KAMALƏDDİN QAFAROV: “RUHİ XƏSTƏDƏN İNCİMƏZLƏR!”

“Vladimir Jirinovskidən danışarkən onu Rusiya Dövlət Dumasının deputatı, üç ən böyük fraksiyadan birinin rəhbəri kimi təqdim etməyə adamın dili də gəlmir. Çünki hər zaman türk, Qafqaz və Orta Asiya xalqlarına qarşı açıq-aşkar düşmən mövqelərdən çıxış edən, irqçiliyi və şovinizmi özünün ideoloji bazası kimi təşviq edən bu xəstə ruhlu siyasi oyunbazın nə davranışı, nə də çıxışları heç zaman nə rus xalqına, nə də təmsil etdiyi ölkəyə baş ucalığı gətirməyib. Təsəvvür edin ki, bir ölkənin ali qanunverici orqanında təmsil olunan Duma deputatı elə həmin ölkənin hansısa federal ərazisində arzuolunmaz şəxs elan edilir. Bundan böyük rüsvayçılıq ola bilərmi? Jirinovski 2011-ci ildən Rusiya Federasiyasının subyekti olan Komi Respublikasında “persona non grata” elan olunub. Hələ mən Qazaxsatan və Qırğızıstanı demirəm…”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Jirinovskinin Azərbaycana və ümumilikdə Cənubi Qafqaza qarşı səsləndirdiyi ərazi iddiaları onun xəstə təxəyyülünün və pozulmuş psixologiyasının məhsulundan başqa bir şey deyil: “Bu günlərdə Jirinovskinin növbəti yeni sərsəmləmələrini mən də eşitdim. Təbii ki, onun bu kimi cəfəngiyat dolu çıxışları növbəti qalmaqal şousu yaratmaq həvəsində olan KİV mənsublarından başqa heç zaman, heç kəsi maraqlandırmayıb. Heç kəs də belə çıxışlara görə ondan inciməyib. Çünki bir məşhur rus deyiminə görə, xəstələrdən incimək olmaz (на больных не обижаются). Amma hər ehtimala qarşı bəzi məsələlərə aydınlıq gətirmək lazımdır ki, ən azından psixoloji durumundakı növbəti böhran vəziyyəti keçəndən sonra, əgər şüurunda müəyyən qədər aydınlıq yaranarsa, bəlkə o özü də bu məqamlar barədə bir qədər düşünər.

İlk növbədə Cənubi Qafqazı Rusiyanın nüfuz dairəsinə aid olan ərazi kimi təqdim etməsi barədə bir neçə kəlmə demək istəyirəm. Jirinovski buyurur ki, 200 il bu torpaqlar onların bayraqları altında mövcud olub. Görünür imperiya ab-havası hələ də onun başından çıxmayıb. Amma məsələyə bu kontekstdən yanaşılarsa, o zaman tarixin bir qədər də dərinliyinə gedək və 200 illik monqol-tatar istilasını da yada salaq. İndi bu xəstənin məntiqinə görə Rusiya da Monqolustanın nüfuz dairəsinə aid olmalıdır?

İkinci bir məsələ Jirinovskinin rus əsgərinə yan baxa biləcək hər kəsi təhdid etməsilə bağlıdır. Əvvəla, bu adam onu bilməlidir ki, bura Qafqazdır və burda dostun da, düşmənin də gözünün içinə hər zaman düz baxmağa adət ediblər. Bizimlə dost olan hər kəs bizdən yalnız xeyir görər. Amma ölkəmizə, dövlətimizə, müstəqilliyimizə qəsd etməyə qalxan hər kəsi də kimliyindən və kimin əsgəri olmasından asılı olmayaraq dərhal cəzalandırarıq. Düşünürəm ki, Jirinovski Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dövründə “müalicə olunurdu” və buna görə də baş verənlərdən məlumatlı deyil. Yoxsa belə bəyanatlar səsləndirib ölkələrimiz və xalqlarımız arasında nifaq salmağa çalışmazdı.”

K. Qafarov Jirinovskinin müstəqlliyimizə qarşı təhdid ünvanlamasına münasibət bildirərək deyib: “Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Jirinovskinin bütün bəyanatları onun təkcə xəstə ruhunun deyil, eləcə də ədəbsizliyinin, tərbiyəsizliyinin göstəricisi kimi qəbul edilir.

Təbii ki, bu cəhətlər onun son çıxışında da özünü aşkar büruzə verdi. İnanmıram ki, Azərbaycan Prezidentinə ədəbsiz formada xitab edən və ölkəmizi təhdid etməyə çalışan bu ədəbsiz xəstə fərd istisnasız olaraq, bütün Azərbaycan xalqının istənilən bir təhlükə qarşısında Prezident İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdiyindən xəbərdar olmasın. Məhz bu yumruq ötən il Jirinovskinin də qahmar çıxmağa çalışdığı erməni işğalçılarının başını əzdi və eyni aqibət Vətənimizə, dövlətimizə xor baxmağa cəsarət edə biləcək bütün düşmənləri gözləyir. Bundan hər kəs əmin ola bilər.”

Sonda Kamaləddin Qafarov KİV vasitəsilə Jirinovskiyə müraciət edərək deyib: “ Sən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi tanıdığını iddia edirsən. Buna şübhə etmirəm. Çünki o dahi şəxsiyyət sənin hələ “Mir” nəşriyyatının hüquq şöbəsində çalışdığın illərdə artıq SSRİ kimi nəhəng dövləti idarə edən əsas şəxslərdən biri idi və onu bütün dünya tanıyırdı. Amma Heydər Əliyevi tanımaq başqa, ondan nəyi isə öyrənmək, götürmək tam başqa. Əgər sən də vaxtında Heydər Əliyevdən azacıq bir şey olsa belə öyrənə bilsəydin, o zaman bu gün bəlkə də ürəyində eyni nifrəti bəslədiyin erməni faşistlərinin qarşına atdıqları yemə möhtac durumda olmazdın.”

Şərhlər bağlıdır.