlamasına səbəb ola bilər. Baxmayaraq ki, ABŞ prezidenti Baydenlə Əşrəf Qani arasında görüş keçirilərkən hər iki tərəf hərbi qüvvələrin ölkədən tamamən çıxarılacağına dair razılıq əldə etmişdilər. Hətta ABŞ prezidenti Cosef Bayden əfqan xalqının öz taleyini özü həll edə biləcəyini Əfqanıstan prezidentinə bildirib. Buna baxmayaraq, tərəflər fors-major anında hərbi yardımın istisnasız olduğunu da vurğulayıb. O üzdən də ABŞ öz varlığını Taliban tərəfdarı olan qüvvələr, o cümlədən Rusiyaya hiss etdirmək üçün Taliban məntəqələrini bombalayıb.

Ümumiyyətlə proseslərə nəzər saldıqda onu demək olar ki, ABŞ-ın Əfqanıstanı tamamilə tərk etməsi inandırıcı deyil. Bunu Pentaqon rəsmiləri də bəyan ediblər ki, Əfqanıstanda 650-yə yaxın hərbi kontingentin saxlanılması nəzərdə tutulub.

– Ümumiyyətlə Talibanın bu qarşıdurmada əsas tələbi nədir, bütün bu qarşıdurma sonda hansı nəticəni verəcək?  

 – Məlumdur ki, Taliban hakimiyyəti ələ keçirmək və dövləti öz ideologiyasına uyğun idarə etmək istəyir. Taliban özünü üzdə islam yönlü təşkilat hesab etsə də, daxildə faşist düşüncəli terrorçu bir qruplaşmadır. Bu xüsusiyyət onun digər etnik azlıqlara, xüsusən də türklərə və türk-dilli xalqlara qarşı barışmaz mövqedə olması ilə təzahür edir.

Əfqanıstana gəldikdə isə burada milli məsələ ön planda durur. Hesab edirəm Talibanın hakimiyyəti tamamilə ələ keçirməsi Əfqanıstan üçün bir faciə ilə nəticələnə bilər. Buna baxmayaraq bu qarşıdurmalar Əfqanıstanda yeni siyasi hadisələr və tələblər meydana çıxaracaq.

Şərhlər bağlıdır.